125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Demokratik Azərbaycan Dünyası Partiyasının(DADP) sədri Əlisahib Hüseynov seçiciləriylə görüşəcək.
Görüş Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən Qubadlı rayon, Çaytumas kənd məktəb litseyinin həyətində 17 oktyabr saat 17:00-da olacaq. Əlisahib Hüseynov məcburi köçgünləri sahibkarlıq fəaliyyətində ssuda-kredit məsələlərinin həllində əmlak girov qoymaq məcburiyyətindən azad edəcək qanunun hazırlanmasına, məcburi köçgünlərin icbari tibbi sığortasının dövlət büdcəsi hesabına təmin ediləcəyinə, o cümlədən Zəngilan-Qubadlı köçgünlərinə Azərbaycanın müvafiq bölgələrində torpaq əkin sahələrinin ayrılmasını nəzərdə tutan qanunların qəbul olunmasına çalışacağını bildirir.
Partiya sədri eyni zamanda Dağlıq Qarabağa aid olmayan Zəngilan-Qubadlı rayonlarının qeyd-şərtsiz Milli Ordumuz tərəfindən azad edilməsi üçün istənilən vaxt döyüş əməliyyatlarının başlanılmasını dəstəkləyəcəyini qeyd edir.
Aktual.az