“Cəmiyyət bütövlükdə buna qarşı çıxacaq” - Fikrət Yusifov (Müsahibə)

“Cəmiyyət bütövlükdə buna qarşı çıxacaq”   - Fikrət Yusifov (Müsahibə)

“Seçkilərə qatılmaq haqqında heç vaxt düşünmədim”

“Əsəbləri davam gətirmədi, illərdir yararlandıqları “toxunulmazlıq statusu”ndan mərhum olunduqlarına dözməyib təhqirə keçdilər”

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Bizim Yol" qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Fikrət müəllim, rəhbərlik etdiyiniz təşkilat artıq bir ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində qarşıya qoyduğunuz məqsədləri nə dərəcədə reallaşdıra bilmisiniz?

- Təbii ki, hər hansı bir təşkilat yaradılarkən onun qarşısında konkret məqsədlər qoyulur, hədəflər müəyyənləşdirilir. Biz də öz təşkilatımızı yaradarkən qarşımıza konkret məqsədlər qoymuşduq. Mən uzun illər Azərbaycandan kənarda yaşasam da, ölkə mətbuatını həmişə yaxından izləyirdim. Hər dəfə iqtisadi mövzuları əhatə edən yazıları oxuyarkən belə bir qənaətə gəlirdim ki, mətbuatda iqtisadi məsələlər obyektiv araşdırılmır, birtərəfli yanaşmalarla müşahidə olunan təhlillər verilir. Yəni boşluq görürdüm bu sahədə. Görünən həm də o idi ki, bir neçə iqtisadçı bu sahəni inhisara alaraq cəmiyyətə dəqiqləşdirilməmiş rəqəmlər ötürür, siyasi maraqlara söykənən yazılarla çıxış edirlər. Bu adamlara tutarlı arqumentlərlə, real faktlara əsaslanan yazılarla cavab verilmirdi və nəticədə cəmiyətdə belə təsəvvür yaranırdı ki, həmin o 3-5 nəfərin dediyi həqiqətdir. Müşahidə edirdim ki, mətbuatda iqtisadçı-ekspert kimi çıxış edən adamların arasında bağlılıq və həmrəylik var. Bu adamlar bir-birnə pas ötürür və hökumətin guya yarıtmaz fəaliyyətini göstərən, əslində isə qeyri-dəqiq rəqəmələrin və ona söykənən yanlış informasiyaların daha çox tirajlanmasına dəstək verirdilər. Bir sözlə, kim nə istəyirdisə, onu da yazırdı. Təbi ki, bu cür yazılar iqtisadi biliyi zəif olan sadə vətəndaşlara əsl reallığın nədən ibarət olduğunu aydınlaşdırmağa imkan vermirdi və çaşqınlıq yaradırdı. Hakimiyyəti təmsil edən şəxslərin və hakim partiya nümayəndələrinin belə yazılara verdiyi cavablara da cəmiyyət ürək qızdırmırdı. İnsanlar düşünürdülər ki, bu sıradan olan adamlar da mütləq hökumətin atdığı addımları dəstəkləməlidirlər. Odur ki, uzun müşahidələrimizə əsaslanıb belə qənaətə gəldik ki, ölkənin real iqtisadi vəziyyətinə mütləq obyektiv qiymət verilməli və bu işi ancaq müstəqil bir təşkilat, hər hansı bir tərəfə siyasi bağlılığı olmayan şəxslər etməlidir. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin yaradılması da elə bu zərurətdən irəli gəldi.

- Dediyiniz boşluğu bu bir il ərzində aradan qaldıra bildinizmi?

- Bunun belə olub-olmadığını mən deyə bilmərəm. Qoy buna fəaliyyətimizi kənardan izləyənlər qiymət versinlər. Mən ancaq onu deyə bilərəm ki, biz iqtisadi reallıqları təhrif etmək yolu ilə cəmiyyəti çaşdırmağa hesablanmış yazıları heç bir halda cavabsız qoymamışıq. Obyektivlikdən uzaq, bəzi hallarda qərəzdən, bəzi hallarda isə sırf sıyasi maraqlardan irəli gələn yazılardakı rəqəmlərin uydurulduğunu və havadan götürüldüyünü dəqiq və təkzibolunmaz faktlarla üzə çıxarıb, həmin yazı müəlliflərini sağlam dialoqa da çağırmışıq. Demişik, gəlin, birgə masa arxasında oturaq, baxaq. Göstərin görək bu rəqəmləri haradan götürmüsünüz? Onları hansı iqtisadi metodikaya əsaslanıb hesablamısınız? Lakin daşdan səs çıxıb, bu adamlardan yox. Əvəzində iqtisadçılara xas olmayan davranış nümunələri gördük. Bəzilərinin əsəbi davam gətirmədi, illərdir yararlandıqları “toxunulmazlıq statusu”ndan mərhum olunduqlarına dözməyib təhqirə keçdilər. Təhqir edən qanun qarşısında cavab verəcək. Biz hüquqi dövlətdə yaşayırıq və hər bir kəs öz sözünün, öz əməlinin məsuliyytini daşımalıdır. Özü də çox qəribədir, əvvəlcə təhqir edir, sonra deyirlər ki, gəlin müzakirə aparaq, söhbət edək. Hesab edirik ki, təhqir səviyyəsinə enən birisi ilə diskusiya aparmaq mümkün deyil.

- Əslində belə diskussiyaları hər iki tərəfin çıxış etdiyi mətbuat orqanları da təşkil edə bilər. Bu, onu təşkil edən mətbuat orqanı üçün də maraqlı olar...

- Dediklərinizlə tam razıyam. Ancaq təəssüflər olsun ki, bizdə belə təcrübə yoxdur. Ötən bir il ərzində mətbuatdan bir dəfə də olsun belə təklif almadıq. Məsələn, bu yaxınlarda on ay ərzində əməkdaşlıq etdiyimiz nüfuzlu bir qəzet cəmiyyətə yanlış iqtisadi informasiyalar ötürən müəlliflərin yazılarını təkzib etdiyimiz və həmin müəlliflərin siyasi maraqlarına görə obyektiv təhlillər aparmadıqlarını sübut etdiyimiz üçün bizimlə əməkdaşlığı dayandırmaq qərarı verdi. Əməkdaşlığın dayandırılmasının motivi isə belə oldu: “Siz bizi dostlarımızla düşmən edirsiniz”. Düşünürəm ki, belə yanaşma obyektivlikdən çox uzaqdır və müzakirə olunan iqtisadi məsələlərə dair oxucuya əsl həqiqətin çatdırılmasına maraq göstərilməməsindən irəli gəlir. Obyektiv mövqedə dayanmağı seçim etmiş bir mətbu orqan müzakirəyə çıxarılmış məsələ ətrafında fərqli fikirlər söyləyən mütəxəssisləri redaksiyaya dəvət edib, dəyirmi masa təşkil edə və bununla kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirə bilərdi. “Siz bizi dostlarımızla düşmən edirsiniz”... Bu nə deməkdir? Məsələlərə belə primitiv yanaşmaq olarmı? Əgər sizin dostlarınız ayrı-ayrı xarici ölkələrin maraqlarından çıxış edib Azərbaycanın iqtisadi durum barədə düzgün olmayan təsəvvürlər yaratmağa çalışırlarsa, bu işin başında duranlardan biri Amerikada oturub ayda bir-iki dəfə ölkəmizə daş atmaqla məşğuldursa, biz buna göz yummalıyıq? Əgər kimlərsə jurnalistikanın qızıl prinsiplərini dost-qardaş, əqraba münasibətlərinə qurban verirsə, onda daha yaxşı olar ki, bunu açıq şəkildə dilə gətirsinlər və biz də işimizi bilək. Normalda müstəqil – obyektiv sayt, qəzet dostbazlıqdan, yerlibazlıqdan uzaq olmalıdır. Heç kəs özündən razı olmasın, rəsmi statistika ilə bu gün müstəqil mətbu orqanlar içərisində ən çox oxunan da elə “Bizim yol”-dur. Ondan sonrakı yerdə dayanan saytın oxunma sayı “Bizim yol”dan iki dəfə azdır.

- Qərbin Azərbaycanda demokratiya, söz və mətbuat azadlığı, insan haqları ilə bağlı basqıları son zamanlar bir xeyli artıb. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- İstərdim ki, bu suala bir qədər geniş cavab verim. Şübhəsiz, biz hüquqi dövlət qururuq. Bu səbəbdən də hər kəsin atdığı addımın, cəmiyyət qarşısında söylədiyi fikirlərin hüquqi söykəntisinin olması çox vacib şərtdir. Baxın, demokratiya beşiyi adlandırılan Qərbə. Vətəndaş ictimai yerdə davranış qaydalarını pozarsa, dərhal həbs oluna və ya polisin əmrlərinə tabe olmadığı halda yerindəcə güllələnə bilər. Belə halların baş verdiyini təsdiq edən yüzlərlə görüntülər var. Qanunların bu qədər həssaslığından biz hələ ki, uzaqda olsaq da, hüquqi dövlət qurmaq yolunu tutduğumuzdan, biz də qanunlarımızın həssaslığının artırılması, onların təsir gücünün yüksəldilməsinə doğru getməliyik. Qərb ölkələrini təmsil edənlərdən soruşmaq lazımdır: Siz qürrələndiyiniz və nümunə göstərdiyiniz demokratiyanıza necə və nə qədər vaxta nail olmusunuz? Bulirsiniz, hər bir məhsul öz yetişmə dövrünü təbii keçməlidir. Hər şey tədricən olmalıdır. Bu tədricilik ona görədir ki, biz Qərbin qanunlarla müəyyən etdiyi bəzi “ifrat həssaslıqları” təkrar etməyək, onları qəbul edərkən milli dəyərlərimizin deqradasiya olunmasına yol verməyək. Nəhəng şəhərlərin tikintisi qısa müddətə başa çatdırıla bilmədiyi kimi, insanların həyata baxışlarında əsaslı dönüşə gətirib çıxara biləcək şüurdakı inqilabların da qısa zamanda baş verməsi real deyil. Zaman göstərir ki, bu yolun əksini tutub tələskənliyə yol veriləndə bunun fəsadları çox ağır olur. Sizə bir misal göstərim. 1985-ci ildə Mixail Qorbaçov Sovetlər Birliyində yenidənqurma adı altında demokratik islahatlara start vermək istədi. Bu yolda ilk addımlardan biri “suxoy zakon” oldu. Qısa zaman kəsiyində SSRİ ərazisində bütün üzümlüklər ləğv edildi, spirtli içkilərin satışı kəskin azaldılmaqla yanaşı ciddi nəzarətə götürüldü. Nəticədə nə baş verdi? Bu qərardan heç 2 ay keçməmiş Rusiyada artıq hər kəsin evində “samoqon” istehsal edən sadə qurğular işə düşdü. Dünənə qədər mağazadan alınan spirtli içkinin hansı məhsuldan çəkildiyini bir o qədər dəqiq bilməyənlər artıq istədikləri məhsuldan içki hazırlamağa başladılar. Çox təhlükəli əks nəticə alındı. İnsanlar ağılsız, tələsik qərarın cavabını evlərdə daha ucuz və daha keyfiyyətli spirtli içki istehsalını təşkil etməklə cavab verdilər. Başqa bir misal. Yaxın Şərqdə demokratiya qurmaq adı altında qərbin təşkil etdiyi “ərəb baharı” bu xalqlara nə verdi? Həmin ölkələrdə illərdir qan tökülür və bunun sonunu kimsə görə bilmir. Baş verənlərin kökündə ciddi bir təbiilik var. “Demokratik inqilab” baş verən bu ölkələrdəki insanlar əsrlər boyu tamam başqa prinsiplərlərlə yaşayıblar. Fərqli dünya görüşünə və təfəkkürə malik insanların qısa müddət ərzində dəyişməsi, yeni standartlara uyğunlaşması mümkün deyil. Qərb ölkələri də bunu yaxşı bilirlər. Amma onların siyasi maraqları, nüfuz dairəsini genişləndirmək həvəsi və başqa bir dünya nəhəngini sıxışdırmaq istəyi ilə ərəb ölkələrini guya demokratikləşdirməyə çalışırdılar. Əvəzində isə həmin ölkələr qan çanağına, terror yuvalarına çevrildi. Sual olunur: Bu xalqlara belə demokratiya lazım idimi? Proseslər başlayanda düşünürdülərmi ki, demokratiyanın al bayrağı altında başlanan bu oyunlar hansı faciələrə səbəb olacaq? İndi oralarda sabitlik tamamilə itib, demokratiyanın heç işartısı da görünmür .

- Nəhayət Azərbaycana keçəkmi?..

- Azərbaycanla bağlı məsələ aydındır. Ölkəmizə qarşı sərgilənən mövqe heç bir halda ədalətli hesab oluna bilməz. Amerikanın və Avropanın demokratiya tarixinə baxın. Yüz illər sərf ediblər buna görə. İndi başqalarından tələb edirlər ki, bizim əsrlər boyunca formalaşmış ənənələrimizi siz bir neçə ilə mənimsəyin. Üç əsrə yaxın bir müddət ərzində qaradərilini yanında görməyi özünə təhqir sayanlar və ya ictimai nəqliyyatda biletsiz gedən sərnişinləri məhkəməsiz yerindəcə güllələyənlərin bugünkü bəyanatları, irəli sürdükləri tələblər, qəbul etdikləri qətnamələr əslində heç də insan haqlarına, söz və mətbuat azadlığına sayğıdan irəli gəlmir. Burada yeganə məqsəd Azərbaycanı özlərinə tabe etdirmək, onun müstəqil siyasətinə əngəllər yaratmaqdır. Sonuncu yazımızda da qeyd etmişik ki, dünyanın əksər ölkələrində olmayan azadlıqlar var Azərbaycanda. Hər kəs sərbəst şəkildə sosial şəbəklərdən istifadə edir. İnternet tamamilə azaddır. Kim nə istəyirsə, çəkir və Youtube-ye qoyub, yayır bütün dünyaya. Bunlar varkən, ölkədə söz azadlığının olmadığını, insanların öz fikirlərini ifadə edə bilmədiyini necə iddia etmək olar? Bizim öz inkişaf modelimiz var və elə həmin Qərb dairələrini də nararahat edən budur. Azırbaycanı geridə qalmış ərəb-müsəlman ölkələri ilə müqayisə etmək olmaz. Bizim dövlətçilik tariximiz, multikultural dəyərlərimiz və ənənələrimiz var. 70 illik kommunist əsarətindən sonra müstəqilliyimizi bərpa edib inkişaf yoluna qədəm qoymuşuq. Bu qısa müddət ərzində isə kifayət qədər ciddi nəticələr əldə etmişik . İstədiyimiz odur ki, kimsə bizi öz maraqlarının əsirinə, hansısa nüfuz savaşlarının iştirakçısına çevirməyə cəhd etməsinlər. Öz yolumuzla gedib demokratiyanın da, iqtisadi inkişafın da ən yüksək standartlarına çatacağıq. Müdaxilələr olacaqsa, bütövlükdə cəmiyyətimiz buna qarşı çıxacaq. Kənar qüvvələrin maliyyəsinə uyub öz dövlətinin maraqlarına qarşı çıxanlar tapılacaqsa, bunu da dövlətin xüsusi xidmət orqanları müəyyən edib qanunun tələb etdiyi şəkildə addımlar atılacaq.

- Siz fəaliyyətə başlayanda hər kəs düşününrdü ki, Fikrət Yusifov seçki kompaniyasına start verib. Ancaq deputatlığa namizədliyinizi irəli sürmədiniz...

- Bəli, mən də mətbuat səhifələrində belə fikirə rast gəlmişəm. Ancaq əsl həqiqət budur ki, mənim qarşımda heç vaxt belə bir məqsəd olmayıb. Bir mütəxəssis, bir iqtisadçı kimi fikirlərimi rəhbərlik etdiyim “Ekonomiks” BİAB-ın tribunasından cəmiyyətə çatdıra bilirəm. Bilirsiniz, əsas işin forması deyil, onun məzmunudur. Məsələlərə belə yanaşdığımdan seçkilərə getmək haqqında heç düşünmədim.

Xəbər 881 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR