Üç səfirlik Bakıda sabitliyi pozmağa hazırlaşır - SOS

Üç səfirlik Bakıda sabitliyi pozmağa hazırlaşır  - SOS

“Üç səfirlik Bakıda sabitliyi pozmağa hazırlaşır” iddiası qarşısında yalnız ABŞ səfirliyi danışdı; ekspertlər həyəcan təbili çalır

Aktual.az musavat.com-a istinadən Sentyabrın 1-də haqqın.az və virtualaz.org saytlarında jurnalist Eynulla Fətullayevin imzası ilə “Üç səfirlik Bakıda sabitliyi pozmağa hazırlaşır” başlıqlı məqalə dərc edilib. Məqalə ciddi iddiaların müşayiəti ilə ölkəmizdəki Böyük Britaniya, Amerika və Fransa səfirlikləri barədə bir neçə məqamı özündə əks etdirir. Məqalə böyükdür, lakin onun Qərb səfirləri ilə bağlı iddia hissəsinin özəti belədir: “Avqustun 15-də saat 10.00-da .... Ümid Partiyasının ... emissarları Ənvər Ağazadə və Elmar Abbaszadə Fransa səfirliyinə baş çəkir.

Avqustun 17-də ABŞ səfirliyi öz qapılarını radikal REAL təşkilatının fəallarına - Rəsul Cəfərova və Erkin Qədirliyə açır. Və onları səfirliyin hansısa sıravi əməkdaşı, hətta ştatlı diplomatı deyil, səfir Robert Sekuta özü qəbul edir!

Avqustun 18-də saat 16.50-də Xədicə İsmayıl Fransa səfirliyinə yollanır. O, saat 18.30-a qədər, demək olar ki, iki saat səfirlikdə olub və oradan birbaşa ADİSAD hüquq firmasının ofisinə yollanıb. Bu, məşhur vəkil Adil İsmayılovun ofisi ilə qonşuluqda yerləşir.

Avqustun 19-u 14.40-da Əli Kərimli özü Böyük Britaniya səfirliyinə yollanıb. Elə ora, ancaq üç gün sonra radikal REAL təşkilatından uşaqlar - Erkin Qədirli və Azər Qasımlı baş çəkiblər. Əziz qonaqları səfir Kerol Krofts özü qəbul edib!

Və budur, daha üç gün sonra, avqustun 23-də, saat 15.10-da Əli Kərimli müxalifətin dekorativ lideri Cəmil Həsənli ilə birlikdə ABŞ diplomatik missiyasının apartamentlərinə yollanır. Ertəsi gün Cəmil Həsənli yenidən Amerika səfirliyinə gedir, ancaq bu dəfə Əli Kərimlisiz.

Avqustun 25-də isə Britaniya səfirliyində 1992-ci ildən bəri bizə yaxşı tanış olan milli demokrat Arif Hacılının gülməli silueti peyda olur. O, britaniyalıların qəbuluna 10.25-də gəlir və 11.35-də oranı tərk edir. Təxminən bir saat sonra, 12.45-də britaniyalıların hüzuruna ... NİDA fəallarından biri Turqut Qəmbər gəlir. Və o, təxminən bir saata yaxın səfirlikdə məsləhətləşmələrdə iştirak edir.

Avqustun 25-də yenidən Arif Hacılını görürük - bu dəfə ABŞ səfiri Robert Sekutanın qonağı kimi.

Avqustun 30-da isə Əli Kərimlini Avropa İttifaqının səfiri Malena Mart qəbul edir..." 

E.Fətullayev bu görüşlərin təsadüfi olmadığını iddia edir. Müəllif bunun arxasında ciddi mətləblərin dayandığını yazır. “Nə baş verir axı?” deyə sual edən müəllif “özlərinin başlıca məqsədinin hökumətin devrilməsi və sabitliyin pozulması olduğunu gizlətməyən adamlarla son illərdə görünməmiş bu cür diplomatik təmaslar nə ilə əlaqəlidir?” deyə yazır: “Ən maraqlısı odur ki, dünən, avqustun 31-də gözəgörünməyən müxalifət xaricdən Əli Kərimlinin dili ilə hakimiyyətlə mübarizənin yeni mərhələsinin başlandığını elan edib, ölkədəki vəziyyəti qarışdırmaq üçün mitinqlərə çağırıb. Bu çağırışa qədər isə qəribə şəkildə Qərb diplomatları həmin çağırışların müəllifləri və bütün səylərini dövlət quruluşunu, Azərbaycandakı idarəetmə formasını sarsıtmağa yönəldən koalisiya ilə intensiv görüşlər keçirir.

Mötəbər mənbələrdən daxil olan informasiyalara görə, yuxarıda adları çəkilən, hakimiyyətə qarşı yeni qəsd planına cəlb olunmuş müxalifət fəalları və dağıdıcı müxalifət liderləri həmin səfirliklərdən vəziyyəti qarışdırmaq üçün sanksiyasız mitinqlər və digər aksiyalar təşkil etmək üçün zəruri təlimatlar alıblar. Söhbət həm də legitim hakimiyyətlə mübarizənin maliyyə baxımından dəstəklənməsindən gedir.

Qeyri-leqallar və diplomatlar arasında sistemli, müntəzəm və birgə iş barədə razılaşma əldə olunub. Müxalifətçilərə ancaq ABŞ, Böyük Britaniya və Fransa səfirliklərindən daxil olacaq siyasi texnologiyalar və direktivlər əsasında hərəkət etmək barədə xəbərdarlıq ediblər.

Sual olunur, doğrudanmı, Türkiyədəki son hadisələr Qərb, xüsusən də Vaşinqton üçün müəyyən siyasi dərs olmadı? Heç kim bu hadisələrdən nəticə çıxarmadı? Axı Türkiyə hakimiyyəti, siyasi elita və bu ölkənin KİV-ləri, nəhayət, prezident Ərdoğan özü, demək olar ki, açıq mətnlə ABŞ və bəzi Qərb dairələrini həmin hərbi çevriliş cəhdinin təşkilində ittiham ediblər! Azərbaycanda olduğu kimi, Türkiyədə də elektoratın tam mütləq hissəsi qanuni seçilmiş prezidenti dəstəklədi və öz dövlətlərini xarici müdaxilədən qorumaq üçün tankların altına atıldı.

Yox, belə görünür ki, ABŞ heç dalbadal baş verən siyasi iflaslardan sonra da nəticə çıxarmır. Qiyamçıların iflasa uğramasından sonra Bayden günahlarını yumaq üçün Ankaraya gəldi. Bəs yeni siyasi oyuna cəlb olunmuş diplomatlara görə izahat vermək üçün Azərbaycana kim gələcək?"

Bütün hallarda ortada ciddi iddialar var. “Yeni Müsavat” bu iddialarla bağlı öncə adıçəkilən hər üç səfirlikdən mövqe öyrənməyə çalışıb.

ABŞ səfirliyindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq aşağıdakılar bildirilib: “Diplomatik fəaliyyət göstərdiyi zaman ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları müntəzəm olaraq hökumət nümayəndələri və digər şəxslərlə görüşlər keçirir. Ölkədə olaylar cərəyan edən hər bir zaman siyasi, sosial və iqtisadi vəziyyəti daha yaxşı başa düşməyə çalışdığımız üçün sözügedən görüşlərin sayının artması normaldır”. 

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib ki, rəsmi olaraq bu yazılanları şərh etmək səlahiyyətində deyillər. Amma bununla bağlı hər hansı mövqe açıqlanması qərarı verilsə, mediaya, ilk növbədə “Yeni Müsavat”a məlumat veriləcək.

Politoloq Qabil Hüseynli bildirdi ki, Türkiyədəki məlum hərbi çevrilişə cəhdin iflasa uğramasından sonra Azərbaycanda belə bir hərəkətin təkrarlanması qeyri-real görünür. Onun fikrincə, müxalifətin sıralarında inteqrasiya aparmaq mümkün deyil:

“Müxalifətçilərin çoxu bir-biri ilə küsülüdür. Onların sıraları o qədər seyrəlib ki, onların başına 5-10 nəfəri toplaması mümkün deyil. İğtişaşı hazırlamaq, bunu planlaşdırmaq çətin prosesdir. Maliyyə vəsaitini nə qədər istəyirsən ötür. O maliyyə vəsaitindən kim istifadə edəcək? Əli Kərimlinin və onun partiyasının özəklərinin ofisi yox. İsa Qəmbərin mənsub olduğu partiya demək olar ki, dağılıb. Rayon təşkilatları iflic vəziyyətdədir. Belə bir ideya varsa, onu gerçəkləşdirmək istəyirlərsə, müxalifətin birliyinə nail olmalı idilər. Xədicə İsmayıl başına neçə adam toplaya bilər? 10 adam...”

Q.Hüseynli hesab edir ki, Azərbaycanda hüquq-mühafizə orqanları olduqca ayıq-sayıq fəaliyyət göstərir. Onun sözlərinə görə, bu orqanlar hər zamankından daha yaxşı işləyirlər və baş verə biləcək təxribatı yerindəcə lokallaşdırmaq imkanlarına malikdir: “Bunun öhdəsindən Daxili İşlər Nazirliyi və Dövlət Xüsusi Xidmət orqanları gələ bilər. Mənim zənnimcə, belə bir plan ola bilər. Amma bu plan Avropa Parlamentində müzakirə olunan plan, sanksiyalar şəklində özünü göstərə bilər. Sanksiyalar tətbiq ediləndən sonra əhalinin artan narazılığı hesabına siyasi müxalifətin sıralarında və əhalinin siyasi fəallığında bir canlanma başlana bilər. Bunun sayəsində bəlkə də bizim siyasi liderciklərimiz bir-biri ilə danışmağa başlayar. Mən müxalifətin vəziyyətini dəqiq bilən adam kimi deyə bilərəm ki, bu gün müxalifətin Azərbaycanda bir iğtişaş, gərginlik yaratmaq üçün minimal bir potensialı yoxdur, hətta inteqrasiyaya getsə də. Müxalifət qorxudulmuş və ürküdülmüş vəziyyətdədir. Nə qədər maliyyə yardımı olsa da, müxalifətin içərisində riskə gedəcək, yüksək pasionar enerjiyə malik şəxs və şəxsiyyətlər görmürəm”.

Q.Hüseynli hesab edir ki, bunu qabaqlayıcı tədbir kimi yazıblarsa, düz ediblər: “Belə sevdaya düşən Qərb dövlətləri ola bilər. Amma onların da belə bir şəraitdə bu riskə gedəcəklərini düşünmürəm. Müxalifət daxilində ciddi deqradasiya və parçalanma prosesi getdi. İndi müxalifət öz daxili problemlərinin öhdəsindən gələ biləcək qüdrətdə deyil. Müxalifətin içində parlaq istedadlar yox dərəcəsindədir. Cəmiyyətdə də müdhiş bir passivlik özünü göstərir. Hüquq-mühafizə orqanlarının indiki kimi güclü olduğu bir dönəmdə bu passivliyi aradan qaldırıb adamları oyatmaq, iğtişaş törətmək qeyri-mümkündür”.

Bu mövzu ilə bağlı XİN-in mövqeyini almaq mümkün olmadı. Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin telefonlarına gün ərzində zəng çatmadı.

Aktual.az

Xəbər 6315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR