Bu yaxınlarda o, Azərbaycanda maraqlı bir ilkə imza atdı. Milli Məclisin deputatı Tahir Mirkişilinin az bol toplayaraq universitetə daxil olan bir qrup tələbəylə görüşmək ideyası cəmiyyətdə maraqla qarşılandı. Deputat inanır ki, məhz onlar gələcəkdə iqtisadiyyatın bir sıra sahələrinin inkişafına töhvə verəcəklər və onları daha yaxşı təhsil almağa təşviq etmək lazımdır.
Bu ideyası onunla müsahibə almaq istəyimizi bir qədər tezləşdirdi. Görüşümüzdə sözügedən ideyanın necə yaranmasından, aldığı təhsildən, ailəsindən, hobbilərindən, köhnə Bakıyla bağlı xatirələrindən, yeni dönəmdə iqtisadi sahədə qanun layihələrinə ediləcək dəyişikliklərdən və sairə məsələlər ətrafında söhbət etdik.
Beləliklə, parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədr müavini deputat Tahir Mirkişilinin "Qafqazinfo”ya müsahibəsini təqdim edirik:
- Bakıda 15 sentyabrda möhtəşəm parad keçirildi. Siz də həmin paradı canlı izləyirdiniz. Biz bir anlıq 100 il əvvəlki dönəmə qayıtdıq. Keçmişi izləmək sizdə hansı hissləri oyatdı?
- 15 sentyabr tarixi çox şərəfli bir tarixdir. İlk hissim ondan ibarət oldu ki, yaxşıdır vaxtilə babalarımız, əcdadlarımız bu şəhəri azad ediblər. Onlar o zaman qəhrəmancasına döyüşməsəydilər, bu gün nə Bakı şəhəri, nə də Azərbaycan olmazdı. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Burada çox böyük tarixi hadisələr olub. Paradda da o dövrün hərbi geyimlərində həm bizim, həm də Türkiyənin əsgərlərini gördük. Eyni zamanda iki dövlətin birliyinin və bağlılığının şahidi olduq. Müasir silah-sursatlar nümayiş etdirildi. Artıq heç bir qüvvə Bakını işğal edə bilməz. Dövlətimiz çox güclüdür. Ordumuz kifayət qədər güclüdür. Bu, insanda qürur yaradır.
O gün həm də bir tarix yazılırdı. Çünki
ilk dəfə idi ki, məhz Azərbaycan və Türkiyə orduları birlikdə Azadlıq
meydanında addımlayırdı. 1918-cı ildə 15 sentyabrda Bakı işğaldan azad
edildikdən sonra Azərbaycan milli ordusunun əsgərləri Osmanlı ordusunun
əsgərləri bir yerdə addımlayırdılar. İnsanlar onları sevinclə
qarşılayırdılar. İndi də belə oldu. Azərbaycan və Türkiyə ordularının bir yerdə
olması o deməkdir ki, 100 il ərzində Azərbaycan-Türkiyə dostluğunu heç kim poza
bilməyib. Prezident İlham Əliyev də çıxışında dedi ki, 100 il bundan öncə də
birlikdə idik, bu gün də. Keçən müddət ərzində azərbaycanlıların müstəqillik
arzusunu da heç kim əlindən ala bilməyib. 100 il sonra bu xalq yenə
ayaqüstədir. Bakı yenə də möhtəşəmdir. Gələcəyə baxıb planlar qururuq.
Düşünürəm ki, məhz bu fikirlər paradı izləyənlərin hər birinin beynindən
və ürəyindən keçirdi.
-
100 il əvvəlki köhnə Bakını görməsəniz də, 80-ci illərin Bakısı ilə tanışsınız.
Köhnə Bakıdan unudulmayan xatirələriniz varmı? Hansı yerlərin dəyişilmədən
qalmasını istərdiniz?
- Bakı çox sürətlə dəyişir. Son 20 ildə köhnə Bakı ilə indiki Bakı arasında çox böyük fərq var. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Hər bir şəhəri yaşadan təkcə onun küçələri, tarixi yerləri deyil, həm də orada yaşayan insanlar və onların ənənələridir. Bakıda fərqli ənənə həmişə olub və həmişə beynəlmiləl şəhər olub. Nobel qardaşlarının, Rotşildlərin Bakıda biznesə başlaması təsadüfi deyildi. Bununla yanaşı Sovet İttifaqı illərində də Bakıda fərqli ənənələr formalaşmışdı. Bunların bəziləri getdikcə sıradan çıxmağa başlayır. Bunun da əsas səbəbi meqapolisləşmə, onun inkişafı və müasir texnologiyalarla bağlıdır.
Məsələn, bizim uşaqlıq dövrümüzdə Bakıda çox güclü məhəllə ənənələri var idi. Oxuduğum orta məktəb Yasamal rayonunda idi. "Sovetski” adlanan məhəllə ilə qonşu idik. Oranın tam fərqli, özünəməxsus ənənələri var idi. İndi yeni nəsil o ənənələrin bəzilərini görməyəcək. Ancaq artıq bu gün Bakıda yeni, fərqli ənənələr formalaşmaqdadır. Bakıda mədəniyyətə, musiqiyə, elmə, gəncliyin daha çox texnologiyalara olan həvəsi güclü yayılır. Bakı bu gün multikultural şəhərə çevrilib. Paytaxtın bugünkü şöhrəti bütün dünyaya yayılır, bu da Azərbaycanın inkişafının çox önəmli bir göstəricisidir.
- Bu gün paytaxtda hündürmərtəbəli binalar daha çox ucaldılır. Amma bunların demək olar ki, hər birinin astarı eyni rəngdədir. Bu mənzərə göz yorur. Niyə rəngarənglik yoxdur?
- Hər bir şəhərin öz tarix var. Binaların tikilməsinin də özünün tarixi kökləri var. Bakıda Asiya və Avropa arxitekturasının qarışığı olan bir şəhər mədəniyyəti formalaşıb. Son zamanlar tikilən binalarda daha çox müxtəlifliyə, müasirliyə və harmoniyaya fikir verilir. Bakı 1990-cı illərin əvvəlində çətin bir dönəm yaşamışdır. Ölkə ərazisinin 20 faizdən çoxunun işğal edilməsi və ağır müharibə şəraiti Bakıya da öz təsirini göstərmişdir.
Ancaq bir müddət əvvəl prezident İlham Əliyev şəhər arxitekturasında yeni standartların tətbiq olunması, yeni Baş Planın hazırlanması və müasir texnologiyaların tətbiqi ilə bağlı sərəncam verdi. Düşünürəm ki, Bakının arxitekturasında və binaların dizaynında gələcəkdə çox yeniliklər olacaq.
- Siz uşaqlığınızın "Sovetski” də keçdiyini dediniz. İndi həmin yer sökülüb. İnsanın uşaqlığının keçdiyi bir yerin artıq olmaması ona necə təsir edir?
- İnsan xaraktercə daha çox konservativ olur və yaşlaşdıqca uşaqlıq illərinin xatirələri onu cəlb edir, nostalji hisslər yaranır. Hətta siz bu gün yaranan və yaradılanın daha yaxşı və müasir olduğunu görsəniz belə. Ancaq sizin öyrəşdiyiniz, adət etdiyiniz, uşaqlıq dostlarınızla bir yerdə böyüdüyünüz bir mühit var.
Amma gələcəyi fikirləşəndə anlayırsan ki, bu dəyişmə müasir şəraitin tələbidir. Bu insan hissi ilə müasir inkişaf arasında olan sərhəddir. Bu sərhədi keçmək həmişə çətin olur. Bu evlə də, əşyalarla da belədir. Uşaqlar vaxtilə oynadıqları oyuncaqlara baxanda da duyğulanır. Bir çoxları onları saxlayır. Baxmayaraq ki, yeni çıxan oyuncaqlar daha müasirdir. Ona görə də bu hissləri müasir dizaynla tamamlamaq üçün bərpa olunan və ya tikilən bir çix abidələr və ya binalar əvvəlki dizaynı xatırladan, amma daha müasir formadadır. Məsələn, Mehriban xanım Əliyevanın göstərişi ilə "Azneft” meydanında bərpa olunan "Qu quşları” kompozisiyası 1960-cı illərdə yaranmışdı. Bu gün bərpa olunan kompoziya da keçmişdəkini xatırladan, ancaq daha müasir və gözəl dizayndadır.
- Necə bir ailədə böyümüsünüz?
- Valideynlərim müəllim idi. Atam riyaziyyat, anam rəsmxətt müəllimi idi. Düzdür, atam sonra dövlət məmuru oldu. Mənim elmə və təhsilə olan həvəsim valideynlərimin nəzarəti və təşviqi əsasında olmuşdur. Riyaziyyatı daha çox sevməyim atamdan mənə keçən təlimin nəticəsi idi. Anamın rəsmxətt müəllimi olması, rəsmlər və modellər üzərində işləməsi mənim dəqiq elmlərə marağımının artmasına böyük təsir edib.
- Elə bioqrafiyanızla da tanış olanda görürük ki, təhsil yolunuz maraqlıdır. Stanford və Oksfordda tədris proqlarımını bitirmisiniz. Amerika yolunuz necə başladı?
- Əvvəlcə bildirim ki, mən fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirmişəm. Əsas ixtisasımız riyaziyyat və informatika təhsili ilə bağlı idi. 1994-cü ildə orta məktəbi bitirəndə iqtisadi islahatlarla bağlı ölkədə ümummilli lider Heydər Əliyev tərəfindən ciddi islahatlar həyata keçirilməyə başladı. O zaman biz fikirləşdik ki, iqtisadi sahədə daha faydalı ola bilərik. Sənədlərimizi İqtisadiyyat Universitetinə verdik və ora daxil olduq. Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil almışam. Bizim oxuduğumuz fakültə də yeni yaranmışdı. Azərbaycan dilində ədəbiyyatlarımız da yox idi. Universiteti bitirəndən sonra düşündüm ki, yenidən təhsil almaq insanın özünü inkişaf etdirməsi və uğuru üçün çox vacibdir. Qərar verdim ki, xaricdə təhsilimi davam etdirim.
Azərbaycanda təhsilin səviyyəsi və keyfiyyəti oxumaq istəyən uşaqlar üçün həmişə yüksək olub. Biz istədiyimiz zaman istənilən informasiyanı tapa bilirdik. Müəllimlərimiz bizə kifayət qədər yaxşı dərslər keçirdi. Seminarlarda bir tələbə bəzən 80 dəqiqə danışırdı. İxtisasım iqtisadiyyat olsa da sonradan texnologiyaların inkişafı bizə böyük təsir bağışladı. 90-cı illərin ortalarından etibarən dünyada dördüncü sənaye inqilabı baş verdi. Qərara gəldim ki, informasiya kommunikasiya texnologiyları istiqamətində təhsilimi davam etdirmək mənə faydalı ola bilər. O zaman İKT-nın vətəni Amerika hesab olunurdu. Stanfordda əlavə xüsusi bir illik artırılmış iqtisadiyyat və İKT-nin idarəolunması ilə bağlı kurs keçdim. Bu, daha çox texnologiyaların və innovasiyaların idarə olunması bağlı idi.
2015-ci ildə Milli Məclisə deputat seçildikdən sonra ATƏT-in Parlament Assambleyasının üzvü seçildim. Beynəlxaq diplomatiya sahəsində yüksək təhsilin vacibliyini o zaman daha çox hiss etdim. Buna görə də, 2017-ci ildə Oksforda Beynəlxalq iqtisadiyyat və beynəlxalq siyasət, qərarların verilməsində tarazlığın qorunması ilə bağlı xüsusi kursa göndərildim. Oksfordda keçdiyim bu kursda daha çox siyasi və iqtisadi qərarların uzlaşmasında dünyanın mövcud reallıqları və gələcək texnologiyalarının nəzərə alınması ilə bağlı idi.
- Siz Stanfordda təhsil alanda işləyirdiniz? Ona görə soruşuram ki, ailəniz sizə maddi cəhətdən dəstək veribmi?
- 2000- ci ildə magistraturanı bitirdikdən sonra o zamankı Xarici İqtisadi Əlaqələr Nazirliyində bir müddət işləməyə başladım. Stanfordda aldığım təhsil çalışandan bir neçə il sonra olub. Ona görə də iş fəaliyyətimdəki qazancım hesabına təhsil alırdım. Amma təbii ki, həm təhsilin, həm də həyatın istənilən mərhələsində ailəmin maddi və mənəvi dəstəyi hər zaman yüksək olub.
- Yəqin ki, siz də valideynləriniz kimi iki övladınızın təhsilinə önəm verirsiniz. Övladlarınız barədə danışa bilərik?
- Düşünürəm ki, valideynin öz övladlarına verə biləcəyi ən önəmli dəyər tərbiyə və təhsildir. Qızım 11-ci, oğlum isə 7-ci sinifdə oxuyur. Əsasən orta məktəbdə aldıqları təhsil müasir dünyagörüşü, texnologiyalar, eyni zamanda Azərbaycan tarixi, ədəbiyyatı və bununla bağlı olan istiqamətlərdir. Qızımın dizayna, oğlumun isə texnologiyalara marağı var. Gələcəkdə hansı universitetdə ali təhsil alacağı ilə bağlı ümumi fikirlərimiz var. Düşünürəm ki, müasir gənclik o qədər sürətlə inkişaf edir ki, onların seçimi daha çox aldıqları təhsilin, dünyagörüşünün və arzularının nəticəsi olmalıdır. Diplom almaq naminə oxumaq doğru deyil. Əvvəllər biz hər hansı ixtisas seçdiyimiz zaman daha çox zamanı əhatə edən sabitliyi planlaşdıra bilirdiksə, indi yaranan imkanlar, ixtisaslar tamamilə dinamikdirlər. Ali məktəb seçimi uşaqların gələcək həyatında əldə edə biləcəyi uğurlarla bağlı olmalıdır.
- Övladlarınızın yaxşı təshil almasında hər valideyn kimi maraqlısınız. Amma təhsillə yanaşı, tərbiyə də mühümdür. Bu işlə daha çox anaları məşğul olur yəqin. Bəs, sizin övladlarınızın insan kimi formalaşması üçün hansı tövsiyələriniz olub?
- Uşaqların tərbiyəsində ailədə olan mühit, münasibətlər, ata və ananın rolu kifayət qədər böyükdür. Mənim həyat yoldaşım İqtisadiyat Universitetində müəllimədir. Düşünürəm ki, onun da verdiyi istiqamətlər uşaqlar üçün böyük bir dəyərdir. Mənim üçün uşaqların müstəqil və məntiqli düşüncə tərzinə sahib olması çox önəmlidir. Ona görə də onlarla bütün təmaslarımda bu düşüncə tərzinin formalaşmasına çalışıram. Təbii ki, bu, bir məqsəddir, ancaq bunun alətləri müxtəlifdir. Çalışıram ki, onlar çox kitab oxusunlar, yaxşı təhsil alsınlar. Müasir texnologiyalara yiyələnsinlər. Musiqi mədəniyyətinə sahib olsunlar, multikultural olsunlar. Bir neçə dil bilsinlər. İdmanla məşğul olsunlar. Azərbaycan tarixi və mədəniyyətini yaxşı bilsinlər. Azərbaycanlı olsunlar, öz dövlətlərini sevsinlər. Yaradıcı və bölüşməyi bacaran olsunlar.
- Bəs, özünüz musiqi və idmanla məşğul olursunuzmu?
- Mən bəzi musiqi alətələrində ifa etməyi bacarıram. Fortepianoda və gitarada ifa edə bilirəm. Bu, mənim hobbimdir. Milli Məclisdəki həmkarlarımızla bir yerdə idmanla məşğul oluram. Ayrıca olaraq həftədə iki dəfə futbol oynayırıq. Milli Məclisin futbol komandasının üzvüyəm. Vaxt olanda üzgüçülüklə məşğul oluram. Təbiətdə gəzməyi çox xoşlayıram. Həm musiqi, həm də idmanla məşğul olmaq iş fəaliyyətimdə daha məhsuldar və yaradıcı olmağa kömək edir.
- O zaman bu yay tətilində təbiətdə dincəlmisiniz. Necə keçdi istirahətiniz?
- Mənim Azərbaycanda ən çox dincəlməyi sevdiyim yerlər Böyük Qafqaz dağlarındakı bölgələrdir. Bu il də bu imkandan istifadə etdim. İstirahətim maraqlı keçdi.
