“Cəbrayılda mühasirəyə düşəndə qayıtsaydıq, düşmən gəlib oturacaqdı” - XTQ komandiri (VİDEO)

“Cəbrayılda mühasirəyə düşəndə qayıtsaydıq, düşmən gəlib oturacaqdı” - XTQ komandiri (VİDEO)

Onlar üçün daşıdığı formanın şərəfi və hərbi hissənin döyüş bayrağı həyatları qədər qiymətlidir. Silahdaşlarına da məsləklərinə olduğu kimi sona qədər sadiqdirlər. Çoxunun adını belə bilmirik. Yəqin ki, torpaqlarımızın bütövlüyünü təmin etməkdə iştirak edən bu qəhrəmanların əksəriyyətini heç vaxt tanımayacağıq da. Söhbət Xüsusi Təyinatlı Qüvvələrin mənsublarından gedir.

"Qafqazinfo”nun bugünkü həmsöhbəti onlardan biri - 14 yaşından hərb sahəsində olan XTQ-nin qrup komandiri, Vətən müharibəsi qazisi, kapitan Vasif Dilavərzadədir. 

Hazırda xidmətdən tərxis olunmuş və Medianın İnkişafı Agentliyində mütəxəssis kimi çalışan Dilavərzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. Müharibədən əvvəl də XTQ-də bir çox əməliyyatlarda iştirak edib. İlk geniş əməliyyatı isə 2016-cı ildə Talış kəndi istiqamətində Milli Qəhrəman Murad Mirzəyevin başçılığı altında həyata keçirilib. XTQ zabiti o vaxtdan daim hazırlığını davam etdirdiyini deyir: "Əks-hücum əməliyyatımız Murovdağ istiqamətində başladı, bir neçə düşmən postunu ələ keçirdik.


 
Növbəti hədəfimiz Kəlbəcər istiqaməti idi, lakin komandanlıq istiqaməti dəyişdi və Füzuli, daha sonra Cəbrayıl istiqamətində döyüşdük. Oktyabrın 4-də Cəbrayılın rayon mərkəzini azad etdik. Lakin düşmən də dayanmırdı, bir neçə dəfə əks-hücuma keçmək istədi və oktyabrın 8-də böyük qüvvə ilə - 200-dən çox şəxsi heyət, 10-a yaxın tankla hücuma keçdi. Bizim təqribən 30-a yaxın şəxsi heyətimiz var idi və rəhbərliyi Milli Qəhrəman polkovnik Şükür Həmidov edirdi. Şəxsi heyətimizdən də şəhid olanlar oldu, çox ağır döyüşlər keçdi. 4 saata yaxın döyüşdə düşməni məhv elədik, 5 düşmən tankını salamat ələ keçirdik.

2-3 dəfə mühasirədə qalmışdıq. Bu, elə bir vəziyyətdir ki, biz getmişik öz torpağımızı işğaldan azad edək, düşmən bizi mühasirəyə alıb. Mənə orada suallar verirdilər ki, komandir, nə edək, gerimi çəkilək, manevrmi edək? Bir söz dedim - biz torpağı azad etmişik, biz buradan çıxsaq, düşmən gəlib oturacaq. 

Sona qədər mühasirədə qaldıq, sonradan komandanlıqla fəaliyyətlər dəqiqləşdirildi, ona uyğun hərəkət etdik. Mümkün deyil ki, mühasirədəyik, çəkilək, müəyyən yerdən çıxaq gedək. Mən niyə aldığım torpağı təzədən verim ki?” 

V. Dilavərzadə bildirir ki, hətta erməni bölmə komandirlərinin öz aralarında qeydə alınan danışığı da XTQ mənsublarından necə qorxduqlarını aydın göstərir. Çarəsizcəsinə nə vaxt "Yaşma”nın gəlib onları məhv edəcəklərini gözləyirdilər. 

XTQ kapitanının azad etdiyi torpaqlara sonradan gedib-getmədiyi ilə maraqlanırıq. O, həmin torpaqlara gedib şəhid olan yoldaşlarının ölüm anını bir daha xatırlamaq istəmədiyini deyir: "Mənim neçə illik ailə dostlarım var idi, hamısı şəhid oldu. Vətən Müharibəsi Qəhrəmanı Arif Bədəlov elə yanımda şəhid oldu. 7 il bir yerdə oxuduğum Kamil Şirinov, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibov - hamısı neçə illik dostlarımız idi. Bu, bizə çox ağır təsir edir. Bəlkə də həmin vaxt elə də dərk eləmirdim, yaralanandan sonra fikirləşirdim ki, artıq dostlarım yoxdur. Onda çox çətin idi... O torpaqlara sonradan getməmişəm. Düzü, heç döyüşdüyüm yerlərə getmək də istəmirəm, o xatirələrə qayıtmaq istəmirəm. Əslində, özümə görə yox, bəlkə də gedib yaralandığım yerə baxmaq istəyərəm - qanım qalıbmı o torpaqlarda, yoxsa qalmayıb?! Amma istəmirəm yoldaşlarımın şəhid olduğu yerləri bir də görüm. Bəlkə də Şuşaya getmək istəyərəm, amma döyüşdüyüm o torpaqlara yox”. 

V. Dilavərzadə Cəbrayılda mərmi zərbəsi nəticəsində yaralanıb. İki damarını qəlpə aparan döyüşçü həkimlərimizin sayəsində həyatda qaldığını deyir. Gecə-gündüz səfərbər olan tibb işçiləri ayağını bütünlüklə kəsilməkdən xilas ediblər. Ancaq ayağı pəncə hissəsindən amputasiya edilib.   

Həmsöhbətimiz deyir ki, yaralanıb döyüş meydanından çıxanda huşu özündə olub. Onu ermənilərdən qənimət alınmış maşınla təxliyyə ediblər. Keçmiş təmas xəttinə qədər gəldikləri xeyli yol onda sevinc hissi oyadıb. O zaman anlayıb ki, artıq torpaqlarımızın böyük hissəsi düşməndən azad olunub. XTQ zabiti tez-tez şəhid yoldaşlarını yuxuda gördüyünü bildirir: "Döyüşdə kütləvi mərmi yağırdı. Hospitalda yatdığım müddətdə yuxuda ancaq mərmi görürdüm. Gözümü yumurdum, pəncərə bərk vurulurdu, elə bilirdim mərmi səsidir. Yuxuda görürdüm ki, hospitala mərmi atırlar. Bir müddətdən sonra keçdi. İndi daha döyüş epizodlarını görmürəm, ancaq şəhid yoldaşlarımı görürəm. Bu qələbə bizə yuxu kimi gəlir. Arada deyirəm ki, kaş yuxudan ayılardım, görərdim ki, bütün yoldaşlarım yanımdadır, mən xidmətdəyəm. Müharibədə bütün gedişatı görmüşəm, kim necə yaralanıb bilirəm. Müharibə başlasın və mən onları qoymayım, deyim sən burada durma, sən oradan get və sair. Kaş hamısını saxlaya bilərdim...

Müharibədə öz canımı heç bir qram da fikirləşmirdim, fikirləşirdim ki, şəxsi heyətimə heç nə olmasın, heç kimi itirməyim. Qarşıdan qələbəmizin ildönümü gəlir, bunların hamısını biz şəhidlərimizə borcluyuq. Qoy onların ruhu şad olsun ki, biz onların sayəsində bu gün torpaqlarımıza qayıda bildik. İnsan həyata bir dəfə gəlir, onlar gözlərini qırpmadan canlarını vətənə fəda elədilər. İndi biz torpaqlarımıza qayıtmışıq, yəqin ki, onlar bizə cənnətdən baxıb sevinirlər”.

V. Dilavərzadə müharibədə göstərdiyi şücaətə görə "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Yaralanması onu illərdir xidmət etdiyi hərb sənətindən ayırsa da, hazırkı işindən də məmnundur. Əvvəlcə bu iş ona yad görünsə də, artıq yeni işinə öyrəşib: "Evdə müalicə alırdım, işimdən zəng edib yüngül iş olsa işləyə bilərəmmi deyə soruşdular. Razılığımı bildirdim. CV yazıb göndərdim və bir müddətdən sonra MEDİA Agentliyindən zəng etdilər. Agentliyin sədri Əhməd müəllimlə görüşdüm, o məni Sənədlərlə iş şöbəsinə işə dəvət etdi. Düzü bildirdim ki, hərbçiyəm, jurnalistika ilə əlaqəm olmayıb. Dedi narahat olmayım, burada işi öyrədəcəklər. Möhlət verildi, 2 aya yaxın müalicəmi davam etdirdim və hazırda mütəxəssis vəzifəsində çalışıram. 

Ayağımda problem var, düzgün yeriyə bilmirəm, digər işlərdə çətin ki, çalışa bilərdim. Burada iş məni qane edir, əməkhaqqım normaldır. Könül istərdi ki, qayıdım əvvəlki kimi xidmətə, amma belə alındı...”


Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR