Parlament seçkilərindən bizi iki aydan az zaman kəsimi ayırsa da, əksər namizədlər seçki marafonuna start verməyib. Yeni Azərbaycan Partiyasının namizədlər siyahısını elan etməməsi buna əsas səbəb olsa da, bəziləri seçkilərdə iştirakla bağlı qəti qərara gəlməyiblər. Heç şübhəsiz bununla yanaşı seçkilərdə iştirak etmək niyyətində olmayan deputatlar da var.
Aktual.az-a daxil olan məlumata görə, hazırda parlamentdə təmsil olunan daha iki deputat noyabrın 1-də keçiriləcək seçkilərdə namizəd olaraq iştirak etməyəcək.
Bunlardan biri 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov, digəri isə 81 saylı Beyləqan seçki dairəsindən Milli Məclisin deputatı Ayaz Orucovdur.
Portalımızı məlumatlandıran mənbənin sözlərinə görə, hər iki deputat bundan öncə Yeni Azərbaycan Partiyasının xətti ilə namizəd olublar. Hazırda YAP-ın namizədlər siyahısı açıqlanmasa da, yəqin bilinən odur ki, adıçəkilən deputatlar hakim partiyanın siyahısında yer almayıb.
Xatırladaq ki, professor Rafiq Məmmədhəsənov Azərbaycan Dövlət Tibb Universitetinin prorektorudur.
Ayaz Orucov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb və bir müddət öncə bu vəzifədən də azad olunub.
Adnan/Aktual.az