"ATV maqazin" verilişinin aparıcısı Nərgiz Vahabqızının qafqazinfo-ya müsahibəsi:
- "ATV maqazin" verilişində yeni mövsümdə hansı yeniliklər olacaq?
- "ATV maqazin"in formatında dəyişiklik olacaq, yeni rubrikalar əlavə olunub. Bunlardan biri geyim rubrikasıdır. Müğənnilərin geyimlərinin mənfi və müsbət tərəflərini göstərəcəyik, hətta qiymətləri ilə maraqlanacağıq. Bu nüanslar tamaşaçıların marağındadır. Yeni layihələrdə yer almayacam. Kifayət qədər efirim var, hava proqnozu, maqazin proqramı təqdim edirəm, seriala çəkilirəm. Düşünürəm ki, bunlar yetərlidir.
- "Qız atası" serialındakı obrazınızdan danışaq. Səbinə obrazı Nərgizə nə qədər yaxındır?
- Serialın ən çox döyülən, saçı yolunan, şıltaq simasıyam. Serialda o qədər döyülürəm ki, artıq tamaşaçılar məni yolda görəndə vuraraq çağırırlar. Aktrisalıq mənim hobbimdir, seriala təklif alanda çox tərəddüd etdim, vaxt istədim. Aktrisalıq uşaqlıq arzum idi, hər kəs uşaq yaşlarında böyüyəndə məşhur olmaq istəyir. Serialda oynamıram, öz həyatımı canlandırıram. Düşünürəm ki, alınır.
- Nərgiz həyatda necə xanımdır?
- Deyib-gülən, pozitiv insanam. Tanımadığım insanlara qarşı isə çox ciddiyəm, zarafatı ancaq dostlarımla edirəm. Tanımadığım insanın zarafatını qəbul etmirəm, o şəxslə münasibət qurmağım mümkün deyil. Bəzən bunu özündən razılıq kimi qəbul edirlər, amma tanımadığım insanın zarafatını sırtıqlıq kimi qəbul edirəm.
- Nərgizə verilən ən bahalı hədiyyənin qiyməti nə qədər olub?
- Mənə 101 də, 1001 də qızılgül hədiyyə verilib, gülü bəylərdən almağı sevirəm. Özüm də xanımlara gül hədiyyə etmirəm. Ən bahalı hədiyyənin qiymətini bilmirəm, amma 30 min civarında olduğunu düşünürəm. Tanımadığım şəxs göndərmişdi, qəbul etmədim, geri qaytardım. Dostlarım 5-6 min qiyməti olan zinət əşyası hədiyyə ediblər.
- Nə zaman ailə həyatı qurmağı düşünürsüz?
- Son zamanlar bu sualı mənə çox verirlər. Deyəsən, evdə qalmışam. Ailə qurmaq hər xanımın arzusudur. Ərə gedə biləcəyim şəxs qarşıma çıxmayıb. Qismətə, alın yazısına inanıram. Amma hər şeyi qismətə bağlamıram, biri borca düşübsə, bu qismət deyil, onun səhvidir.
- Ailə quracağınız bəy necə biri olmalıdır?
- Yaxşı insan olsun, mənə hörmət etməyi bacarsın. Bu, mənin üçün dünyada ən dəyərli nüansdır.
- Bəs sizi aparıcılıqdan, aktrisalıqdan uzaqlaşdırsa, razılaşarsız?
- Aktrisalıq mənim peşəm deyil, aparıcılıq işimdir. Ola bilər ki, bir müddət efirdən uzaqlaşım, amma aparıcılıqda uzaqlaşmaq istəmirəm. Mənə nəyisə qadağan edəndə daha çox ona meyl edirəm. Yaxşı olar ki, mənə qadağa qoymasın, özüm işimdən uzaqlaşım. Bu sualın qarşısında acizəm. Aparıcılığa atacağımı düşünmürəm.
/ Aktual.az