“Cəbhədə hərbi qarşıdurma bu il bərpa olunacaq”- POLİTOLOQDAN QARABAĞ PROQNOZU

“Cəbhədə hərbi qarşıdurma bu il bərpa olunacaq”- POLİTOLOQDAN QARABAĞ PROQNOZU

"2016-ci il Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədiyinə görə aprel ayında cəbhə xəttində hərbi qarşıdurmaya səbəb oldu”.

Cebhe.info-nun məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.



O qeyd edib ki, 23 ildən artıqdır ki, Minsk qrupunun diplomatik fəaliyyəti status-kvonun saxlanması ilə nəticələnib:

"Məhz ona görə də işğalçı Ermənistan daima Minsk qrupunun fəaliyyətindən razı, işğala məruz qalan Azərbaycan isə narazı olub. Bu, o deməkdir ki, bu illər ərzində aparılan danışıqlar prosesi ikili standartlar səviyyəsində həyata keçirilib. Azərbaycan bu il danışıqlarda maksimum nəticə əldə etmək üçün Minsk qrupunun həmsədrlərindən konkret mövqe tələb etməlidir.

Hazırda Ermənistan danışıqlar masasına gəlməkdən yayınmaqdadır. Minsk qrupunun artıq ABŞ və Fransadan olan yeni həmsədrləri təyin olunub. Həmçinin bu il ATƏT-in sədrliyi Almaniyadan Avstriya keçib. Avstriya və yeni həmsədrlər bir müddət Ermənistanı danışıqlar masasına gətirmək üçün səylərini işə salacaq. Ermənistanın isə, apreldə keçiriləcək parlament seçkisindən sonra danışıqlara qatılacağı gözlənilir”.

Politoloqun sözlərinə görə, ABŞ-ın yeni həmsədri Riçard Hoqland münaqişənin nizamlanmasında ABŞ-ın yeni administrasiyasını təmsil edəcək:
"Həmsədrin fəaliyyəti ABŞ-ın Cənubi Qafqaz regionunda xüsusən Dağlıq Qarabağ münaqişəsində hansı siyasəti aparmasından asılı olacaq. Tramp Obama administrasiyası kimi, Qafqaz regionuna ötəri baxacaqsa, səfirin fəaliyyəti qənaətbəxş olmayacaq. Sələfi Urolik kimi danışıqlar naminə prosesdə iştirak edəcək. 

Fransanın yeni həmsədri Stefan Viskontinin fəaliyyətinə gəldikdə isə, bu Fransanın ənənəvi mövqeyi kimi sadəcə danışıqlar naminə prosesdə iştirak etmək olacaq. Fransa həmişə olduğu kimi prezidentləri Parisdə danışıqlara dəvət edə bilər. ATƏT-in sədri Avstriya yalnız prezidentlərin görüşün təşkil edəcək. Bundan artıq, münaqişədə hər hansı rolu mümkün görünmür.

Qeyd edim ki, ABŞ və Rusiyanın Cənubi Qafqaz siyasətində toqquşma olsa da, iki dövlət hələ ki Qarabağ münaqişəsindən ortaq mövqedən çıxış etməkdədir. İki dövlətin mövqeyi Azərbaycanla uyğun deyil. Bu il münaqişənin həllində irəlləyiş olmasa, Ermənistana təzyiq edilməsə, cəbhədə hərbi qarşıdurma bərpa olunacaq. Azərbaycan silah arsenalını gücləndirir və bu silahlar torpaqları işğaldan azad edilməsi üçün alınır”.
 
Aktual.az
Xəbər 1370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR