Cəlilabad rayonunun Şatırlı kənd sakini Anar Qasımov həyətyanı torpaq sahəsində əkin işləri apararkən maddi-mədəniyyət nümunələri üzə çıxıb.
Aktual.az APA-ya istinadən bildirir ki, A.Qasımov əvvəlcə tapıntının məişətdə işlədilən adi küp olduğunu zənn edib. Lakin həmin yerdə insan sümüklərinin də üzə çıxmasından sonra bunun küp qəbir olduğu məlum olub.
Belə ki, qəbirdən insan sümükləri ilə yanaşı, 70-dən çox müxtəlif rəngli və ölçülü bəzək əşyaları da tapılıb. Onların arasında muncuqlar, baş sancağı, gümüş üzük, boyunbağı da var.
Tarixçi Elşad Əmənovun sözlərinə görə, 80 sm diametrində olan küpün içərisində balıqqulağından hazırlanmış bəzək əşyalarının da olması faktına cənub bölgəsində bu tip qəbirlərdə ilk dəfədir, rast gəlinir. Onun qənaətincə, tapılmış sümükləri 9-12 yaşlı qız uşağının qalıqlarıdır.
Aşkarlanmış maddi-mədəniyyət nümunələri araşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib.
Cəlilabad Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, yaxın vaxtlarda ərazidə daha geniş arxeoloji tədqiqatların aparılması nəzərdə tutulub.