Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin AZƏRTAC-a müsahibə verib.
Aktual.az həmin müsahibəni təqdim edir:
- Ramiz müəllim, ekspertlər 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra hazırda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələri ən ciddi gərginlik halı kimi xarakterizə edir, bunun səbəbləri kimi müxtəlif versiyalar irəli sürürlər. Sizin fikrinizcə, cəbhə xəttində vəziyyətin kəskin gərginləşməsi hansı amillərlə bağlıdır və mövcud durumu necə xarakterizə edərdiniz?
- Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq normaları pozaraq 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini qanunsuz olaraq işğal altında saxlayır. 1 milyondan artıq azərbaycanlı öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilmiş, işğal altında olan ərazilərdə bütün infrastruktur, mədəniyyət abidələri dağıdılmış, 20 mindən artıq Azərbaycan vətəndaşı qətlə yetirilmiş, çoxlu sayda insan əsir və girov götürülmüşdür. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar, dünya dövlətləri işğal faktını təsdiqləmiş, buna son qoyulması və qaçqınların öz torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərar, qətnamə qəbul olunmuş, bəyanatlar verilmişdir.
Məlumdur ki, 1994-cü ildə atəşkəs elan olunduqdan sonra ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik missiyası həyata keçirir. Bu dövr ərzində Minsk qrupunun vasitəçiliyi ilə həm yüksək səviyyədə, həm də xarici işlər nazirlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilmiş, münaqişənin tənzimlənməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təəssüflə qeyd etmək lazımdır ki, bütün səylərə baxmayaraq, bu günə kimi BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair məlum dörd qətnaməsinin, eləcə də digər beynəlxalq təşkilatların müvafiq qərarlarının yerinə yetirilməsi istiqamətində heç bir irəliləyiş əldə olunmamışdır. Ermənistan isə heç nədən çəkinmədən hərbi təxribatlarını davam etdirir. Bunun da bir neçə səbəbi var.
Birincisi, bu gün Azərbaycanın apardığı “hücum diplomatiyası” sayəsində Ermənistanın işğalçı simasının ifşa edilməsi, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğurlar əldə olunmuşdur. Ordumuzun gücü günü-gündən artır, dünyada müşahidə olunan iqtisadi gərginliyə baxmayaraq, Azərbaycan inamla irəliləyir, dinamik inkişaf edir. Beynəlxalq aləmdə artan gərginlik fonunda ölkəmiz sabit, təhlükəsiz məkan kimi dünyanın diqqətini özünə cəlb edir. Bütün bunlar da inkişafımıza dözümsüz yanaşan xarici dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini qıcıqlandırır, narahat edir.
İkincisi, Ermənistan münaqişənin tənzimlənməsini istəmir, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasından boyun qaçırır, danışıqlar prosesini imitasiya edir və bütün səylərini mövcud status-kvonun qorunub saxlanmasına yönəldir. Halbuki ATƏT-in Minsk qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın dövlət başçılarının bəyanatlarında və yekdil rəyində status-kvonun saxlanmasının qəbuledilməz olduğu açıq şəkildə ifadə edilmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, status-kvonun dəyişdirilməsi ilk növbədə işğal faktına son qoyulmasını ehtiva edir. Buna görə də Ermənistan cidd-cəhdlə, bütün mümkün vasitələrdən istifadə etməklə, hətta terrora əl atmaqla və cəbhə bölgəsində vəziyyəti gərginləşdirməklə ATƏT Minsk qrupu həmsədrlərinin, beynəlxalq ictimaiyyətin tələblərini sabotaj etməyə çalışır.
Məsələn, 1990-cı illərin sonlarına yaxın Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda müəyyən irəliləyiş müşahidə olunmuş və müvafiq razılaşma əldə edilməsi üçün zəmin yaranmışdı. Ancaq 1998-ci ildə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan zorla istefaya göndərilmiş, ölkədə hərbi xunta hakimiyyətə gələrək danışıqlar prosesini pozmuşdu. Eləcə də 1999-cu ildə Ermənistan parlamenti gülləbaran edilmiş, yüksək vəzifəli şəxslər qətlə yetirilmiş və danışıqlarda yenidən qeyri-müəyyənlik yaranmışdı.
2014-cü ildə Fransa Prezidenti Fransua Olandın vasitəçiliyi ilə aparılan danışıqlardan dərhal sonra Ermənistan hərbi birləşmələri qoşunların təmas xəttində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Azərbaycan tərəfi uzun müddət özünü təmkinli aparsa da, sonda ardıcıl təxribatlara cavab verməyə məcbur olmuş və nəticədə silahlı qüvvələrimizin mövqeyində manevr edən ermənilərin hərbi helkopteri vurulmuşdur. Bununla da Fransanın irəli sürdüyü təşəbbüs və Parisdə aparılan danışıqlar nəticəsiz qalmışdır. Ermənistan, həmçinin 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun irəli sürdüyü rasional təklifləri qulaq ardına vurmuşdur.
Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ-ın bir sıra rəhbər şəxsləri, o cümlədən dövlət katibi Con Kerri və vitse-prezident Cozef Baydenlə görüşmüşdür. Danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq-norma və prinsipləri əsasında həlli məsələsi müzakirə olunmuş, ABŞ rəsmiləri münaqişənin həlli vaxtının çatdığını bildirmiş və Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə etmişlər. Qeyd etmək istərdim ki, bu ərəfədə Ermənistan Prezidenti S.Sarkisyan Moskvaya dəvət olunmuşdur, bu günlərdə isə xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri nəzərdə tutulur. Həmçinin Fransa Prezidenti Fransua Oland cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləmişdir.
Beləliklə, ATƏT Minsk qrupunun hər üç həmsədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli istiqamətində konkret mövqe ortaya qoymuş və mövcud status-kvonun dəyişdirilməsi ilə bağlı səylərini gücləndirmişlər. Belə bir məqamda, üstəlik, dünyanın diqqətinin yönəldiyi Nüvə Sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törətməklə növbəti dəfə sülh prosesinə zərbə vurmağa çalışmışdır.
Üçüncüsü, qeyd etmək istərdim ki, ATƏT Minsk qrupu da daxil olmaqla, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı siyasətinə, ardıcıl təxribatlarla sülh prosesini pozmaq cəhdlərinə adekvat reaksiya vermir. Dünyanın ayrı-ayrı bölgələrində baş verən lokal konfliktlərlə bağlı BMT-nin qətnamələri dərhal icra olunur, təcavüzkarlar, beynəlxalq hüquqa hörmət etməyən qüvvələr dərhal cəzalandırılır, onlara qarşı müxtəlif sanksiyalar tətbiq olunur. Lakin 20 ildən artıqdır ki Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görülməmişdir. Bu da Ermənistanın cinayətkar, terrorçu rəhbərliyini daha da azğınlaşdırır. Mövcud durum isə regionumuzda, daha geniş coğrafiyada sülh və təhlükəsizliyi təhdid edir. Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş verən son hadisələr, ermənilərin növbəti təxribatı bunu bir daha təsdiqləyir.
Qeyd edim ki, Ermənistan tərəfindən cəbhə xəttində mütəmadi olaraq törədilən təxribatlar son günlər özünün pik həddinə çatmışdır. Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın işğal altında olan ərazilərindəki Ermənistan hərbi birləşmələri silahlı qüvvələrimizin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etməmiş, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törətmişlər. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdır. Nəticədə dinc sakinlər həlak olmuş, biri 13 yaşlı uşaq olmaqla mülki vətəndaşlar yaralanmış, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnmiş, çoxlu evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir.
