Şamaxının icra başçısı Asif Ağayev insanların qınağına tuş gəlib Şamaxı rayonunda əhalinin dolanışıq səviyyəsi gündən-günə daha da pisləşir. İcra başçısı Asif Ağayevdən narazı qalan sakinlər nə edəcəklərini bilmirlər.
Sakinlərin bu günlərdə mətbuata bildirdiyinə görə, icra başçısının Qarabağda gedən müharibə günlərində başı imarətini tikdirməyə və bahalı maşınında gəzməyə qarışıb. A.Ağayevin Şamaxının sosial problemləri ilə maraqlanmadığını deyən sakinlər qeyd ediblər ki, icra başçısı küçələrin hansı vəziyyətdə olmasına xəbərsizdir. Avtomobilində bu yollardan keçən başçı həmin küçələrdə insanların çəkdiyi zülm-zilləti vecinə də almır. Sakinlər məktubda yazıb ki, icra başçısı ilə həmin küçələri birlikdə gəzməyə hazırdırlar. Onların dediyinə görə, Şamaxıda səngər qazmağa ehtiyac qalmayıb: “Çünki yollar müharibə şəraitinə uyğundur. Milyonlarla vəsaitlər havaya sovrulub, büdcədən silinib, icra başçısının və oğlunun şahənşah həyat tərzinin yaxşılaşmasına sərf edilib. Nəticədə Şamaxının yolları fəlakət içindədir. Asif Ağayev 1 saat gəzməklə bu küçələri Suriyadan fərqləndirməz”.
Vətəndaşlar həmçinin bildirib ki, tezliklə müvafiq araşdırmalara başlansın: “Rayonun Bakı, N.Nəcəfov, Əliyarbəyov, Mümtaz, C.Məmmədquluzadə, Novruz, Axundov, 28 May, Sarı torpaq, Ə.Əzizov, H.Ciddi, Əzizbəyov, Xətai, Sabir, Füzuli, Y.Kələntərli, Fələki, H.Aslanov, Nəsimi, Koroğlu, Q.Nəbi, M.Müşviq, Qız Qalası, Gülüstan, A.Bayramov, F.Məlikov, A.Bilal, A.Məmmədağa, Naseh, M.Hadi, H.Məmmədov, C.Cabbarlı, İbrahimbəyov və onlarla belə küçələri gəzsin. Bu yollar keçilməzdir. Qeyd edək ki, Şamaxının icra başçısı ilə bağlı araşdırmalar başlana bilər.
Deyilənə görə, şikayətlərin ardı-arası kəsilmədiyi üçün Asif Ağayevin rayon İcra Hakimiyyətində fəaliyyətinin təftişi gözlənilir. Yada salaq ki, dövlət büdcəsindən RİH-nə ayrılan vəsaitlərin hansı şəkildə xərclənməsi Hesablama Palatası tərəfindən yoxlana bilər. RİH-nin Şamaxıda abadlıq-quruculuq işləri altında vəsaitləri mənimsəməsi, ayrı-ayrı məmurların yol verdiyi maxinasiyalarda icra başçısının xüsusi payı olduğu bildirilir. Yaxın günlərdə Hesablama Palatası tərəfindən Şamaxı RİH-də yoxlamalar olacağı istisna edilmir.
Son günlər A.Ağayevin villalarının fotolarının yayımlanacağı xəbərləri başçını həyəcanlandırıb. İcra başçısının rayonun Nağaraxana kəndində malikanələr tikdirməsi barədə son günlər ictimailəşən xəbərlər, habelə oğlunun “Leksus” markalı avtomobili sürməsi haqda yazılanlar A.Ağayevi narahat edib. Bildirilir ki, cəbhə xəttində baş verənlərə baxmayaraq icra başçısının başı öz imarətlərinin tikintisinə qarışıb. Ölkənin və dünyanın gündəmində olan Qarabağ savaşı günlərində A.Ağayevin villalarının şəkillərinin yayılacağı təqdirdə icra başçısı üçün yaxşı perspektiv vəd etməz. Məlumata görə, icra başçısı Nağaraxana kənd üzrə nümayəndəsi Abı Həsənovu yanına çağırıb. A.Ağayev ondan yazılara son qoyulmasını tələb edib. A.Həsənov kənddə keçirdiyi yığıncaqda icra başçısının göstərişini diqqətə çatdırıb. İcra hakiminin oğlunun 10 AA 800 dövlət nömrə nişanlı “Leksus” markalı avtomobil istifadə etməsi də əndişələndirib.
Mənbə qeyd edib ki, artıq Nağaraxana kənd sakinləri Prezident Administrasiyasına müraciət ünvanlayıb. Müraciətdə icra başçısının hansı vəsait hesabına villalar tikdirməsinin araşdırılması istənilib. Həmçinin, həmin villa və oğluna aid maşının fotolarının yaxın günlərdə redaksiyamıza təqdim olunacağı bildirilib. Xatırladaq ki, Asif Ağayev rayonun Nağaraxana kəndində özünə dəbdəbəli saray tikdirir. Prezident İlham Əliyev məmurları dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa dəvət etsə də, A.Ağayev dövlət başçısının sözlərinə əhəmiyyət verməyib. Rayonda imarətlərinin sayını artırmaqdan gözü doymayan icra hakiminin növbəti villası Nağaraxana kəndində ucaldılacaq. A.Ağayev ictimaiyyət qarşısında özünü sakit təbiətli biri kimi təqdim etməyə çalışsa da, onun arxada hansı işlər çevirdiyi bir-bir de-şifrə olunur.
Nağaraxana kənd sakinlərinin problemləri ilə maraqlanmayan, onların dərdinə şərik çıxmayan icra başçısı bu kənddə özünə villa tikdirməyə imkan tapa bilib. Dövlət məmuru kimi min manatdan çox maaş almayan A.Ağayevin hansı vəsaitlə villa tikdirməsi qaranlıq deyil. Şamaxıdakı biznesi və büdcə pullarının mənimsənilməsi dövlət məmurunun oliqarx həyat tərzi yaşamasına şərait yaradıb.Bundan başqa, oğluna 150 min manata lüks maşın, aşpazına vəzifə və geniş imkanlar yaradan icra hakiminin Nağaraxana kəndində bu günə kimi çoxlu özbaşınalıqları olub. Belə ki, rayonun “Kirovka” – indiki Nağaraxana kəndinin inzibati ərazisinə düşən və “Nənə bulağı” kimi məşhur olan yeganə təmiz içməli su mənbəyi (meşə zolağı da daxil olmaqla, qədim qəbiristanlıq, göl və s.) üst-üstə 100 hektar torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilib. Kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilib. Kənd çamaatına özünün təhkimili təəbələri kimi baxan icra nümayəndəsi Nağaraxananın bütövlükdə işğal edib. Şikayətçilər iddia edir ki, A.Həsənov illərlə kəndin pay torpaqlarını ələ keçirib. Bu zaman A. Həsənov muxtəlif vasitələrdən istifadə edib. Bəzi kənd sakinlərini pulla şirnikləndirib, bəzilərini isə savadsızlığından bəhrələnib. Nəticə də adi icra nümayəndəsi Nağaraxana kimi səfalı və Bakıda olan oliqarxların belə tamah saldığı bir kənddən hektarlarla belə torpaqlara sahib olub. Qarşı tərəfi də dinləməyə hazırıq. Gundelik-baku.com