Qüdrət Həsənquliyev: "Rusiya və İran Azərbaycanın milli və dövlət maraqlarına qarşı çıxmayacaqsa, ərazi bütövlüyümüzə və dövlət suverenliyimizə hörmət edəcəklərsə, biz onlarla həmişə dost olmalıyıq”
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxuculara təqdim edirik:
- Qüdrət bəy, Rusiya prezidentinin Azərbaycana səfərinə münasibətinizi bilmək istərdik.
- Səfərə münasibətim çox yaxşıdır. Rusiya ilə yaxınlığın təhlükəliliyindən danışan, Qərb ölkələrinə sığınmış qeyri-ciddi adamlara qulaq asmaq lazım deyil. Tezliklə İran prezidenti Pezeşkianı da Bakıda görməkdən məmnun olardım. Rusiya bizim ən böyük qonşumuzdur, biz qonşularımızla dostluq və əməkdaşlıq şəraitində yaşamalıyıq. Rusiyada iki milyon azərbaycanlı yaşayır, Federasiyanın tərkibində 8 türk respublikası var. Rusiya və İran Azərbaycanın milli və dövlət maraqlarına qarşı çıxmayacaqsa, ərazi bütövlüyümüzə və dövlət suverenliyimizə hörmət edəcəklərsə, biz onlarla həmişə dost olmalıyıq. Amma onu da hər kəs bilməlidir ki, biz dostlarımızın haqlı olduğu məsələlərdə və münaqişələrdə onların yanında oluruq. Ərazi bütövlüyümüzün bərpasından sonra Putinin Azərbaycana səfəri, əminəm ki, ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verəcək. 44 günlük savaş zamanı Putinə edilən güclü xarici və daxili təzyiqlərə baxmayaraq onun öz ölkəsinin neytrallığını qoruyub saxlaması, "bu münaqişə çox uzandı”, "müharibə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində gedir”, "Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var” deməsini, "Qarabağda "etnik təmizləmə” baş verdi” deyəcək təxribatçılara imkan verməməsini, Rusiya sülhməramlılarını əlavə söz-söhbətlər yaranmadan vaxtında ölkəmizdən çıxarmasını, həmin dövrdə bizi hədələyən bəzi ölkələri yerində oturtmasını, qardaş Türkiyənin ölkəmizə verdiyi mənəvi və siyasi dəstəyi anlayışla qarşılamasını və onunla münaqişənin həllində yaxından əməkdaşlıq etməsini yaddan çıxarmamalıyıq. Onun, savaşdan sonra bizim birmənalı qarşılamadığımız bəzi açıqlamalarını isə daha çox Ermənistan ictimaiyyətinə yönələn müraciətlər kimi qəbul etməliyik. 44 günlük savaşdan sonra demişdim ki, Putin Bakıda keçiriləcək Qələbə paradında iştirak etmək haqqını qazanıb. Onun bu səfərini o cür də qəbul etməliyik.
- Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçi ola bilərmi?
- Bizi slavyan xalqları ilə tarixi, humanitar, mədəni, siayasi, iqtisadi, dostluq əlaqələri bağlayır. Əgər tərəflər böyük humanitar fəlakətə yol açmış bu müharibədən çıxmaq üçün Azərbaycanın vasitəçiliyini qəbul edərsə, Azərbaycan böyük məmnuniyyətlə bunu edər.
- Müharibəyə son qoymağın yolunu necə görürsünüz?
- Münaqişəyə və düşmənçiliyə son qoymaq üçün ədalətli sülhə nail olmaq gərəkdir. Bunun üçün ya tərəflər 1991-ci ilin sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıyır, ya da ərazi mübadiləsinə gedirlər. Rusiyanın nəzarət etdiyi Krım və ona bitişik ərazilər Rusiyada qalır, həmin ölçüdə torpaqlar Kursk istiamətində Ukraynaya verilir. Ukrayna NATO-ya üzv olmaqdan və öz ərazisində xarici dövlətlərin hərbi bazasını yerləşdirməkdən imtina edir, tərəflər dostluq və əməkdaşlıq haqqında saziş imzalayırlar. Amma açıq söyləyim ki, indiki mərhələdə bu az inandırıcı görünür. Çünki böyük güclər hələ ki, sülhdə maraqlı görünmürlər.
Xəbər 573 dəfə oxunub.