Azər Sarıyev
Rəhmətlik Canıyevin qətli Rusiya-Türkiyə yaxınlaşmasına barmaq silkələmək imiş. Bunu deyən bəzi ədiblər həm də siyasi şərhçiliklə məşğul olmaq istəyirlərsə, bilməlidirlər: Politologiyanın üç əsas sualı var: Nə baş verir? Niyə baş verir? Nə olacaq?
Yəni siyasi təhlil zamanı irəli sürülən ehtimal əsaslandırılmalıdır. Bu, şeir deyil ki, ilhamla verilə və siz də kompüterə köçürəsiniz.
Mərhum Canıyevin qətlində siyasi motiv axtarılırsa, sözügedən hadisə Rusiya-Türkiyə ittifaqının əlehinə yox, iki ölkənin müvəqqəti işbirliyndən doğan faciə kimi qiymətləndirilməlidir. Niyə? Əsaslandırmağa çalışım. Rusiyada bütün sahələrə, o cümlədən kriminal aləmə xüsusi xidmət nəzarət edir. Kimin önə çıxmasına, kimin güclənməsinə, söz sahibi olmasına xüsusi xidmət orqanları qərar verir. Məsələn, "Yaponçik" güclənirsə, onu aradan götürür və günahı yıxır hansısa mafiya qruplaşmasının üzərinə. Müvəqqəti müharibə başladaraq qrupları bir-birinə salır və vurulmuşun yerinə yeni, nisbətən zəif, daha asan nəzarət oluna biləcək lider təyin edir. Nəzarət bu minvalla davam edir. Rövşən Lənəkəranlı da Rusiya xüsusi xidmətinin hədəfində idi. Nəzarətdən kənarda, başqa ölkədən Rusiya yeraltı dünyasında söz sahibliyi edə bilən avtoritet ona lazım deyildi. Canıyev də rus xüsusi xidmətindən qorunmaq üçün arxa kimi daha təhlükəsiz yer qardaş Türkiyəni bilirdi. Qısa fasilələrlə Dubaya, bəzən də hansısa Avropa ölkəsinə səfərləri olsa da son sığınacaq yeri İstanbul idi. Türkiyə ona ikinci vətən idi. Həm Türkiyə xüsusi xidməti, həm yeraltı dünyası, həm də iş adamları onu sevir və qoruyurdular. Ta Rusiya-Türkiyə yaxınlaşmasına qədər. Ehtimal ki, Rusiya xüsusi xidməti bu yaxınlaşmadan faydalanaraq daha böyük və strateji layihələrin fonunda xırda məsələ olsa da çoxdan axtardığı hədəfin yeri barədə məlumat əldə edə bilib.
Qərb Canıyevi niyə vurdursun ki? Bu qətllə yeni tərəfdaşlığa hansı ziyanı və necə vura bilərdi ki? Həm də bilə-bilə ki, bu birlik müvəqqəti və qısamüddətlidir.
Bir dəfə yazmışdım, Türkiyə-Rusiya yaxınlaşmasının xeyrindən çox ziyanını çəkmişik tarixən(Etirazı olan varsa, tarixdən bəzi misallar çəkim: 1920; 1993; 1995 və s. Artıra da bilərəm. 2013-də də ziyanını çəkə bilərdik. O zaman antiAzərbaycan kolaisiya daha böyük idi və burada Rusiya ilə Türkiyə də iştirak edirdi. Lakin dövlətimizin siyasi rəhbərliyi bu oyunu çox böyük ustalıqla pozdu.2013-dəki həmin hadisələr daha geniş şərh ediləsi bir məsələ olduğundan və mövzudan kənara çıxamamaq üçün detallara varmıram.). Son yaxınlaşmada ilk qurban Canıyev oldu. Allah Rövşən Canyevə rəhmət etsin. Allah gerisini xeyir etsin!
İndi isə tövbə edin. Qərb imperializminin günahına girdiniz.