- Siz bu yaxınlarda maraqlı bir ilkə imza atıb az bal yığıb ali məktəblərə qəbul olan bir qrup tələbə ilə görüşdünüz. Ümumiyyətlə, bu ideya sizdə necə yarandı, həm də bunun altında fərqlənmək istəyiniz də var idimi?
- Fərqlənmək hissim olmayıb. Biz deputatlar sadəcə öz vəzifəmizi yerinə yetiririk. Keçən ildən belə bir fikrim var idi. Bunun səbəbləri müxtəlifidir. Mən iqtisadçıyam. Bizim üçün bu gün iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının inkişafı ən vacib məsələlərdən biridir. Qeyri-neft sektorunda gedən islahatların da əsas məqsədi bu sahələrin inkişafına hesablanıb. Ümumilikdə Avropa təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişafına ən çox töhvə verənlər daha çox ali məktəbləri deyil, ixtisaslaşmış texniki məktəbləri qurtaranlardır. Bunun üçün təhsillə yanaşı, praktik təcrübələrə malik olmaq da önəmlidir. Məsələn, bu gün Almaniyada iqtisadiyyatda çalışanların 70 faizdən çoxunun ali təhsili yoxdur. Onlar daha çox peşə ixtisas məktəblərini bitirirlər. Keçən il Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı qanun qəbul olundu. Məqsəd onları konkret təhsilə yönəltməklə aldıqları təhsilin sonradan iqtisadiyyata yönəldilməsinə kömək etməkdir. Düzgün ixtisasların seçilməsi sonradan iş tapmağa böyük yardım edə bilir. Bu baxımdan iqtisadiyyat üçün lazım olan kadrların tələbələrin nə qədər bal toplamasından çox asılı olmadığına mən inanıram. Yüksək bal toplamaq böyük uğurdur. Bu abituriyentlərin öz hədəflərinə daha yüksək balla daxil olmağın göstəricisidir. Bunu həmişə qeyd edirik, onlara mükafatlar da təqdim edirik. Bununla yanaşı düşünürəm ki, orta və aşağı bal toplayan tələbələri də unutmaq olmaz. Əsas məsələlərdən biri universitetə hansı balla daxil olmaq yox, onu necə bitirməkdir.
Ümumilikdə, xaricdə belə bir yanaşma var ki, universitetə girmək asan, onu bitirmək isə çətin olmalıdır. Bizdə Sovet İttifaqından qalma bir ənənə var ki universitetə daxil olmaq imkanları daha çətindir, bitirmək isə asandır. Düzdür, bu qaydalar yavaş-yavaş yumşalır.
Ona görə hesab etdim ki, bu tələbərlə də görüşmək, onları universitetdə yaxşı oxumağa təşviq etmək lazımdır. Bu, onlarda böyük sevinc hiss yaratdı.
- Tələbələr bunu necə qarşıladılar, sizə bu barədə nə dedilər?
- Məncə, bunu heç kim, o cümlədən tələbələrin özləri də gözləmirdi. İndiyə kimi bütün görüşlər daha çox yüksək bal toplayan tələbələrlə olub. Özüm də iki il bundan əvvəl yüksək bal toplayan tələbələrlə görüşmüşdüm. Onların bunu gözləməməkləri və gözlərindəki sevinc mənim üçün çox önəmli idi. Hesab edirəm ki, bu görüş onlara daha yaxşı təhsil almağa və gələcəkdə iqtisadiyyatımız üçün daha yaxşı kadr olmağa stimul yaratdı.
- Yeni dönəmdə təmsil olunduğunuz İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində hansısa mühüm qanun layihələrinə dəyişikliklərin edilməsi gözlənilirmi?
- Bu gün Azərbaycanda sürətli iqtisadi inkişaf gedir. Eyni zamanda, həm iqtisadiyyatda, həm də idarəetmə sahəsində ölkədə sürətli və dərin islahatlar aparılır. Düşünürəm ki, yaxın vaxtlarda bizim komitənin müzakirə edəcəyi əsas dəyişikliklər və yeni qanunlar bu prossesləri daha çevik və səmərəli etməyə xidmət edəcək. Məsələn, gözlənilən yeniliklərdən biri Vergi Məcəlləsində ediləcək dəyişikliklərdir. Bu istiqamətdə müvafiq orqanlar çox ciddi təhlillər aparırlar. Dəyişiklik fiziki-hüquqi şəxslərin və ölkənin iqtisadi həyatında hiss olunacaq.
Bununla yanaşı, banklar, maliyyə və sığorta sahələri ilə bağlı qanunlarda ediləcək yeni dəyişikliklər iqtisadiyyatın inkişafına töhvə verəcək.
- Söhbət fiziki şəxslər üçün vergi yükünün azaldılmasından gedir?
- Təkliflər və islahatlar həm vergi yükünün azaldılması, vergi mexanizminin təkmilləşdirilməsi, həm də vergi bazasının artırılması ilə bağlı dəyişikliklərdir. Bu ölkənin bütün iqtisadiyyatına müsbət təsir edəcək.
Problemli kreditlərlə bağlı hansısa yenilik ola bilərmi?
- Bu məsələ dəfələrlə Milli Məclisdə həmkarlarım tərəfindən müzakirə olunub. Burada müxtəlif mexanizmlər var. Müxtəlif təbəqədən olan insanların kredit borcu var. Kreditlərin hansı məqsədlərlə istifadə edilməsi tamamilə fərqlidir. Bu istiqamətdə araşdırmalar aparılır. Düşünürəm ki, burada məsələnin hüquqi və iqtisadi tərəflərinin uzlaşması vacidir.
- Siz İKT sahəsini yaxşı bilirsiniz. Bu yaxınlarda güzəştli mənzillərin satışı baş tutdu. Birinci dəfə sistemlərində problem yaranmışdı, ikinci dəfə də eyni hal qısa müddətliyə yaşandı. Ümumiyyətlə, sistem necə qurulmalı idi ki, problem yaranmasın?
- İnformasiya kommunikasiya texnologiyalarının iki tərəfi var. Biri istifadəçi, biri də onun operatoru. İnformasiya texnologiyalarının həmin güzəştli mənzillə bağlı yaradılan sistemi beynəlxalq təşkilatlar tərəfindən audit də olunmuşdu. Mən o sistemin özündə hansısa problemin olması barədə deyilənlərə inanmıram. Sistem müəyyən müddət ərzində kifayət qədər test olunmuşdu. Digər tərəfdən isə, bəzən çox sayda insanın bir sistemə müraciət etməsi həmin sistemdə gözlənilməz davranışa səbəb ola bilər. Məsələn, sizin saytınıza birdən-birə 1 milyon istifadəçi müraciət etsə saytın davranışı tamamilə fərqli olacaq. Bu, hətta feysbukda da belədir. Şikayət edən insanlar bəzən İKT platformalarında qərar mexanizmlərini sona qədər bilmirlər. Bu tipli platformalarda qərarların verilməsi üçün bəzən saniyələr tələb olunur. Düşünürəm ki, bu, prosesin yalnız başlanğıcıdır. Yeni sosial mənzillər tikiləcək. Növbəti dəfə mənzillərin bölüşdürülməsi ilə bağlı artıq heç kimdə şübhə qalmayacaq.
- Bu günlərdə bizim üçün baş verən yeniliklərdən biri də biometrik pasportların verilməsi prosesi oldu. Ancaq hər birimiz belə hesab edirdik ki, artıq yeni pasportlarımız olacaq. Amma məlum oldu ki, yeni şəxsiyyəti köhnə vəsiqəmizi itirəcəyimiz halda əldə edə bilərik. Sizcə, beləmi olmalıydı?
- Bu, mərhələli şəkildə həyata keçirilən bir prosesdir. Biometrik şəxsiyyət vəsiqələrinin digərlərindən fərqli olaraq verilməsinin müəyyən bir prosesi var. Məsələn, əvvəlki şəxsiyyət vəsiqələrində şəkil çəkdirmək yetərli idisə, biometrik şəxsiyyət vəsiqələrində biometrik məlumatların yığılması müəyyən vaxt tələb edən bir prossesdir. Bu prosesi tənzimləmək və mərhələli etmək lazımdır. Biometrik məlumatların, elektron imzanın vəsiqələrə yazılması texniki təhlükəsizlik qaydalarına uyğun aparılmalıdır. Ancaq narahatlığa əsas yoxdur. Yekunda hər birimiz bu şəxsiyyət vəsiqələrinə sahib olacağıq.