Şəhriyar Əkbərli
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxaql Qran-pri turnirində qarışıq döyüşlərlə bərabər peşəkar boksçular da güclərini sınadılar.
Almaniyada yaşayan peşəkar boksçumuz Cavad xan ləqəbli Azad Əzizov rinqə adəti üzrə, Sami Yusifin ingilis dilində ifa etdiyi, xalq mahnısı “Sarı gəlin”in sədaları altında çıxdı. Rinqdə isə artıq onu Ohayo ştatından olan boksçu Con Edison gözləyirdi. EL-1 boks klubunun təşkilatçılığı ilə keçirilən döyüşü Almaniyadan olan referi idarə edirdi. Döyüş öncəsi ABŞ və Azərbaycanın dövlət bayraqları rinqə gətirildi, dövlət himnləri səsləndirildi.
Birinci raund fiziki cəhətdən daha güclü görünən ABŞ boksçusunun üstünlüyü ilə başladı. Amma rəqibini tam qiymətləndirə bilməyən Edison çox keçmədi ki, Cavad xanın qara ciyər nahiysəsindən endirdiyi ağır zərbə ilə cəzalandırıldı. İkinci raunda da Con super güc obrazını qorumağa cəhd göstərdi. Üçüncü raund başlar-başlamaz isə Cavad xan hiss etdirdi ki, məsələni növbəti raundlara daşımaq fikrində deyil. Fürsət tapdığı anda rəqibin dizlərini yerə gətirdi. Hakim Edisonla döyüşü davam etdirmək əzmində olduğunu dəqiqləşdirdi. Con ayağa qalxaraq döyüşü davam etdirmək fikrində olduğunu bildirsə də bu, çox uzun sürmədi. Hakimin başla işarəsindən həmən, qəzəblənmiş Cavad xan amerikalını günəş nöqtəsindən endirdiyi ağır zərbəylə növbəti dəfə qarşısında diz çökməyə vadar etdi.
Rəqibi üzərində nokdaunla qələbə çalan Azad Əzizov boksçu karyerasında 29-cu zəfərini öz doğma Vətənində bayram etdi. Növbəti qızıl kəməri belinə bağlayan idmançımız Heydər Əliyev kubokunu da başı üzərinə qaldırdı.
Döyüşdən sonra ABŞ-ın yumruq ustası Con Edisonun Tezxəbər İnformasiya Portalına verdiyi müsahibəsində bildirdi ki, rəqibini yetərincə qiymətləndirməyi bacarmayıb:
-Bilirsiniz, mənim mədəmdə bir az problemlərim vardı. Ağrılar məni tam gücümlə döyüşməyə imkan vermədi. Amma Azad Əzizov yetərincə peşəkar boksçudur. Mən hiss etdim ki, o təkcə döyüş deyil, düşüncədəki səhvləri də bağışlamır.
-Siz Azad haqda məlumatlıydınızmı, onun döyüş texnikası ilə tanışlığınız vardım?
-Azadı mən hələ Almaniyadan tanıyıram. Döyüşlərini izləmişəm, gözüm yemişdi onu, amma rinqdə hər şey fərqli də ola bilir.
-Azərbaycanlı idmançı ilə yenidən döyüşmək fikriniz varmı?
-Bayaq da dedim, mənim mədəmdə bir az problemlərim vardı. Ona görə də Azdala hökmən yenidən döyüşəcəm. Mən onu yenidən rinqdə gözləyirəm! Xatırladım ki, mən 22 döyüş keçirmişəm indiyə kimi. Dörd kuboku elə Almaniyada qazanmışam, Mayamidə isə 5 çempinluq savaşım baş tutub. Revanş haqda ciddi düşünürəm, Azad hazır olsun, kəməri ondan almaq fikrim qətidir.
-Çox sağ olun müahibə üçün, sizə Mayamidə uğurlar arzulayırıq.
-(gülür) Minnətdaram, siz də sağ olun. Kəməri Mayamiyə qədər saxlamaq fikrində deyiləm.
Fürsət düşəh kimi, Azad Əzizovla döyüş haqda bir neçə kəlmə danışdıq və rəqibinin onu təkrar döyüşə çağırdığını da bildirdik:
-Azad, təbrik edirik, necəsən, özünü necə hiss edirsən?
-Minnətdaram, çox gözəl, qələbə təntənəsi və Vətən havası, ikisi birlikdə olduqca gözəldir.
-Con Edison necə rəqib idi, çox çətin olmadı ki?
-Qələbəmdə əsas rolu yenə hazırlığım oynadı. Həmişə olduğu kimi, görüşə ciddi hazırlaşmışdım. Təbii ki, rəqib də asan keçiləsi boksçu deyildi. Amma döyüşə ancaq qələbə üçün çıxmışdım. Döyüşdən əvvəl də söyləmişdim ki, qalib gələcəyəm. Buna mənim kifayət qədər səbəbim vardı. Birincisi, çoxdan idi ki, əsil döyüş üçün susamışdım. İkincisi, Vətən torpağı adama əlavə güc verir. Ən başlıcası isə, xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin şərəfinə düzənlənmiş bir döyüşü ancaq qələbə ilə tərk etməliydim. O, bizə ancaq qalib ruhunu aşılayıb, çox sevinirəm, hamını təbrik edirəm! Döyüşün bütün təşkilatçılarına da öz dərin təşəkkürümü çatdırıram. Məni dəstəkləyən tamaşaçılara da minnətdarlığımı bildirirəm.
-Amerikalı bizə müsahibəsində səni yenidən rinqə dəvət etdi, bildirdi ki, bizim döyüşümüz hələ bitməyib.
-Şərəf vermiş olar, amma necə deyərlər, onun gözünün odunu almışam. O mənimçün artıq keçilmiş yoldur!
- Müsahibə üçün çox sağ ol, bir daha təbrik edirik, uğurların bol olsun!
-Sağ olun, bir daha hamıya təşəkkürlərimi çatdırıram və bütün qələbələrim Azərbaycan adınadır!
Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş beyəlxalq Qran-pri turnirində qarışıq döyüşlər üzrə qalib isə İran İslam Respublikasının idmançısı dəfələrlə dünya çempionu olmuş Sina Hero oldu. Sonda bütün qaliblər mükafatlandırıldı.