"Cavab veririk və verməliyik də" Nizami Cəfərov


“I Avropa Yay Oyunları çox böyük tarixi hadisədir. Bu Azərbaycanın da, dünyanın da tarixində həmişə qalacaq. Bu şübhəsizdir”. 

Aktual.az xəbər verir ki, bu fikri hafta.az-a  millət vəkili Nizami Cəfərov deyib. O bildirib ki, müxtəlif qüvvələrin həm daxildən, həm də xaricdən fəaliyyəti, guya oyunlara mənfi münasibət bəsləməsi gözləniləndir:

“Nəzərə almaq lazımdır ki, bu ilk belə hal deyil. Dəfələrlə Azərbaycanda olan beynəlxalq tədbirlərə gözügötürməzlik mövqeyindən münasibətlər ifadə edilib. Biz artıq bilirik ki, dünyada təkcə mütərəqqi hadisələri alqışlayanlar deyil, həm də ona qarşı çıxanlar olub. Bunun da məzmunu və mahiyyəti məlumdur. Çünki dünyada qütbləşmələr, qarşılıqlı iddialar, fərqli münasibətlər var. Azərbaycan da artıq buna öyrəşib. İstər beynəlxalq qurumlar səviyyəsində, istər ayrı-ayrı siyasi klublar səviyyəsində, istərsə də ayrı şəxslərin iddiasına qarşı Azərbaycanın özündə müqavimət immuniteti formalaşıb. Yəni müqavimət və mübarizə imkanlarımız formalaşıb. Odur ki, bu siz deyən təhlükə hesab olunmur. Ancaq hər halda reaksiyalardır, biz də onlara cavab veririk və verməliyik də”.

Millət vəkili bildirib ki, bununla belə bizim görmək olduğumuz əsas işlər bu deyil:

“Əsas məsələ I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə və müvəffəqiyyətlə keçirilməsidir. Onun üçün də kifayət qədər ciddi hazırlıq işləri görülüb. Həm də oyunlar başlamazdan öncə Azərbaycan dünyada təbliğ olunur, Azərbaycanın mövqeyi yüksəlir. Əslində belə bir tədbiri keçirməyə resursu və imkanı olmaq dünyada tanınmaq deməkdir. Nəzərə alın ki, indiyə qədər harada olimpiya oyunları keçirilibsə, həmin şəhər və ölkə dünyada məşhurlaşıb. Bu günə qədər də biz xatırlayırıq ki, hansı ildə olimpiya hansı şəhərdə keçirilib. Bu elə birinci şərtdir ki, oyunlara başlayana qədər bu səviyyədə təbliğat və tanınma prosesi baş verib. İndi məsələnin infrastruktur tərəfi də var. Böyük infrastruktur qurulub və bu uzun illər azərbaycanlı gənclərin xidmətində olacaq. Həmçinin, məsələnin mədəni tərəfindən iqtisadi istiqamətə qədər məqamları var. Yəni burada təkcə nüfuz məsələsi yoxdur. Oyunlarla bağlı ölkəyə turistlər gələcək, onlar ölkə ilə maraqlanacaq, gedib öz şəhərlərində Azərbaycan haqqında fikirlər söyləyəcək. Yəni bu qədər böyük və ciddi işlərin müqabilində hər hansı etiraz dördüncü dərəcəli məsələdir”.

Aktual.az

Xəbər 1287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR