“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - BMT yanında nümayəndəlik

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”   - BMT yanında nümayəndəlik

“Ermənistan nümayəndə heyətinin BMT İnsan Hüquqları Şurasındakı çıxışı bu ölkənin prezidentinin bəyanatı ilə ziddiyyət təşkil edir”.

Aktual.az apa-ya istinadən xəbər verir ki, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin BMT İnsan Hüquqları Şurasının 31-ci sessiyasının yüksək səviyyəli seqmenti zamanı Ermənistan nümayəndə heyətinin çıxışına cavab olaraq yaydığı açıqlamada deyilir.

Bildirilir ki, 2015-ci ilin 26 sentyabrında Ermənistan prezidenti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Ermənistan ərazisi olduğunu iddia edib: “Biz qəti şəkildə bu yanlış hərbi bəyanatı pisləyirik. Bu bəyanat Ermənistanın BMT Nizamnaməsinin və beynəlxalq hüququn öhdəliklərini açıq şəkildə görməzliyə vurmasını, Ermənistanın Azərbaycana qarşı təcavüzünün yüksək səviyyədə təsdiqləndiyini və Ermənistan rəhbərliyinin problemin sülh yolu ilə həllindən uzaq olduğunu göstərir. Bu bəyanatda Ermənistan prezidenti ölkəsinin dünyanın ən çox hərbiləşmiş ərazilərdən biri olması ilə öyünüb”.

Qeyd olunur ki, münaqişənin həlli və effektiv etimad tədbirləri üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır: “Təmas xəttində insidentlərin araşdırılması mexanizminin hazırlanmasına gəlincə, qeyd etməliyik ki, bu insidentlərin əsas səbəbi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə mövcudluğudur. Bu araşdırma mexanizmi qoşunların çıxarılması planının bir hissəsi olmalıdır. Əks halda bu, həmsədr ölkələrin prezidentlərinin qəbuledilməz və dözülməz adlandırdığı “status-kvo”nun möhkəmlənməsinə gətirib çıxaracaq”.

Açıqlamada o da bildirilir ki, Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və hər zaman belə olacaq: “Biz torpaqlarımızın ələ keçirilməsi ilə heç vaxt barışmayacağıq. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenlik və ərazi bütövlüyü əsasında həll edilməlidir. Azərbaycan torpaqlarının hərbi yolla işğalı Ermənistanın arzuladığı siyasi nəticəyə gətirib çıxarmayacaq. Ermənistan bu həqiqətlə nə qədər tez barışsa, münaqişə bir o qədər tez həll olunacaq və region ölkələri, xalqları əməkdaşlıq və iqtisadi inkişafın perspektivlərindən faydalanacaq”.

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR