Adama deyərlər, yaşından-başından utan. Siyahı yayanda elə siyahı yay ki, gülməli vəziyyətə düşməyəsən.
Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa qeydə alınan namizədlər seçkiqabağı təşviqat kampaniyasına başlayıblar. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 125 seçki dairəsi üzrə 1233 namizəd qeydə alınıb ki, bu da hər seçki dairəsi təxminən 10 namizəd deməkdir.
Milli Şuranın sədri Cəmil Həsənli eləməyib tənbəllik, “Milli Məclisə deputat seçiləcək” şəxslərin adını açıqlayıb. “Ümumiyyətlə seçki kampaniyası dövründə belə bir siyahının yayılması qanunidirmi və namizədlərin hüquqlarının pozulması demək deyilmi” sualını qoyaq bir kənara. Heç olmasa siyahı hazırlayanda elə siyahı yay ki, rəzil duruma düşməyəsən.
“Azərbaycan müxalifətinin lideri” yaydığı siyahıda gülməli, gülməli olduğu qədər də ağlamalı səhvlərə yol verib. Belə ki, cənab Həsənli 27 saylı ikinci Sabunçu seçki dairəsindən Əliyev Fuad Ağası oğlunun “deputat seçiləcəyini” iddia edib. Apardığımız araşdırmalar zamanı məlum olub ki, adıçəkilən dairədən yeddi namizəd qeydə alınıb ki, onların arasında Əliyev Fuad Ağası oğlu adlı şəxsin adı ümumiyyətlə yoxdur.
Nəzərə çatdıraq ki, qüvvədə olan Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq vətəndaşın deputatlığa namizədliyi qeydə alındıqdan sonra onun haqqında seçki prosesi ilə bağlı məlumatlar MSK-nın rəsmi saytında verilir.
Digər yandan C.Həsənli ekspertlər tərəfindən seçilmək ehtimalı olduqca aşağı qiymətləndirilən şəxslərdən birinin seçkilərdə “qalib” olacağını deyib. Görünür “qılığına girmək” üçün belə edib. Necə deyərlər, könlünü xoş etmək üçün.
Heç bilmirdik ki, deputatları seçicilər yox, Cəmil Həsənli seçirmiş. Özü də bu zaman qeydiyyata alınmaq əsas şərt deyilmiş. Əsas odur, Həsənlinin “siyahısı”nda olasan.
Gəlin, belə bir müqayisə aparaq. Tutaq ki, hər hansı dövlətdə siyasi ekspert belə bir siyahı hazırlayıb. Baxmayaraq ki, seçicilər arasında sorğu keçirmədən bu cür siyahıların yayılması beynəlxalq praktikada qəbul olunmur. Və sonra məlum olur ki, həmin siyahıda mövcud olmayan namizədin qalib gələcəyinə dair məqam əksini tapıb. Heç şübhəsiz həmin siyasi ekspert, sosioloji sorğu agentliyinin məsul şəxsi dərhal istefaya gedərdi. Bizdə isə Cəmil Həsənli kimilər, buna görə, nəinki istefa verir, hələ qorx ki, yeni siyahı yayıb, özünü təkzib eləsin. Haydı getdin, Cəmil Həsənli.
Azər Niftiyev