Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan tarixinin keşməkeşli, zaman ilə ölçülməyən illəri, yaşanılan zamanın həqiqətləri, şəxsiyyətləri salnamələrə yazılır. Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Belə nadir şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, Onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilib. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamına təsadüf etmək mümkün deyil.
Əbəs yerə deyilmir ki, gələcəyə keçmişimizlə addımlayırıq. Gələcəyi düzgün müəyyənləşdirmək üçün, sözsüz ki, keçilən yola bir baxış keçirməyə böyük zərurət duyulur. Bu fikir də hər zaman önə çəkilir ki, insanlar yeniliyi tez qəbul edir, amma bəzən bunun hansı çətinliklər, səylər sayəsində əldə olunduğunu düşünmürük. Bu baxımdan bu gün biz müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən 24 illik müstəqilik tarixində keçdiyi yola və əldə etdiyi təcrübəyə qısaca da olsa nəzər salmağı bir zərurət kimi qəbul edirik. Eyni zamanda, bu təhlillər zamanı tarixi şəxsiyyətlərin, ölkəni inkişafa aparan strategiyasının müəllifinin liderlik keyfiyyətləri də xüsusi önəm kəsb edir. Çünki ölkə o zaman inkişafa doğru irəliləyir ki, ona güclü siyasi lider rəhbərlik edir.
Ulu öndər Heydər Əliyevin əsəri kimi dəyərləndirilən Azərbaycanın uğurlarından bəhs edərkən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə gördüyü işlərə, onların bazası əsasında müstəqillik tarixmizdə həyata keçirilən tədbirlərə baxış keçirmək bir tələbdir. Dahi şəxsiyyət Heydər Əliyevin “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” tezisi məhz hakimiyyətinin birinci dövrü üçün xarakterik idi. Həmin dövrdə milli dövlət anlayışı yasaq idi. Lakin ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti, ən əsası bacarığı sayəsində xalqımızın şüurunda “milli maraqlar” anlayışı dərindən kök saldı.
Məhz Sovetlər Birliyi dövründə milli maraqların real siyasətdə reallaşması 80-ci illərin sonunda ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırladı, 1991-ci ildə dövlət müstəqilliyimizin qazanılması üçün baza formalaşdırıldı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyindən irəli gələn addımlarının miqyası geniş idi. Azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədi ilə böyük səyləri nəticəsində C. Naxçıvanski adına Hərbi Liseyi yaratması və s. addımlar bu məqsədə xidmət edirdi. Ən əsası ulu öndər Heydər Əliyev hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqini düşünərək, 1969-1982-ci illərdə uğurlu siyasəti ilə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirdi. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılış mərasimindəki çıxışında həmin dövrü belə xarakterizə etmişdir: “Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970-1980-ci illərdə onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.
Məhz həmin dövrdə qoyulan möhkəm təmələ əsaslanaraq bu fikir böyük inam və qətiyyətlə bildirilir ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün xalqımıza, dövlətimizə xidmət göstərir, Azərbaycan dinamik iqtisadi inkişafı ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı illər də Azərbaycanın dirçəlişi, inkişafı dövrü kimi tarixmizə yazılıb. Sovetlər Birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.
Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı ağır durum yaddaşlardadır. Xaos, anarxiya, özbaşınalıq o illərin xarakterik cəhətləridir. Xalqın sabaha ümidi itmişdi. Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi. Belə çətin dövrdə xalq dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü ölkəsinin gələcəyinə həsr edən ulu öndər Heydər Əliyev ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı. Bu tarixi paralellər əsasında bu fikri böyük qətiyyətlə bildiririk ki, ulu öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın banisidir. Çünki Azərbaycan 1991-ci ilin oktyabarında dövlət müstəqilliyini yenidən bərpa etsə də, müasir, müstəqil tariximiz 1993-cü ildən başlayır. 1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları qoyulmuşdur. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi əsasında hazırlanan milli Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Əsaslı iqtisadi və siyasi islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirdi, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribunalar qazandı. Beynəlxalq təşkilatlara üzv qəbul olunması ona bu imkanları daha da artırdı. “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır” – söyləyən ümummilli lider Heydər Əliyev bu məqsədə nail olmaq üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını müqəddəs Azərbaycan qayəsi ətrafında birliyə çağırdı. Bir sözlə, müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ümummilili lider Heydər Əliyevə nəsib oldu. Azərbaycan xalqının yüksək səviyyədə qeyd etdiyi bayramları sırasına 15 iyun — Milli Qurtuluş Gününün daxil olması da əsassız deyil. Bu tarix bir daha Azərbaycan dövlətinin, xalqının həmin illərin çətinliklərindən, ağır durumundan Qurtuluş günü oldu. Həmin tarix bugünkü uğurlarımızın başlanğıc nöqtəsi, müstəqilliyimizin əbədiliyinin, dönməzliyinin ən yüksək səviyyədə qeyd olunduğu gün oldu.
Ulu Öndər ideyalarınnı uğurlu davamçısı
Dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən danışarkən onun ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olan Yeni Azərbaycan Partiyası təsis konfransını 1992-ci il noyabr ayının 21-də müxtəlif regionlardan təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsinin iştirakı ilə keçirdiyi halda, bu gün öz sıralarında 670 minə yaxın üzvü birləşdirir. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, hazırda Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə inamın təsdiqidir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə qısa baxış bir daha belə bir ümumiləşdirməyə və reallığı təsdiqləməyə əsas verir ki, bugünkü müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu əsəri ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyi ilə zənginləşdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün ən yüksək zirvədədir.
Azər Verdiyev
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri