Bakıda taksi xidməti sistemində vahid qiymətlər tətbiq ediləcək.
Aktual.az bildirir ki, bu barədə fins.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, qiymətləri Tarif Şurası müəyyən edəcək: "İndi qiymətləri fərdi taksi sürücüləri və şirkətlər özləri müəyyən edir. Lakin yeni sistem işə düşəndən sonra vahid tarif tətbiq ediləcək. Taksi şirkətlərinə isə müəyyən sərbəstlik veriləcək".
Sistem işə düşəndən sonra taksilərdə xidmət haqqı hər kilometrə görə hesablanacaq. Bunun üçün maşınlarda taksometrlər quraşdırılacaq.
N.Allahyarova deyir ki, yeni qurğu vasitəsilə sürücülərin qeydiyyatı və vergiyə cəlb olunması asanlaşacaq.
Taksi xidməti ilə bağlı yeniliklər "Nəqliyyatın inkişaf konsepsiyası"nda nəzərdə tutulub. Sənədə əsasən, taksi xidməti göstərən sürücülərə yeni fərqlənmə nişanları veriləcək. Nişanı "ASAN Xidmət" mərkəzlərindən alacaqlar. İndi fərqlənmə nişanlarının qiyməti də dəyişə bilər. Qeyd edək ki, hazırda həmin nişanların qiyməti 18 manatdır.
N.Allahyarovanın sözlərinə görə, indiyədək 16 min fərdi taksi sürücüsü və 3 özəl şirkət qeydiyyatdan keçib.
Qeyd edək ki, hazırda dayanacaqlarla bağlı müəyyən problemlər var. Belə ki, bu dayanacaqlardan adətən taksi şirkətlərinin avtomobilləri istifadə edirlər. Fərdi taksilərin isə buradan istifadəsinə imkan verilmir ki , bu da haqlı narazılıq doğurur.
Mətbuat katibi bildirir ki, burada ayrı-seçkilik qoyula bilməz, yəni qanuni fəaliyyət göstərən istənilən taksi sürücüsü bu dayananacaqlardan istifadə edə bilər: "Mühüm tədbirlər zamanı şəhərin mərkəzi hissəsində dövlət əhəmiyyətli yollarda taksi dayanacaqlarının fəaliyyəti məhdudlaşdırıla bilər. Əks halda, heç kim başqa bir sürücünün dayanacaqdan istifadəsini qadağan edə bilməz".
Qeyd edək ki, hazırda Bakıda 160-a yaxın taksi dayanacağı var. Bunların yarıdan çoxu qeydiyyatsızdır.
N.Allahyarova deyir ki, ümumiyyətlə, sentyabrdan bu sahədə də yeniliklər olacaq: "İndi Bakıda 79 adda qeydiyyatdan keçən və 81 adda qeydiyyatsız taksi dayanacağı fəaliyyət göstərir. Biz onların yerləşdikləri ərazilərin inzibati və şəhərsalma qaydalarına uyğunluğunu araşdırırıq. Tələblərə cavab verən dayanacaqlar saxlanılacaq. Əlverişli yerdə olmayan taksi dayanacaqları ləğv olunacaq".
Dayanacaqların qeydiyyatına gəlincə, mətbuat katibi deyib ki, indi qeydiyyatsız fəaliyyət göstərən taksi dayanacaqları tələblərə cavab verəcəksə saxlanılacaq və qeydiyyata alınacaq.