Azərbaycan Milli Konservatoriyasının Böyük zalında keçirilən "Cənginin sədaları” sinif konserti musiqisevərlərə yaddaqalan sənət saatları yaşatdı. Gecənin bədii rəhbəri və dirijoru – konservatoriyanın dissertantı, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi, yerli və beynəlxalq müsabiqələr laureatı Nəsibə Cəfərova idi.
Bu konsert hesabat xarakterli çıxışdan daha artıq məna daşıyırdı. Tədbir Nəsibə Cəfərovanın pedaqoji fəaliyyəti, yaradıcılıq baxışı və dirijor kimi formalaşmış peşəkarlığının təqdimatı oldu. Orkestri səhnədə məhz o idarə edir, ifalara dinamika, bütövlük və ifadə dərinliyi qazandırırdı.
Konsertdə çıxış edənlər sırasında konservatoriyanın elmi işlər üzrə prorektoru, professor, əməkdar incəsənət xadimi Lalə Hüseynova, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Sabir Rzayev, Azərbaycan xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti, professor Ağaverdi Paşayev, eləcə də xalq çalğı alətləri (muğam) kafedrasının müdiri, xalq artisti Malik Mansurov yer alıblar. Çıxışlarda Nəsibə Cəfərovanın həm müəllim, həm də musiqiçi kimi fəaliyyəti yüksək dəyərləndirilib.
Konsertin aparıcısı konservatoriyanın Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq məsələləri üzrə mütəxəssisi, Tələbə Elmi Cəmiyyətinin sədri, Üzeyir Hacıbəyli təqaüdçüsü Zeynəb Bağır olub.
Tədbirin əvvəlində "Cəngi” xalq çalğı alətləri ansamblının Özbəkistan səfəri və beynəlxalq uğurları haqqında məlumat verilib. Proqram isə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin "Cəngi” əsəri ilə başlayıb.
Tədbir boyu Azərbaycan bəstəkarlarının klassik və XX əsr nümunələri səsləndirilib. Fikrət Əmirovun "Kor ərəbin mahnısı” və "Rəqs”, Səid Rüstəmovun "Sərhədçilər marşı”, "Fasilə marşı” və "Qaytağı” əsərləri dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Diqqətəlayiq məqamlardan biri də bəzi əsərlərin orkestrləşdirilməsinin Nəsibə Cəfərova tərəfindən həyata keçirilməsi olub. Bu, konsertə onun şəxsi yaradıcılıq möhürünü vuraraq ifalara yeni çalar və fərdi interpretasiya qazandırıb.
Qeyd edək ki, Nəsibə Cəfərovanın orkestr quruculuğuna marağı tələbəlik illərindən başlayıb. O, hələ ikinci kursda oxuyarkən öz təşəbbüsü ilə fərdi orkestr yaratmış və ilk orkestrləşdirmə təcrübələrini həmin dövrdə formalaşdırmışdır. Bu gün isə həmin ideya peşəkar səviyyədə öz bəhrəsini verir.
Konsertə dəvətlilər arasında Azərbaycan Respublikasının xalq artisti, professor Gülnaz İsmayılova, professor, əməkdar incəsənət xadimi, konservatoriyanın Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Akif Quliyev, professor Məmmədağa Umudov və dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Hüseynova da olub.
"Cənginin sədaları” bir daha göstərdi ki, Nəsibə Cəfərova təkcə pedaqoq deyil, həm də peşəkar orkestr rəhbəri və dirijordur. Onun rəhbərliyi ilə gənc musiqiçilər Azərbaycan musiqisinin zəngin ənənələrini səhnədə inamla və yüksək səviyyədə təqdim etdilər. Bu axşam həm müəllimin, həm də yetirmələrinin uğur hekayəsi kimi yadda qaldı.
Xəbər 51 dəfə oxunub.