Azərbaycan silahlı qüvvələri düşmən həmlələrinin qarşısını alaraq əks-zərbələrlə onu geri çəkilməyə məcbur etmiş, bir neçə strateji yüksəkliyə nəzarəti ələ keçirmişdir. Ermənistan silahlı qüvvələri çoxsaylı insan və texnika itkisinə məruz qalmışdır. Beləliklə, həm erməni təxribatının qarşısı alınmış, həm də təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmlənmiş, düşmən və havadarları ordumuzun gücünü və döyüş əzmini reallıqda hiss etmişlər. Cənab Prezident Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkən zaman bildirmişdir ki, Azərbaycan Ordusu öz ərazisində döyüşür, doğma torpaqlarını qoruyur. Silahlı qüvvələrimiz düşmənə layiqli cavab verib və onu geri çəkilməyə məcbur edib. Azərbaycan əsgəri işğalçı erməni ordusu ilə müharibə aparır və düşməndən fərqli olaraq, biz heç zaman dinc əhaliyə qarşı vuruşmuruq. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğurdan da Azərbaycan əsgəri qəhrəmandır.
Fürsətdən istifadə edərək qəhrəmancasına həlak olmuş zabit və əsgərlərimizin, eləcə də təxribatın qurbanı olmuş dinc sakinlərimizin ailələrinə, yaxınlarına başsağlığı verir, dövlətin bu ailələrə daim qayğı göstərəcəyini bir daha xatırlatmaq istəyirəm. Prezident İlham Əliyev həlak olanların ailələrinə maddi yardım göstərmək, döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün təkliflər hazırlamaq göstərişi vermişdir.
- Baş verən hadisə həm yerli, həm də xarici kütləvi informasiya vasitələrində geniş işıqlandırılır. Həmçinin beynəlxalq qurumların, ayrı-ayrı dövlətlərin rəsmi şəxslərinin bəyanatları səslənmişdir. Sizin fikrinizcə, informasiya məkanında ümumi tendensiyanı, beynəlxalq ictimaiyyətin rəyini vəziyyətə adekvat hesab etmək olarmı?
- Bilirsiniz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, aydın görə bilərik ki, düzgün informasiya siyasəti, vətəndaş həmrəyliyinin təmin olunması mühüm əhəmiyyətə malik məsələlərdir. 1990-cı illərin əvvəllərində Azərbaycan informasiya blokadasından böyük əziyyət çəkmiş, baş verən hadisələr dünya ictimaiyyətinə birtərəfli qaydada, ermənilərin xeyrinə çatdırılmışdır. Sonrakı illərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ümumdünya informasiya məkanında əlverişli mövqe əldə etmək, əsl həqiqətləri dünyaya çatdırmaq və Ermənistanın işğalçı siyasətini dünyanın qınaq hədəfinə gətirmək mümkün olmuşdur.
Bununla yanaşı, bilirsiniz ki, internetin, yeni medianın inkişaf etdiyi, sosial şəbəkələrin genişləndiyi və hər kəsin öz fikrini sərbəst şəkildə ictimailəşdirmək imkanı qazandığı müasir şəraitdə dövlətlər də öz informasiya siyasətini daha da təkmilləşdirməyə, milli informasiya vasitələrini gücləndirməyə, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltməyə və milli informasiya məkanının neqativ təsirlərdən daha etibarlı qorunması üçün əlavə tədbirlər görməyə məcbur olurlar.
Xatırladım ki, 2014-cü ilin avqustunda cəbhədə gərginliyin yaranması ilə əlaqədar Azərbaycan KİV-lərində, xüsusilə də internet media və sosial şəbəkələrdə çox ziyanlı süni ajiotaj müşahidə edildi. Buna görə də avqustun 29-da Prezident Administrasiyası rəhbərinin sədrliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə geniş müşavirə keçirildi, mövcud vəziyyət dərindən təhlil olundu, KİV-lərə və mətbuat xidmətlərinə müvafiq tövsiyələr verildi. Sentyabrın 24-də isə Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzaladı. Sərəncamda bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyəti qaydalarının hazırlanması və təsdiq edilməsi, Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların yayılmasının yolverilməzliyi, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər öz əksini tapmışdır. Sonrakı dövrdə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilmiş, jurnalist peşəkarlığının yüksəldilməsi, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi və xüsusilə yeni medianın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü addımlar atılmışdır. Təbii ki, bütün bu tədbirlər təsirsiz qala bilməzdi. Son hadisələr də göstərdi ki, kütləvi informasiya vasitələrimiz, jurnalistlərimiz cəbhə bölgəsində gərginliyə olduqca həssas, peşəkarcasına yanaşdılar, dezinformasiyaya uymadılar. Ümumilikdə, ölkənin vətəndaş cəmiyyəti institutları, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılarımız, gənclərimiz əsl vətənpərvərlik nümunəsi və vətəndaş mövqeyi nümayiş etdirdilər. Hesab edirəm ki, müşahidə olunan milli həmrəylik bizim böyük nailiyyətimiz və gələcək uğurlarımız üçün vacib amildir.
Bununla yanaşı, bəzi hallar hələ də narahatlıq üçün əsas yaradır. Sirr deyil ki, Azərbaycanı sevməyən dairələr, xüsusilə ermənilər bütün mümkün vasitələrdən istifadə etməklə cəmiyyətimizi və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Təəssüf ki, bəzi hallarda ayrı-ayrı vətəndaşlarımız da bu neqativ halın təsiri altına düşür, xüsusilə sosial şəbəkələrdə ermənilərin yaydığı dezinformasiyaları paylaşır, ola bilər ki, istəmədən düşmənin qurduğu məkrli oyunun iştirakçısına çevrilirlər. Məlumdur ki, hazırda ermənilər guya Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı yaşayış məntəqələrini atəşə tutduğu, dinc sakinlərin öldüyü barədə olmazın şayiələr yayır, bu “faktlarla” müxtəlif beynəlxalq təşkilatlara müraciət edir, Azərbaycana qarşı tədbirlər görülməsini istəyirlər. Halbuki, Azərbaycan Ordusu dinc insanların davamlı atəşə tutulduğu yüksəklikləri götürərək mülki əhalini müdafiə edib, cavab tədbirləri görüb. Əksinə, ermənilər Azərbaycanın təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini ağır silahlardan atəşə tutur, mülki əhalini qətlə yetirir, infrastruktur və yaşayış obyektlərini dağıdır.
Ermənistan hakimiyyəti ölkədə narazılığın artacağını, daxili vəziyyətin daha da gərginləşəcəyini bildiyi üçün Ermənistan ordusunun cəbhədə itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən çəkinir, erməni lobbisinin, öz təsiri altında olan satqın “ekspertlərin”, “politoloiqların”, KİV-lərin imkanlarından istifadə etməyə çalışır. Onlar beynəlxalq auditoriyaya “müstəqil DQR”-in Azərbaycan dövlətinə qarşı “vuruşduğu”nu, məhz Azərbaycanla qondarma “DQR”-in qarşı-qarşıya dayandığını təlqin etmək istəyir və Ermənistanı hədəfdən yayındırmağa səy göstərirlər. Bəzi ölkələrin KİV-lərinin təqdimatında bu tendensiya açıq-aydın görünür.
Dövlət orqanlarının, diaspor təşkilatlarımızın, kütləvi informasiya vasitələrinin, sosial şəbəkə fəallarının, ümumilikdə bütün cəmiyyətimizin əsas vəzifələrindən biri də bu həqiqətləri dünyaya çatdırmaq olmalıdır. İndi bütün cəmiyyətimiz üçün olduqca həssas dönəmdir. Buna görə də sosial statusundan, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş dövlət və cəmiyyət qarşısında öz borcunu layiqincə yerinə yetirməli, daha vətənpərvər olmalı və ümumi işə öz dəyərli töhfəsini əsirgəməməlidir.
Azərbaycanın mövqeyi, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər dünya ictimaiyyətinə qərəzsiz təqdim edilməlidir. Ermənilərin həm cəbhədəki, həm də informasiya məkanındakı təxribatına lazımi cavab verilməlidir. Kimsə gözləməməlidir ki, ona hansısa tapşırıq verilsin. Dünyanın nüfuzlu media orqanları atəşkəsin ermənilər tərəfindən pozulduğunu, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu etiraf edirlər.
Azərbaycan Prezidentin G-20 sammitində, Münhen təhlükəsizlik konfransında, Nüvə sammitində iştirakı və keçirdiyi görüşlər təsdiqləyir ki, Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri ilə münasibətləri kifayət qədər yüksək səviyyədədir. Avropa Şurası Parlament Assambleyasının prezidenti və İslam Əməkdaşlıq Təşkilatının baş katibinin Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməli olduğu haqda bəyanatları çox mühümdür. Pakistan, Türkiyə Azərbaycanın haqlı mövqeyini dəstəkləmişlər, hətta Ermənistanla eyni hərbi blokda - Kollektiv Təhlükəsizlik Müqaviləsində təmsil olunan Belarusun mövqeləri birmənalı olaraq Azərbaycanın lehinədir. ABŞ, Böyük Britaniya, Fransa, Almaniyanın siyasi elitası tərəfindən də analoji rəylərin çoxalmasının şahidi oluruq. Bu onu göstərir ki, cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan həqiqətləri etiraf olunur, Ermənistan get-gedə daha çox diplomatik təcridə, təklənməyə sürüklənir.
Əminik ki, bu çağırışlar, verilən bəyanatlar, dünya mediasında müşahidə edilən pozitiv meyil beynəlxalq qurumların daha obyektiv mövqe tutmasına təkan olacaq, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verəcəkdir.
- Münaqişənin tənzimlənməsi perspektivlərini necə qiymətləndirirsiniz?
- Azərbaycan ilk növbədə münaqişənin sülh, danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olmuşdur və indi də bu mövqeyə sadiqdir. Bununla yanaşı, Prezident İlham Əliyev qəti şəkildə bəyan etmişdir ki, Azərbaycan sonu olmayan bir prosesdə iştirak etməyəcək və danışıqlar naminə danışıqlar aparmayacaq. Reallıq ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi missiyasını həyata keçirməli olan ATƏT-in Minsk qrupunun qətiyyətsiz mövqeyi nəticəsində irəli sürülmüş bütün təşəbbüslər Ermənistan tərəfindən rədd edilmiş, müntəzəm şəkildə təxribat törədərək danışıqlar prosesini pozan bu işğalçı ölkəyə qarşı heç bir təsir mexanizmi tətbiq edilməmiş, beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmamış, bəzi hallarda isə beynəlxalq qurumlarda qaldırılan aktual məsələlər süni şəkildə bloklanmışdır. Təbii ki, belə bir vəziyyətdə mövcud reallıqları da nəzərə almaqla, Azərbaycan öz məqsədyönlü siyasətini daha əzmlə davam etdirəcəkdir. Ölkəmiz öz hərbi gücünü artıracaq, hücum diplomatiyası, Ermənistanın iqtisadi baxımdan təcrid siyasəti davam etdiriləcək. Bundan sonrakı dövrdə də həm beynəlxalq təşkilatlarda, həm informasiya məkanında, həm də qoşunların təmas xəttində Ermənistanın bütün təxribatlarına layiqli cavab veriləcək.
Cənab Prezidentin qeyd etdiyi kimi, regionumuzda sülh və əmin–amanlığın, əməkdaşlıq mühitinin bərqərar olması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməli, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bir daha xatırlatmalıyam ki, Azərbaycan xalqı öz torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq. Azərbaycan ordusu öz missiyasını yerinə yetirərək, ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir. Cinayətkar Ermənistan rəhbərliyi və onun havadarları bu həqiqəti nə qədər tez dərk edərsə, münaqişə dinc yollarla bir o qədər tez həllini tapar.