Davudoğlunun yeni Azərbaycan planı

Davudoğlunun yeni Azərbaycan planı

Türkiyənin baş naziri Əhməd Davudoğlu Tehranda İran qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini müzakirə edəcək.


Aktual.az-ın Anspress-ə istinadən məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Artıq Türkiyə baş nazirinin İran səfəri başlayıb.

Diplomatik mənbələrdən verilən məlumatda bildirilir ki, Davudoğlu 5 əsas məsələni müzakirə edəcək. Qaz nəqli ilə yanaşı İrana sərmayə qoyuluşu, enerji kəmərləri, Suriya münaqişəsi və PYD qruplaşmasının fəaliyyətinin müzakirə olunacağı gözlənilir.

Rəsmi Ankara İranın təbii qazın qiymətlərini aşağı salacağı halda əlavə “mavi yanacaq” nəqlinin mümkün olacağını açıqlamışdı. Həmçinin İran qazı TANAP vasitəsi ilə Avropaya nəql edilə bilər. Çünki Rusiya ilə gərgin münasibətlər səbəbindən Avropa yeni enerji mənbələri axtarır.

Həmçinin Türkiyənin baş naziri Mövlud Çavuşoğlu Yunanıstanda həmkarı Nikos Kotziasla görüşü zamanı bildirib ki, bu gün ən real enerji layihəsi TANAP və onun davamı olan TAP layihəsidir.

Çavuşoğlu qeyd edib ki, Azərbaycanla birlikdə TANAP-ı nəzərdə tutulan vaxtdan əvvəl bitirmək üçün işləri sürətləndirmişik.

Ümumilikdə, Rusiya və Türkiyə arasında baş verən qırıcı qalmaqalından sonra rəsmi Ankara TANAP-ın tikintisinə marağı daha da artırıb. Çünki Türkiyə Rusiyanın nə vaxtsa qaz nəqlini dayandıracağından narahatdır.

İki ölkə arasında münasibət gərginləşdikdən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib. Hər iki rəsmi şəxsin Azərbaycan səfəri zamanı əsas müzakirə mövzularından biri TANAP qaz boru kəmərinin tikintisi olub. Davudoğlu Bakı səfəri zamanı bildirmişdi ki, TANAP layihəsi qarşılıqlı etibar sayəsində həyata keçirilir.

"Layihənin 2018-ci ildən tez bitməsi barədə razılaşmışıq. Gecə-gündüz çalışacağıq. TANAP layihəsi Avropa daxilində güclərə də təsir edəcək", - deyə Davudoğlu bildirib.

Hazırda isə Türkiyə layihəni daha da əhəmiyyətli etmək üçün yeni tərəfdaşlar tapmağa çalışır. Yeni dövlətlərin qoşulması həm də layihəyə çəkilən xərclərin bölüşdürülməsi ilə nəticələnir. Yəqin ki, İran kimi bir dövlətin TANAP-a qoşulması regiondakı bəzi dövlətləri narahat edəcək. Çünki İran qazının Avropaya və Türkiyəyə ixracı qitəyə “mavi yanacaq” satan dövlətlərin maraqlarına uyğun gəlmir.

Xəbər 901 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR