“Xərçəng və digər xəstəliklərdə olduğu kimi, böyrək daşları da bəzi xəstələrdə heç bir ağrı və şikayət olmadan uzun müddət mövcud ola bilir”.
Bu sözləri TƏBİB.AZ-a açıqlamasında Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, tanınmış uzman-uroloq Araz Bayramov söyləyib.
Onun sözlərinə görə, böyrək daşlarından əziyyət çəkən hər üç xəstədən biri təsadüfi müayinə nəticəsində bundan xəbər tutur:
“Böyrək daşları müxtəlif olsa da, əsasən xəstələr mərcanvari və böyrək kasacıqlarında olan oksalat daşlarından əziyyət çəkir. Mərcanvari daşlar böyrəkdə olan küt ağrılar, sidiyin bulanıq olması, gecikmiş dövrdə isə böyrək çatışmazlığı ilə özünü büruzə verir. Qeyd edim ki, Azərbaycanda böyrək daşlarının növünün müəyyən edilməsi üzrə müayinə ölkəmizdə yalnız Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hospitalında həyata keçirilir. Biz böyrək daşlarını endoskopik yolla çıxardıqdan sonra daşların növünü aşkarlayırıq. Nəzərə alanda ki, böyrək daşları yenidən yarana bilər, o baxımdan daşın növünü aşkarlayıb, ona uyğun düzgün pəhriz aparılması vacibdir”.
Hazırda “MTN-nin Hospitalı nəzdində fəaliyyət göstərən Böyrək Daşı Mərkəzində Avropa protokollarına uyğun, ən müasir müalicə üsullarından istifadə olunur ki, bu da xəstələrə ağrı, stress yaşamadan, ən qısa müddətə bu problemdən azad olmağa imkan yaradır.
Xatırladaq ki, uzman Dr. Araz Bayramov ABŞ-ın dünyaca məşhur “American” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edir və hazırda MTN Hospitalında və Bakı klinikasında ən çətin uroloji əməliyyatlardan olan – laporoskopik parsial nefrektomiya (böyrək şişləri zamanı böyrəyin qorunub saxlanılması ilə şişin çıxarılması), ikitərəfli böyrək daşlarının eyni anda müalicəsi, prostat adenomasının endoskopik müalicəsi, o cümlədən prostat xərçənginin erkən aşkar edilməsi, radikal prostatektomiya (Prostat xərçənginin müalicəsi) və uşaqlarda anadangəlmə uroloji problemlərin müalicəsini həyata keçirir.
Leyli Səfərova, TƏBİB.AZ