"Bütün qiymətlər "üç" ola-ola, onlar 350-450 bal toplayıblar?"


"2015-ci ildə keçirilən qəbul imtahanında orta attestat balı yalnız "üç" olan 4 abituriyent qəbul imtahanlarında 350-450 bal arasında nəticə göstərib. Necə olur ki, bu abituriyentlərin attestatlarında bütün qiymətlər "üç" ola-ola, onlar 350-450 bal toplayıblar? Biz indi həmin abituriyentlərin bu nəticəni necə əldə etməsi ilə bağlı araşdırma aparırıq".

Aktual.az bildirir ki, bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu, orta məktəbdə həmin şagirdə qarşı subyektiv münasibətin nəticəsi və ya imtahan vaxtı onun yanında oturan güclü abituriyentin yardımı nəticəsində ola bilər.

Həmin abituriyentlərin yüksək bal toplamasında köçürmə amilinin hansı dərəcədə rol oynaya bilməsinə gəldikdə, M.Abbaszadə bildirib ki, yanaşı və arxa-arxaya əyləşən abituriyentlərin bir-birindən köçürməsi qeyri-mümkündür. Çünki onların variantları müxtəlif olur: "Hər imtahandan sonra - nəticələr elan edilməmişdən əvvəl xüsusi proqramlar vasitəsilə köçürmə halları aşkar edilir. Müəyyən araşdırmalardan sonra köçürmə faktları olan nəticələr ləğv edilir. Belə köçürmə halları ildən-ilə azalır. Bu il 3-4 belə hal olub. Yuxarıda qeyd etdiyim hala gəldikdə isə, mümkündür ki, hansısa güclü abituriyent onun yanında əyləşən digər abituriyentə yardım etmək məqsədilə həm öz suallarına, həm də yanında əyləşənin suallarına cavab versin. Bunun üçün onlar sual kitabçalarını dəyişdirirlər, yəni abituriyent öz variantına uyğun olmayan variantı işləyir. Bu isə 99,9% halda nəzarətçi və ya imtahan rəhbəri tərəfindən elə imtahan zamanı aşkar edilir və bu "yardım"ın nəticəsində hər iki abituriyent imtahan zalından xaric edilir, nəticələr ləğv olunur. 2015-ci ildə I-IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında belə hallara yol verdiklərinə görə 66 nəfər imtahandan xaric edilib".

M.Abbaszadə onu da qeyd edib ki, 2015-ci ilin məzunları arasında orta attestat balı yalnız 3 olan 1544 nəfər ali məktəbə sənəd verib. Onların 86,92 faizi 0-100 bal arasında nəticə göstərib, 10 faiz (156 nəfər) 100-200, 2 faiz isə (40 nəfər) 200-300 bal yığıb. Bu məzunların yalnız 0,26 faizi (4 nəfər) 350-450 bal arasında nəticə göstərib.

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR