Azərbaycan sevdalı Elazığ
("Qənirə Paşayeva ilə addım-addım
Elazığ")
Belə ismarlayıb
yaddaşlara xocalar xocası Əhməd Yəsəvi dədəmiz. Özünə rəva bilmədiyini bir
başqasına qarşı etmə deyərək. Özümüzdən başlaya bilməyimizin örnəyi olaraq
özündən başlayıb, özünə səslənir:
Hoca Ahmet, zahid olma,
aşiq ol sən,
Bu yollarda ayıq yürü,
sadiq ol sən.
Leyla, Məcnun, Fərhad,
Şirin, Vamik ol sən,
Aşk olmadan hakkın üzü
görülməz.
Böyük Əhməd Yəsəvinin
buyurduğu kimi, Elazıq yollarıyla ayıq, eyni zamanda da ehtiramlı duyğularla
yürüdük...
Elazığın kutsal
dünyasını, munisliyini müqəddəsliyin gerçək üzlərindən biri olaraq ziyarət
etdik. Bir an, tək bircə məqam olmadı ki, Əhməd Yəsəvi dədəmizin bu xəyal
yüksəldib, könül açan misraları bizimlə olmasın. Hər qədəmimizi, hər baxışımızı
izlədi, izlədi:
Ey dostlarım, bu yolların ötəsi çox,
Keçmək olmaz pir dediyin
yapmayınca.
Yüz min bəla, möhnət,
afət bəlası çox,
Bilmək olmaz pir dediyin
yapmayınca.
Ancaq qaçılmaz
gerçəklikdi ki, qarşı yatan qara dağları, gen-bol düzəngahları, ətəyi
obalı-elli yamacları uca Yaradanın özü bir ziyarətgah olaraq yaratmışdı.
Baxdıqca gözümüz sevinir, qəlbimiz isinirdi. «Türkük, müsəlmanıq bu dağlar
qədər» qürurumuz hər baxışdan yaslanır, şəkillənirdi.
Bu tarixi, unudulmaz
diyara, bolluq-bərəkət məkanı olan vilayətə Giresun-Ordu, Karabük-Safranbolu,
Malatya yollarından keçib də gəlmişdik. Yaşıltəpə köyünü sol səmtdə qoyub
düzü-düzünə Elazıq yolunı tutub yürümüşdük. Unudulmaz Malatya xatirələri ilə
baş-başa varıb gəlmişdik. Malatya-Elazıq şosse yolu tarixi gəlişmələrin bir
unudulmaz səhifəsini açmışdı önümüzdə. Malatyanın geniş ərik bağlarından
duyğularımıza əsən xoş qoxu dəfolunmaz bir ilğım kimi sarmışdı yan-yörəmizi.
Dost-qardaş diyarı-məskəni bilərək də yolu-izi tutub gəlmişdik Elazığa.
Sakinləriylə bir ətdən, bir qandan, bir ruhdan gəldiyimizi bilirdik. Dörd min
illik tarixinə bələdliyimiz vardı. Bir boydan, bir soydan gəlməmizin
fərqindəydik. Bilirdik ki, qədim-qayım Oğuz eli ərənlərinin ruhu bu bənzərsiz mədəniyyət
daşıyıcısı olan vilayətin hər səmtindən ürpənməkdəydi.
Erməni vəhşətinin qurbanı
olan doğma Xocalımızın soyqırıma məruz taleyinin ağrısını Elazıq insanlarının
bizlərdən az çəkmədiklərini əməli işlərindən bilirdik; İllər öncəsi Elazığın
mərkəzində Azərbaycan parkı salmış, burada Azərbaycan şəhidlərinin xatirəsinə
abidə ucaltmışlar. Xankəndi məhəlləsini hər gün keçib-gedən Elazıq insanları bu
yolla uzun illərdir qardaş, dost həmrəyliklərini bəyan etmədədilər. Xankəndi
bağlılığı dostluq-qardaşlığın daha əzəlki bağı, ilməsi kimi bizlərə əziz idi.
Mənəvi böyüklərimizdən
olan Şəms Təbrizinin ruhu şad olsun; öyüdünü-nəsihətini unutduğumuz olmadı heç.
İznliydik qardaş şəhərinə qədəm basmağa. Şəhər bələdiyyəsinin yetkililəri
dost-doğma qardaş ehtiramı ilə yolumuzu bəkləməkdəydilər. Fırat Universitetində
yolumuzu gözləyirdilər.
Görkəmli füzulişünas alim
Əkrəm Cəfər bu dahi şairdən bəhs edərkən söylərdi ki, Füzuli şeriyyətini
mütaliə etdiyim zamanda hər misra, hər beyt önündə salavat çevirirəm.
Müqəddəslik, paklıq
önündə ən önəmli güman yerimiz salavat çevirməkdi.
Elazığın hər qədəm
torpağı, cığırı-izi Məhəmməd Füzuli şeriyyətinin ruh içində ruh oyadan pak
dünyası kimiydi; Salavat çevirib, ehtiramla baş endirməyimizin savabı vardı.
Elə duyğulu idik ki... Bu yollarla ayıq yürüyüb, sadiq olmamaq mümkünmü? Könlü
Kəbə yapmadan adlayıb getməkmi olar? Qədimdən-qədim tarixini yarpaq-yarpaq
vərəqləməyincə çörəyinə əl uzadıb, suyunu içməkmi olar?
tarİxİn yaşıdı – harput
Ancaq gərəkdi ki, lap
əzəl başdan Harput şəhər tarixindən başlayasan. Elazıq mərkəzinin vur-tut beşcə
kilometrliyində yerləşir. Bu tarixi məkanda ilk dəfə Hürrilər məskən salıblar.
Hitit və Assurlarla davamlı əlaqələri olan Hürrilərin Asiyaya çıxışları da
geniş idi. Hititlərin baş şəhəri Boğazköydə aşkar edilən yazılı qaynaqlar
Harputdan «İtuva» deyərək bəhs edir. Yenə də Miladdan öncə 9-cu yüzildə Doğu
Anadoluda dövlət quran Urartuların Elazıq tarixindəki yeri Harput qalasının
bilinən və bilinməyən pünhan dünyasında ömr etməkdədi.
Tarixi qaynaqlar, məxəzlər
üzərinə aparan söhbəti balla kəsmək istəyirəm.
Bir növ, məcburam buna. O
səbəbdən ki, Elazığa qədəm qoyduğumuz ilk andan yaddaşıma köçürdüyüm və hər
məqamı mənə əziz olan xatirələr yeni bir biçimdə qələmin ucuna sarınır, önə
çıxır, diqqətimi məhz həmin səmtə yönəldir. Bu xatirələrin unudulmazlığı,
xətri-hörməti önündən etinasız keçə bilmirəm. İlk dəfədi ki, təslim oluram anın
felinə. İlk dəfədi ki, özümüzdən başlayası oluram...
HAMI YATMIŞ, GECƏ KEÇMİŞ
YARIDAN...
Upuzun bir yol adlayıb
yetişmişdik Elazığa. Gecədən xeyli keçmişdi. Bu yolçuluqda mənimlə bir arada
olan dostlarım otelə yetər-yetməz həmən odalarına çəkilmişdilər. Səhər erkəndən
toplantılar, Dağlıq Qarabağ problemi və Xocalı Soyqırımı ilə bağlı konfranslar,
çoxlu görüşlər bizi gözləyirdi. Hamı yatmışdı... Unudulmaz Məhəmmədhüseyn Şəhriyar demiş, bir Allah oyaq idi, bir də
mən... Özümlə götürdüyüm kitabları yerbəyer edirdim. Ertəsi gün Fırat
Universitetində soyqırım qurbanı Xocalının anım günüylə bağlı düzənlənəcək
tədbirdə söyləyəcəklərimi düşünürdüm... Aradan keçən 22 illik vaxt, zaman
məsafəsinin duz yükü varlığımı nanə yarpağı kimi büküb-bürmələyir, yuxumu ərşə
çəkirdi. Dualarımı edirdim, diləyimi diləyirdim: «İlahi, özün yardım et ki,
insanlarımızın günahsız axıdılan qanı yerdə qalmasın. Bu insanlıq əleyhinə
cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olması üçün
xalqımıza yardım et! Bizi şəhid ruhu önündə xəcil eyləmə. Düşmən məkrlidi,
hiyləgərdi, arxadan vurmağın, namərdliyin, nakəsliyin xas ustasıdı. Namərd
əlindədi düşmən zənciri, necə qısqırtsalar. O cür həmlə edir haqqın üstünə...
İlahi, haqq ağacımızı, haqq savaşımızı şəhid qanımızla sulamağa, ayaqda
saxlamağa yardımçı ol. Dədəmiz Əhməd Yəsəvi demiş:
Cilve kılgil, tilbe
kılgil, şeyda kılgil,
Mecnun kılgil, el ve
halka rüsva kılgil.
İşıq göster, pervane dek
yanıq kılgil,
Her ne kılsan aşik eylə,
ey Allahım.
Bizi mübarizə, haqq
savaşı aşiqliyindən cüda etmə.
"DOST SƏNİ BAĞINA MEHMAN
EYLƏSƏ...”
Dədə
Ələsgərdən qalan öyüd-nəsiyyətdi; "dəvət olunduğun bağın almasın ye, heyvasın
dər, narın üz” - deyib də saza əl aparıb o böyük ustad. Bizi Elazıqda Fırat
Universitetində çalışan alim dostlar; qarşıladılar. Səhər o başdan, dan yeri
ağarar-ağarmaz bizi səhər süfrəsi başına götürdülər.
İlk bələdçimiz, can
deyib-can eşidənimiz Fırat Universitenin dəyərli aydınları Elazıq Böyük şəhər Bələdiyyəsinin yetkililəri oldu.
Qardaş sayğısını gördük ilk andan. Qardaş sayğısıyla duz-çörək kəsdik. Əl
uzatdığımız halal qardaş, dost süfrəsi oldu.
VƏTƏN UNUDULMUR, VƏTƏN
UNUTMUR...
Şair, ədəbiyyatşünas
qardaşım Sərvaz Hüseynoğlu ancaq mənim eşidə biləcəyim bir tərzdə, özünəməxsus
sakitliklə səhər o başdan etdiyi ricanı xatırlatdı mənə. Qanlı-qadalı 37-ci
illərin repressiya qurbanı, nakam şairimiz Almas İldırımın tez-tez ziyarət
etdiyi, doğma Xəzər dənizinin qoxusunu aldığı Xəzər gölünü ziyarət etmək
istədiyini bildirmişdi. «Mütləq ziyarət edəcəyik-demişdim. - Mütləq!»
Həmən, heç unuda
bilmədiyim, zaman-zaman haqqı tapdalanmış, eli-obası yağmalanmış
Azərbaycanımıza ana laylası kimi xitab olunmuş misralar yaddaşımı göynədib
keçmişdi:
Hanı məni gül qoynunda
doğuran,
Xamırımı göz yaşıyla
yoğuran,
Beşiyimdə «layla balam!»
çağıran?
Azərbaycan, mənim baxtsız
anam, oy!..
Neçə ildir həsrətində
yannam, oy!..
Ani olaraq yenə
xatırlayıram o unudulmaz misraları. Xocalı ağrısının, nisgilinin qaysağını
qoparır elə bil...
Bələdiyyə yetkililəri və
alim dostlar:
- Bir şeymi gərəkdi-deyə
soruşurlar.
Almas İldırımla bağlı
Elazıqda nələrin qaldığını soruşuram.
O könül parçalayan
olaylar yenidən xatırlanır; Sovet imperiyası təzyiqləri əlindən doğma
Bakısından baş götürüb Türküstana qaçan şairi burada da rahat qoymurlar.
Əlacsız qalıb Cənubi Azərbaycana üz tutur. Burada da fars zabitləri onu cəsus
hesab edir, səhərə qədər boğazına kimi çıxan su içində saxlayırlar. Birtəhər
canını qurtarıb qardaş Türkiyəyə pənah gətirir. Həyat yoldaşı və körpə balası
Azərlə bərabər. Azər Yılmaz 3-4 il əvvəl Bakıda olarkən Sərvaz bəyə özü danışıb
bu əhvalatı: «İran sərhəddini keçərkən mən anamın qucağında olmuşam. Bir yandan
yorğunluq, əzab-əziyyət, bir yandan da mənim aclıqdan ağlamağım əhdlərini
kəsibmiş. Məni bir qaya dibində qoyub Allaha tapşırırlar. Ayrı əlac yox imiş.
Ancaq az getməmiş dözməyiblər. Dönüb götürüblər. Nə qədər çətin olsa da
götürüblər».
Gəliblər Elazığa. Almas İldırım
burada bir müddət müəllim kimi çalışıb. Xiffət içində yaşayıb. Gəlirmiş doğma
Xəzərini xatırladan gölün kənarına, saatlarla oturub tamaşa edir, xəyala
dalırmış. Sonra Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkə məktub yazıb,
bu gölə rəsmən Xəzər adının verilməsini xahiş edib. Nakam şairin bu arzusu
nəzərə alınıb. O ağrılı illərin canlı şahidi Azər Yılmaz söyləyir bunları.
Fırat Universitetinin
rektor yardımçısı Nuru bəy telefon açıb kiminləsə konuşur: - Azərbaycandan
millət vəkilimiz Qənirə xanım öz arkadaşları ilə gəlib. Bizimlə olmağınızı rica
edirik, həmən gəl!
Az keçməmiş Azərbaycan
ədəbiyyatının yorulmaz təbliğatçısı, «Manas» nəşriyyatının başqanı Şener Bulut
gəlir. Hal-əhvallaşır, sonacan bir yerdə oluruq. Almas İldırımdan bəhs edirik.
Şener bəy «Uyuduğu qəbir naməlumdu, - deyir - ancaq şəhərimizdə adını daşıyan
küçə var...» Oğlu Azər Yılmazın mobil telefonunu verir. Həmən zəng edirəm. Azər
bəyin yorğun, qos-qoca, tutqun səsi «sizi Azərbaycanın Millət vəkili Qənirə
xanım Paşayeva arayır» sözlərini eşidəndə elə bil birdən-birə dirçəlir, yorğun,
səsi fərəh dolu bir ahəng alır...
Həm də titrəyir...
Həm də qəm dolu bir
hekayət boxçası kimi açılır elə bil...
Fevralın 23-də İstanbulda
olacağımızı və mütləq ona telefon açacağımı söyləyib sağollaşıram... Heç
unutmadığım misralar dolaşır yaddaşımda:
Hakka aşiq dərvişlərin
daşı göydə,
Bu aləmdə məkan tutmaz
canı göydə...
Haqqa aşiq olan
dərvişlərin könül dostu Almas İldırımın ciyərparası Azər bəyin telefonda
titrəyən, eyni zamanda sevincək səsi hələ də qulaqlarımdan getmir.
Bu, «Azərbaycan» parkıdı...
Elazığın ən görümlü
yerlərindən birində Azərbaycan adını əzizdən əziz tutaraq salıblar bu parkı.
Tanış olduğumuz qısa vaxt ərzində bizimlə çox doğmalaşan Şener bəy parkda
Azərbaycan şəhidlərinin anımıyla bağlı abidənin açılış mərasimindən söz açır.
«Yazıçılar Birliyinin sədri Anar və bir çox başqa ziyalılar da iştirak
edirdilər” – deyir.
Qardaşın qardaşa olan
təmənnasız sayğısından, dərdini, kədərini dərdi, kədəri bilməsindən duyğulanır,
qürur keçiririk. Eyni zamanda, Xocalı yaramız, o gözəl bölgələrimizin işğal
altında olması könüldən sevinməyə imkan vermir. Şəhidlərimizin ruhuna dualar
oxuyur, Xocalı dəhşətinin törədildiyi günlərdə çəkdiyimiz acılardan söz açırıq.
Hamımız "İnşallah, torpaqlarımızın bir millət olaraq azad edib o gözəl
bölgələrimizdə də şəhidlərimizin ruhuna abidələr ucaldarıq... İnşallah, gələn
dəfə Dağlıq Qarabağda görüşək" deyirik.
«EY, NƏ XOŞ ANLAR İDİ...»
Xoş anlardı ki, Elazıq
mərkəzində salınan «Azərbaycan parkı»ndan keçib Almas İldırım küçəsi, Bəxtiyar
Vahabzadə prospekti ilə irəliləyirik. Xankəndi məhəlləsi haqqında Şener Buludun
verdiyi bilgiləri dinləyə-dinləyə tarixi qardaşlığımızdan, bir kökdən gəlib,
bir kökə getməyimizdən söhbət açırıq. Elə hey düşünürəm ki, elə bil, başlarına
gələcək qəzavü-qədəri əvvəlcədən bildiyi üçün Allah daha möhkəm yaddaş veribmiş bizim Qarabağ camaatına. Tarixin bəzi
dönəmlərində Qarabağdan köçmək məcburiyytində qalmış bəzi Qarabağlı ailələr
hara köçüblərsə o yerlərə özləri ilə bərabər doğma yer-yurd adlarını da
aparıblar, məskunlaşdıqları yerə öz doğma obalarının adını veriblər. Bu,
Qarabağdan köçmək məcburiyyətində qalan insanlarımızın xüsusi özəlliyə malik
bir xarakter, düşüncə, ilkinliyə bağlılıq xüsusiyyətləridi.
Almaz
İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospektində söhbət edirik. Elazıqlı alim
dostlarımız Azərbaycan ədəbiyyatının bir sıra tanınmış şair və yazıçılarının
Elazığı ziyarət etdiklərini xatırladır. Dönüşümüzdə onlara salamını çatdırmağı
rica edir: "Elazıqda ənənəvi şəkildə keçirilən Beynəlxalq Xəzər poeziya
şöləninə Azərbaycandan xeyli şair dəvət edirik. Sağ olsunlar, həmişə sözümüzü
tutub gəlirlər. Bu dəvətlər və görüşlər qarşılıqlıdı. Azərbaycan Yazıçılar Birliyinin
dəstəyi ilə Bakıda keçirilən Xəzər şeir axşamları günlərini heç unutmadıq
ki!..” An əbədiyyətə qovuşur. Zaman durdurulur. Məmməd Arazın misraları
sıralanır yaddaşımda: «Burda nə danışmaq, burda nə dinmək, gedən gedərgidir,
qalan qalacaq...»
Bir yanı Malatya, bir
yanı Bingöl, bir yanı Tunceli və Diyarbəkir olan Elazıqda qonaq deyilik... Daha
çox ev sahibi kimiyik; Xankəndi məhəlləmizlə, Almas İldırım küçəmizlə, Bəxtiyar
Vahabzadə prospektimizlə, «Azərbaycan parkı»mızla, Xəzər gölümüzlə. Bu yurdun
hər qarış torpağını qanı-canı bahasına qorumuş, bu vilayəti qurmuş, ucaltmış, Harput
əfsanəsinin baş qəhrəmanı Balak Qazi dost-doğma Oğuz boyundan gəlmişdi. O
boydan ki, ruhumuz, canımız o müqəddəslikdən qaynaqlanır.
HALALLIQ ALMADAN KEÇİLMƏZ BURDAN
Elazığın hər məhəlləsi,
küçəsi bir tarix boxçasıdır. Bunun nədənliyinə varmaq üçün gərək Hicrət,
Nailbəy, Rüstəmpaşa, Mustafapaşa, Rizayiə, Cümhuriyyət məhəllələrini
əmin-arxayın gəzib-dolaşa biləsən. Ancaq vaxt gözləmir, zaman dar gəlir.
Elazıq Böyük Şəhər
Bələdiyyəsində olan görüşdə xoş qarşılayırlar bizi. Yenə də bir kökdən
gəlməyimiz, dil, din, ruh doğmalığımız əsas mövzu olur. Azərbaycan-Türkiyə
əməkdaşlığından, Qarabağdan, gənclərimizə ortaq tarix, ədəbiyyat, mədəniyyət və
həqiqətlərimizin daha geniş öyrədilməsinin önəmini vurğulayırıq. Bələdiyyə
yetkililərinə səmimi görüş üçün minnətdarlığımı bildirirəm. Elazığın
Azərbaycanın böyük, tarixi şəhərlərindən biri ilə qardaşlaşması zərurətindən
söz açıram və bunun çox böyük əhəmiyyətini xüsusi vurğulayaraq Elazıqda
Azərbaycan şəhərlərindən birinin qardaşlaşmasını təklif edirəm. Təklifi böyük
məmnuyyətlə qəbul edib "bu məsələ üzərində çalışacağıq” deyirlər. Bələdiyyə
yetkililəri ilə görüşümüzdə ortaq acımız Dağlıq Qarabağ problemi, Xocalı
soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi üçün həyata keçirilən
işlərdən də danışırıq. "Türkiyə hər zaman yanınızdadı” deyirlər. Bələdiyyə yetkililərinə Azərbaycan,
tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı
kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum "Xocalı soyqırımı
tanıkların dilinden” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB-nin hazırladığı "Azərbaycan həqiqətləri” sənədli
filmlər toplusunu, eyni zamanda müəllifi olduğum "Qənirə Paşayeva ilə
addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm. Bələdiyyə yetkililərinə
görüşdə iştirak edən dostlara yaxın zamanlarda "Qənirə Paşayeva ilə addım-addım
Türk dünyası” seriyasından ikinci kitabımın işıq üzü görəcəyini və bu kitabda
aşiq olduğum Elazığa xüsusi yer ayıracağımı söyləyirəm. Bələdiyyə yetkililəri
bu xəbərdən böyük məmnuniyyət duyduqlarını, bu cür kitabların böyük önəmini
xüsusi vurğulayırlar. "İnşallah, gələn səfərimdə kitab hədiyyəsi ilə gələcəyəm”
- deyirəm. Bələdiyyə yetkililəri də öz növbələrində bizə Elazığı anladan
hədiyyələr təqdim edirlər.
Tarixi birliyin, doğmalığın
rəmzi olaraq da bir arada ziyarət edirik Üryan Baba türbəsini. Tarixin yuxuya
daldığı bir məkandı burası. Gərək ayaqla yox, ruhla, düşüncəylə qədəm basasan.
Elazıqda deyirlər ki, gərək Harputda «Qayabaşı» adıyla anılan açıq hava
muzeyinə getməzdən öncə yamacda yer alan Üryan Baba türbəsini ziyarət edib
halallıq alasan, Türbə qapısı önündə nəzər çəkən daş üzərindəki yazıdan
anlayıb-biləsən burda uyuyanın kim olduğunu:
«Allahın sevdiyi
qullardan İsmailin torunu, Ömərin oğlu Hafiz Mühammed...»
1278-ci ildə yapılan
türbənin giriş qapısından daxil oldunsa, sağ səmtdə bu mübarək zatın əbədiyyət
yuxusuna daldığı sərdabəni görəcəksən. Bu
səmtə Kurşunlu camidən keçib gəlmişdik. Harput muzeyi, Güllübağ məhəlləsi bu
səmtdə idi. Eləcə də Harput məhəlləsi, Əhməd Kabaklı bulvarı, Sara Xatun
camisi... Bu, Ağqoyunlu dövlətinin 5-ci hökmdarı Uzun Həsənin anası Sara
Xatundu ki, Elazıqda camisi 1463-cü ildə yapılıb. Allah müfti Hacı Əhməd
əfəndiyə rəhmət eləsin ki, 1850-ci ildə camini yenidən bərpa etdirib. Bir qayda
olaraq Harput camilərində kitabələrə rast gəlinməz. Yalnız Ulu cami 2, Kurşunlu
cami 1 kitabəyə sahibdi. Ancaq Sara Xatun Camisi yeganə tarixi abidədi ki, 18
kitabəyə sahiblik edir.
Ərənlərİ İlə tanınan elazıq
Sonra da Arap Baba
türbəsini ziyarət etmək üçün qədəm alırıq. XIII əsrdə yaşamış bir behiştlikdi.
Əsl adı Yusif, atasının adı Arabşah olub. Harputun fəthi üçün gələn Səlcuqlu
sərkərdələrindən biri, eyni zamanda sayılıb-seçilən bir vəli olduğu bilinir.
Türbəsi 1279-cu ildə yapılıb. Türbəsinin alt qatında qəbir odası, üst qatında
isə ziyarət edilən sandıqça yer alıb. Qəbrinin özəlliyi nəşinin hər kəs
tərəfindən görülə biləcək qədər açıqda olmasıdı; çürüməmiş cəsəd və kəsilmiş
baş... Göz önünə bu müqəddəs torpaqlar uğrunda gedən qızğın savaş səhnəsi gəlir.
Yay çəkilir, ox atılır, nizələr süzür, qılınclar qından sıyrılır. Hər tökülən
şəhid qanı bir tarix səhifəsi yazır. Bu savaş yolunda kəsilən başlar belə gözəl
görünür. Yadıma «Nəsimi» filmindən unudulmaz bir səhnə düşür. Əmir Teymur oğlu
Miranşah gözəl və mətanətli Şəmsin qürurunu qırmaq üçün igid Bahadır xanın
kəsilmiş başını onun qarşısına atır. Şəms o kəsik başı ilahi bir duyğuyla
süzür, ətrini qoxuyur və vüqarla «Bahadır xanın ölüsü də, kəsilmiş başı da
gözəldir» - deyir.
Çarşı məhəlləsi boyu
gəzib-dolaşdığım anların özündə belə bu duyğular mənimlə olur. Zibeydə xanım
bulvarı boyunca uzanıb gedən geniş yol bu səmtə götürür yolçularını. Qazi
prospektidi göz önündəki... İbrahimpaşa məhəlləsi solunda qalır. Eləcə də Yeni
məhəllə, Raziyə məhəlləsi, Universitet məhəlləsi...
Fırat Universitetinə bu
səmtdən keçib gedirik. Burada bizi müəllim-tələbə heyətilə görüş gözləyir. Bir
dünyalıq məhəbbətlə qarşılanırıq. Xocalı soyqırımına həsr edilmiş konfransı
gənclər böyük diqqətlə dinləyir, o dəhşətli soyqırımı əks etdirən sənədli
filmdən fraqmentlərə, foto-faktlara milli kədər hissilə, «bu qan yerdə qalan
deyil!» duyğularıyla baxırlar.
Fırat Universitetində
düzənlənən bu önəmli konfransda etdiyim çıxışda vurğuladım ki, Ermənistan təkcə
işğal etdiyi Xocalı şəhərini qan içində boğmadı, eyni zamanda, Qaradağlıda,
Bağanıs-Ayrımda, Ağdabanda da dəhşətli qətliamlar törətdi. Bu gün türk
torpaqları hesabına "Böyük Ermənistan” yaratmaq istəyənlər törətdikləri vəhşilikləri ciddi-cəhdlə ört-basdır etmək
istəyirlər. Biz buna imkan verməməliyik, Azərbaycan həqiqətlərini dünyaya daha
geniş çatdırmaq üçün birliyimizi, ortaq səylərimizi daha da artırmalıyıq.
Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemi olmalıdır. Bu sahədə
Türk gəncliyinə inanırıq. Gənclər sosial mediada həqiqətlərin daha da
geniş yayılmasında fəal olmalıdırlar. Bu gün Fırat Universitetinin
tələbələrinin, eləcə də, burada təhsil alan azərbaycanlı tələbələrin simasında
mən bu gəncliyi görür və onlara inanıram. Fırat Universitetinin rektoru, Prof.
Dr. Kutbeddin Demirdağ, eləcə də, ziyalılar, millət vəkilləri mənimlə
həmrəyliklərini bildirirlər. Konfransdan sonra həmmüəllifi olduğum "Hocalı Soykırım tanıkların dilinden"
kitabının universitetdə təqdimatı və imzalanması mərasimi oldu.
Gənclərin kitaba və öyrənməyə marağını görüb onlarla geniş fikir mübadiləsi
edib, suallarını cavablandırdıq. Eyni zamanda Fırat Universitetində təhsil alan
və sayları hər il daha da artan azərbaycanlı tələbələrimizlə də görüşərək geniş
fikir mübadiləsi apardıq və Azərbaycanı, tariximizi, mədəniyyətimizi,
həqiqətlərimizi həm təhsil aldıqları universitetdə, həm də Elazıqda daha geniş
tanıtmaq üçün fəallıqlarını daha da artırmağa çağırdıq. Onlara Azərbaycan
həqiqətləri ilə bağlı materiallarla yanaşı müəllifi olduğum kitabları da xatirə
hədiyyəsi kimi təqdim etdim.
Fırat Universitetinin
rektoru, Prof. Dr. Kutbeddin Demirdağ, rektor yardımçıları ilə olan
söhbətlərimizi heç unutmuram. Ölkələrimizin universitetləri arasındakı
əməkdaşlığımızın inkişafı, ziyalılarımız arasında əlaqələrin genişlənməsinin
önəmi barəsində geniş fikir mübadiləsi apardıq. Rektor Prof. Dr. Kutbeddin
Demirdağ Azərbaycan universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini deyir
və gələcəkdə də bu əlaqələrin daha da atracağını vurğulayır. Ona Azərbaycan,
tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı
kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum "Xocalı soyqırımı
tanıkların dilinden” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB-nin hazırladığı "Azərbaycan həqiqətləri” sənədli
filmlər toplusunu, eyni zamanda müəllifi olduğum "Qənirə Paşayeva ilə
addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm və universitetlə geniş tanış
oluruq. Rektora azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğı üçün
təşəkkür edib, bu münasibətin hər zaman davam edəcəyinə inandığımı deyirəm.
Tədbirlər başa çatdıqdan sonra da şəhərlə tanışlığı davam etdiririk. Qazi prospektindən Yıldızbağları, Fevzi Çakmak
məhəllələrinə yol dönür; İnönü, Pertek prospektləri önümüzdədir... Dövlət, Akif, eləcə də Diaqnostika (araşdırma)
xəstəxanaları bu səmtdədi. Baykara prospekti İnönüdən ayrılır. Atatürk
prospekti bu geniş prospektlə Yunis Əmrə bulvarını birləşdirir. Universitet
məhəlləsi ilə Yeni məhəllə bu arada çevrələnir. Üzbəüzdə, sağ tərəfdə Sürsürü
prospekti uzanıb gedir.
Sarayatik məhəlləsi Çarşı
məhəlləsilə qucaq-qucağadı. Bir az da sağ yanda Çevrə yoludu. Düz Diyarbəkrə
aparır. O Diyarbəkrə ki, bir zamanlar Ağqoyunlu imperatorluğunun paytaxtı olub.
Az sonra bu yolla Sivricə köyü ətəyində yer alan Xəzər gölünü ziyarətə
gedəcəyik.
İndilikdə isə yolumuz
tarixi Harput qalasınadı. Hürriyyət prospektindən Harput prospektinə dönürük.
Qalaya qədər uzanıb gedir. Hərbi (Askeri) xəstəxana arxada qalır. Ulukənd
məhəlləsi sağdan boylanır. Harputa aparır dolama yollar.
BU QALA-BİZİM QALA,
YAXUD QAN-QANI ÇƏKİR
Dolama yolları Qalxdıqca
Harput qalası haqqında söylənən əfsanələr keçir yaddaşımdan bu yollar kimi.
Su yerinə
daşını-torpağını südlə yoğurub-yapdıqları bilinir. Müqəddəsliyinə xələl
gəlməsin deyə. Türklər südü, özəlliklə ana südünü halallıq simvolu bilib
həmişə. Daşla kərpiçlə hörülməyib buradakı evlər. Qayaları çapıb ev eləyiblər.
1115-ci ildə Oğuz elinin Kayı boyundan olan Artukoğlu Balak xan sahib olmuşdu
Harput qalasına. İndi heykəlləşib at belindəcə. Əlində qılıncı qından sıyrılıb.
Yönü Xəzərgölünə doğru boylanır. 1112- ci ildə Harput hökmdarı olan bu böyük
qəhrəmanı Harput qalasına çəkib aparan Xəzər gölcüyünə göz dolusu baxmaq istəyi
olub bəlkə? Nakam şair Almas İldırım kimi, bəlkə o da bu gölə boylana-boylana
ayrılıb gəldiyi Oğuzların Kayı boyuna mənsub Artuk xanədanını, bir tərəfi bəhri
– Xəzər olan qədim yurd yerlərini anır-anırmış. Harput Qalasından boylanıb yönü
aşağı baxdıqca 26-
Alt yanda Dəvə
mağarasıdı, Elma vadisidi... Mənsə Balak Qazinin at belindəki heykəlinin
peydestalı üzərindəki yazıdan gözlərimi heç ayıra bilmirəm. Bildiyim tarix olsa
da yenidən oxuyuram: «1112-ci ildə və gənc yaşlarında Harputun hökmdarı oldu.
Oğuzların Kayı boyundandı. Səlcuqlu hökmdarı tərəfindən müsəlman orduları
komandanı seçildi...»
TARİXİN QISA DİLİ BELƏ
SÖYLƏYİR...
1700 illik çinarlı parkı tarixə beləcə yoldaşlıq
edir. Burada Dilək Çinarının yaşı 1700 il olduğu bildirilir. Bircə cümləylə
yazılıb. Ancaq ötüb-keçən bu 1700 ilin hər anı, hər qədəmi bir dünyalıq əfsanə
boxçası kimidi. O sarıdan da hər yarpağı, hər budağı müqəddəs sayılır,
kölgəsində dualar edilir, budaqlarına niyyət dəsmalları bağlayırlar. Burda bir
tarixdi Harput hamamı... Qurşunlu camini ziyarət
eylə... Güllübağ məhəlləsi ovuc içi
kimi görünür. Hələ bir Əhməd Kabaklı bulvarı, Hunkar qonaq evi, Gülbaxça, Mansur Baba gəlişinə qucaq açır. Qədim küplər, tarixi
araba təkərləri, qazıntı qalıqları bu evin önündə tarixə şahidlik edir. Dilək
Çinarı altında dayanıb bu tarix çevrəsinə baxır, baxdıqca da bircə detalını,
görüntüsünü göz önündən qaçırmaq istəmirəm. Ahquzu səmti boyunca gəzir
gözlərim...Yenidən tarixə dönür, Balak Qazinin at üstündə şəhanə duran
görkəmindən ötüb keçən zamanın gizlinlərini xəbər almaq, sormaq istəyirəm;
tarixi bilgilər bu qəhrəmanın xaçlılara qarşı mərd savaşından qürurla söz açır.
Harputdan Mardin və Hələbə qədər uzanan bir əraziyə hökmü yetmişdi. Tarixin
özünəməxsus dönəmi, əsrin o başının bu başına bağlantısıdı; 22 illik soyqırım
tarixini qeyd etdiyimiz, Xocalı şəhidlərini andığımız günlərdə Harput qalasında
yenilməz sərkərdə-hökmdar, Oğuz soylu şəhid Balak Qazinin heykəli önündəyik –
qan-qanı çəkir: «Mən türkəm, soyum da, köküm də bəlli...»
Bu düşüncələrlə baş-başa
Osmanlı dönəmi əsgəri liseyinin
yer aldığı ərazilərə nəzər salıram.
Harput qalası, Balak Qazi
əfsanələri haqqında olan sönbətlər duz-çörək ətirli süfrə arxasında davam
etdirilir. Fırat Universitetinin rektor yardımçısı, Elazıq bələdiyyə
yetkililəri də sonacan bizimlə bir aradadırlar. Ortaya sırın gəlir; bizim
xəngəli xatırladan bir yemək növüdü. Onun necə araya-ərsəyə gəlməsilə
maraqlanır, səfər yoldaşlarım olan xanımlar. Xoş, unudulmaz söhbətlər üçün çay
süfrəsi də bəhanə, yaxşı bir vasitədi. Bu ovqatla Xəzər gölünü ziyarətə yürümək
necə də duyğulu, necə də xoşdu... Bu anları Almas İldırımın unudulmaz misraları
təqib edir:
Salam desəm, rüzgar alıb
götürsə,
Ağrı dağdan Alagölə
ötürsə,
Gur səsimi göy Xəzərə
yetirsə,
Xəzər coşub zəncirini
qırsa, oy!..
Hökm etsə, bu sərsəm
gediş dursa, oy!..
Xəbər alsam Muğanımdan,
Milimdən,
Nazlı Bakım, o neft qoxan
gülümdən,
Kim demiş ki, düşmüş adı
dilimdən?!
Azərbaycan, mənim eşsiz
yurdum, oy!
Ölməz eşqim, içimdəki
dərdim, oy!..
Könlümə tək Kəbə yapdım
səni mən,
Sənsiz neylim qürbət eldə
günü mən?
Sənsiz neylim Allahı mən,
dini mən,
Azərbaycan, mənim tacım,
taxtım, oy
Oyanmazmı kor olası
baxtım, oy?!
Zaman-zaman bizi təqib
edən itkilərimizin, milli ağrı və kədərlərimizin ümumiləşdirilmiş şəkillənməsi
kimidi bu misralar. Doğma Azərbaycandan, Gürcüstan, Türkiyə sınırlarından,
Safranbolu və Malatyadan yönü bəri yolçuluğumuzun əsas mövzusu olan Xocalı
soyqırımının ağrısı bu şerin qan qardaşıdı. Eyni zamanda da 5-6 gündü ki, artıq
doğma Bakımızdan, Azərbaycandan ayrılmışıq. Bəlkə bizi Elazığın 26-30 km-lik
məsafəsində yer alan Xəzər gölünə götürən səbəbin bir adı da elə burdan
gəlir... Bə nədi?!.. Doğma Azərbaycanımızın kutsal bir xatirə bağı uyuyur
burda.
Bənzəri mavi Xəzərimin oxşarı kimi...
Laylası Almas İldırımlı xatirələrdi...
Bir az öncə Harput
qalasının yüksəkliklərindən, Balak Qazinin at belindəki əzəmətli heykəli ilə
nəfəs-nəfəsə seyr etmişdik bu səmtləri. Ovuc içi kimi görünürdü. 26-30 km-lik
bir çevrə o yüksəklikdən ən kiçik detallarına qədər görünməkdəydi. Qarşı yatan
qara dağların zirvəsindəki qar üstündən hər hansı qımıltı, hərəkət diqqət çəkərdi.
İndi isə Sivricəni keçib
yetmişdik Xəzərin sahillərinə... Sanki gözəgörünməz bir qüvvə hansı möcüzənin
əliyləsə bizim Göy Xəzərin bir parçasını alıb, bu yerlərə götürüb gəlib. Bir
üzdə başı sis-dumanlı, qarlı dağlardı. Bir üzdən dayanıb baxan bizlərik...
Ortada sükuta dalıbdı Xəzər. Gözlərim nakam şairimizdən son xatirə qalan bir
nəsnə axtarır, nişan arayır. Anidən o könül aşiqini bax elə bu yerdə bir
kənara çəkilib, kirimişcə kiçik Xəzərin mavi, mirvari dalğalarına baxan
görürəm. Elə bil doğma Azərbaycan, bütün olub-keçmişlər bu mavi sulardan
boylanıb baxır. Bir azca Göy gölün hüsnü var burda. Maral gölünə də bənzəyişi
var... Hər dalğa dil açır bir düşüncədən, hər dalğa «şair, sən öldükcə,
vurulduqca yaşarsan» təskinliyi verir.
Xatirə şəkilləri
çəkdiririk – elə bil bizimlə bir aradadı nakam şairimiz Almas İldırım...
Ətrafa axşam qaranlığı
çökməkdədi... Pünhan bir sükuta dalıb Sivricə... Daha çox yaz-yay aylarında
gəlinər bura... indi qış ayıdı, indi xatirələr sarıb hər yanı...
Elazıq-Diyarbəkr yolu
tarixin sirr dolu dolanbacları kimi önümüzdən, Sivricədən keçib Xəzər gölü
boyunca yürüyür yönü dağlara-dağlara.
Bizsə Elazığa dönürük...
Bu, o
Elazıqdı ki, tarixin 1085-ci ilində Çubuk bəy tərəfindən fəth edilmişdi. Öncə
Artukoğulları,
1234-cü ildə Anadolu Səlcuqları, 1243-cü ildə Elxanilər, 1363-cü ildə Dulkadıroğulları, 1465-ci ildə Ağqoyunlular
idarəçiliyi altında olmuşdu. Sonra gəlmişdi Osmanlı dönəmi; Çaldıran döyüşündən
sonra Harput Osmanlı idarəçiliyi altına keçmişdir.
Əvvəllər Aqavat Mezrası
adıyla tanınan Elazıq 1834-cü ildən etibarən bu adı daşımaqdadı. Dönəmin valisi
İzzət Paşa dilə yatımı elə də hamar olmadığından onun adını dəyişməyi məsləhət
etmişdi.
ADI ATATÜRKDƏN BİR ƏMANƏTDİ
Böyük Paşa bu çevrəyə ilk dəfə 1916-cı ildə – hələ ordu komandiri
olarkən gəlmiş, ziyarət etmişdi. İkinci ziyarəti isə 1937-ci ildə olmuşdu.
Gəlmişdi, bu mahalı «azığı (azuqəsi, məhsulu, bərəkəti) bol olan yer» olaraq
dəyərləndirmişdi. Məsləhət etmişdi ki, mahalın adı durumuna uyğun olaraq
«Elazığ» adlandırılsın. Onun fikrini dəstəkləyir Türkiyə Böyük Millət Məclisi.
Xüsusi qərarla Elazıq kimi təsbit olunur.
HƏR TARİX İZİNƏ MİN SALAM
OLSUN...
Hazarbaba dağından
süzülüb gələn sular Xəzər gölünə can verməkdədi.
Keban Baraj gölü, Cip
Baraj gölü bu bölgədədi. Verimli, barlı-bərəkətli obalar burda; Biri Uluova,
biri Kuzova... Ağdağ, Qaraoğlan dağları ilə baş-başa dayanır Bəxtiyar, Xəzər,
Buludlu dağları... Yazı isti keçər, quraqlıq olar... Qışı yağmurludu,
sis-dumanlıdı... Üzüm bağlarından danışım sizə; Ən azından 30-a qədər üzüm növü
var: Bizdəki kimi, qara şanı da var, ağ şanı da... Elazığ üzümü çox məşhurdur.
Yolunuz düşsə, dadmadan dönməyin.
Burda balıqçılıq
təsərrüfatı geniş yayılıb. Kaban gölünün zəngin su ehtiyatları bu sahəni daha
da dirçəldib, verimli edib. İstəsən qonaq ol qara sazana, ya qarabalığa,
alabalığa... Durna balığı da istəsən olar.
Burda mədənçilik, sənaye
üzrə böyük layihələr gerçəkləşibdi. Muzeylər, camilər tarix sirdaşı.
Çubuk bəyin anım
kompleksi sol tərəfdən Meydan Caminin son qalıqları, sağ yandan isə Ulu Cami
ilə çevrələnib. Buradan keçən prospekt
Harput qalasına götürər səni. Əsədiyyə camisi Əxi Musa məscidi ilə yanbayandı.
Əhməd bəy camisi Murad Baba camisinin onaddımlığında, Hacı Həsən camisi
Kurşunlu caminin əlyetərindədi. Fateh Ahmetbaba türbəsinə Dabakhane Kaplıca
səmtindən geniş yol ayrılır. Tarixi anım kompleksi sağ səmtdə qalır. Tarixi
Hacı Hulusi Əfəndi qəbiristanlığını İmam Əfəndi türbəsinin yaxınlığında ziyarət
edə bilərsiniz. XII-XIII əsrlərin silinib-pozulmaz tarixindən söz açar sizə
Əsədiyyə camisi. Səlcuqlu dədələrimizin barmaq izini yaşadar hər kərpic
parçası, hər daş hörgüsü.
Hoca Mescid məhəlləsi
Hoca Hamamıyla qarşılar səni. «Bə hansı Xocadı bu xoca belə?» – deyib xəbər
alma, biləni yoxdu. Tikməyib özü qala, tikib ki, izi qalsın.
Şəfalı suları
mədə-bağırsaq, qaraciyər xəstəliklərinə məlhəm olan Dabakhane Harput qalasının
quzeyindəki dərədə yer alır.
Kazım Əfəndi Türbəsinə
bizlərdən bir salam olsun. İmam Əfəndi Türbəsi Ərzurum qoxusu verməyindədi. Çox
vaxt əslinin-nəslinin adıyla Ərzurumlu deyilən İmam əfəndinin ruhu bu türbədə
uyuyur.
Ağın qalasından söz açım
sizə; 1018-ci illərdə yapıldığı bilinir. Yenipayan kəndi sınırları içərisində
yer alıb. Oyma mağaralar göz önündədi. Gizli pilləkənlər, keçidlər səni tarixə
götürər hər qədəmində. Hava hardan gəlir? – sirri-xudadı... İşıq hardan düşür?
Ağın
səmtlərinin tarixi evləri adla deyilər ta əzəl gündən. İki-üç
qatlıdı adəti üzrə. Sanki Karabükdən, Safranboludan çeşidlər daşıyıb
ustalar bura. Bu da qaya məzarları – Ağındı bura... Yazılı daşlarda minillik
tarix yatır. Məzarlar qayaya əmanətlənib. Daşlar çapılıbdı yerli-yerindən.
Baskil qəzasının batı
səmtindən Abdülvehhap Qazi türbəsinə yol gedər... Bir dağ yamacında
tarixləşibdi. Mağara içində türbə yapılıb. Yunis Əmrə taleyinə bənzər taleyiylə
yaşar yaddaşlarda Abdulvəhhab Qazi... Eynən onun kimi müxtəlif, fərqi
məkanlarda dəfn olunduğuna aid türbələri var. Türbəsinin aşağı tərəfində Zeynəb
Xatun türbəsi yer alıb. Rəvayətə görə Qazi həzrətlərinin xidmətçisi olub,
suyunu daşıyıb, çörəyini yapıb. Hərdən adına Qeysər qızı da deyərlərmiş...
RUMU GƏZ, BAĞDAD ARA
Elazıqdan keçən tarixi
Bağdad yolunun üzərindən boylanıb baxır Dənizli Karvansarası. Qos-qoca
durumuyla bir Təbriz havası qoxuyub durur. Klassik Səlcuklu memarlığı üslubuna
sahiblik edir. Orta hesabla, XIII əsrin olmuşlarına şahidlik etməyindədi. Nəzər
yetirdikcə ədəbiyyatşünas alim əmim Qəzənfər Paşayevin dilindən tez-tez
eşitdiyim bayatılar dil ucuna gəlir, «Rumu gəz, Bağdad ara!» tapşırmasının
nədənliyinə vaqif olmaq istəyirəm.
BU DA YUSİF ZİYA PAŞA
KÜLLİYYƏSİ...
Ayrıca bir şəhərcik
kimidi. Kəhrəba rəngli təpəlikdi böyürü-başı. Keban qəzasının Çarşılar
məhəlləsində yer alıb. XVIII əsr yadigarıdı. Osmanlı memarlığı ənənəsilə
süslənib. Divarları heyvan şəkilləri ilə bəzənib. Buradan Pir Davud türbəsinə
bir göz qırpımı yol var. Bu həzrəti İmam Cəfəri Sadiq oğlu İmam Musa Kazımın
soyundan gəldiyi bilinir. Ölümündən sonra məzarı önündən keçən hər bir yolçu bu
türbə üzərinə bir daş qoyub. Beləcə hasilə gəlib bu türbə. İçərisində Həzrəti
Əlinin rəsmi süslənib... Palu qalasının 700 metrliyində Cəmşit Rüstəm Paşa
camisi, Palunun Zeve məhəlləsində Alacal məscidi Elazıq tarixinin bənzərsiz
abidə örnəklərindəndi. Hələ tarixi Palu hamamı, qaya döşündəki Ulu cami, yamac
ətəyindəki Kiçik cami yenə öz izini hifz edə
bilib.
QALAÇA ÖNÜNDƏ, TƏNDİR BAŞINDA
Dönüb də maraqla baxıram
elə; qalaça önündə, ocaq başında əlində kəfkiri, öndə qazanı bişirib-düşürən o
ana kimdi? Hardan tanış gəlir, doğma görünür? Kökü hardan gəlib Ağın köyünə,
Ağın qəzasına – biləydim barı... Sonsuz maraq hissi məni tarixə çəkir, çəkir;
1514-cü ildə baş verən Çaldıran savaşından sonra Osmanlı torpaqlarına qatılıb
bu qəza. Elazıqdan 77 km-lik bir məsafə var Ağına.
Alacaqaya qəzası isə
Elazığın 85 kilometrliyindədi. Özünəməxsus, bənzərsiz mərmər yataqlarına
sahiblik edir. Murad Xan adını daşıyan tarixi abidə burda yer alıb. Mərkəzindən
Bir azca kənardan Arıcaq
qəzası çəkir könlümü. Mərkəzdən 112 km-lik bir məsafədədi. Sərin axar sular
məskənidi Arıcaq. Deyirlər ki, Kərbəla müsibətindən sonra Mustafa Çələbinin
körpə övladları gəlmiş bu yerə. Sonra tayfa savaşları başlamış. Mustafa Çələbi
Palu hakimi Qara Cümşüd bəyin himayəsini qəbul etmişdir. Çaldıran savaşına
qədər Arıcaq qəzası Mirvari olaraq tanınmış, Osmanlılar dönəmində Karabegan adıyla isimləndirilmiş, 1987-ci ildən
hazırkı adı verilmişdir.
Elazığın
ən yüksək dağı olan Hacı Ali dağı Arıcaq sınırlarından keçir. Baskil qəzası isə
Elazığa ən yaxın olanıdı. Cəmi
Karakoçan qəzası isə bir
təbiət möcüzəsidi. Mərkəzdən
Bal festivalı hər il
burda keçirilər. Eləcə də Sarıcan mədəniyyət və sənət festivalı hər il
təkrarlanar. Pamuqlu köyündə isə adətdi, qurular Yaz festivalı.
Elazıq mərkəzinin 48
km-də yer alan Keban qəzası Türkiyənin ən böyük baraj gölü olan Keban Barajın
adıyla şərəflənib. Bura əsasən X əsrə aid məskunlaşma ərazisi kimi də tanınır.
Bu yer dəmir, qurğuşun mədəni, məskəni kimi tanınır. Dünyanın ikinci ən böyük
təsisi olan Ferro Krom Təsisləri isə Kovancılar qəzasında yer alıb. Mərkəzdən
Maden qəzası
Səlcuqluların at oylağı, yar seyrargahı olmuş, sonralar Yavuz Sultan tərəfindən
Osmanlı torpaqlarına qatılıb. Mədəniyyət və təbiət muzeyi olan bir yerdi. Çitli
Höyüşü və Şeyx Məhəmməd Katta türbəsi, Saat qülləsi tarixin bir yaddaş boxçası
kimi... Bir gözəl təpənin boyunca evlər və yaşıl ağaclar qol-qola vermiş!
Sənə gəlirəm tarix!
Səndən söz açıram Palu qəzası... Sən Şumer dövrünün yadigarısan.
Çubukoğullarının və Balak Qazinin bəylik mərkəziydin illər öncəsi! Səndən
Dulkadıroğullaırının, Ağqoyunlulu, Səfəvilər və Osmanlı idarəçiliyinin ətri,
qoxusu ürpərir. Kəhraba rəngli təpəliklərindən boylanıb baxanda diqqəti çəkən
8-9 tağlı o böyük körpü eynən Xudafərini gətirir göz önünə...
SƏNDƏN SÖZ AÇMIŞAM, SƏNDƏN,
SİVRİCƏ...
Bir ayrı yerin var
könlümdə sənin... Elazıqdan keçib də, 30 km-lik bir məsafəni sənə yürüyüncə
yaşadıqlarım dünya gələ-gələ çıxmaz yadımdan. Tale qardaşısan sən də Palunun.
Çaldıran ağrısı keçib canından. Səndən boylanıram Baba dağına. Tam bir turizm
məskənidi qoynun əzəldən. Bizim Kəlbəcərin ətəklərinə bənzəyən hüsnünə aşiqdi
könlüm. «Götür məni uzaqlara» duyğusu ruhuma yelpik çəkir. Bütün təbiət
aşiqlərinə «Gəlin ey, gəlin, siz də görün, bu gözəlliyi dərk edin, yaşayın»
səslənişimi boğa bilmirəm.
ŞUŞAMIN RUHUNCA...
Bir şeirdə deyilənlərdi:
«Döysən Qarabağda sən bir uşağı muğamat üstündə ağlar deyirlər». Elazıqda
musiqi sənətinə böyük diqqət gördüm. Eynən bizim doğma Azərbaycanın hər
güşəsində olduğu kimi. Buradakı musiqi konservatoriya dərnəyində 300 musiqisi
bir arada fəaliyyət göstərir. Klassik musiqiyə, xalq havalarına xüsusi bir
münasibət var.
ALLI-GÜLLÜ LEYLA...
Elazığın «çit
baskıçılığı» məhsullarına göz yetirə-yetirə bu qədim el mahnısını gümüldənirəm
iç dünyamda. Pambıq parça üzərində salınan naxışlar nənəli dünyama qaytarır
məni. Hər naxış ruh birliyimizin bir yeni ilməsi, bağı kimidi. Kars və İsparta
çevrələri boyunca da eynən Elazıqda olduğu kimi «çit» sözü işlənər bizdəki
kimi. 200 illik tarixi var Elazıqda bu
sənətin. Elə gözəl və incə yaylıqlardı ki... Elazıq bələdiyyə yetkililərinin hədiyyə etdiyi gözəl yaylığı elə oradaca başıma örtüb
onlara təşəkkür, nənələrimizin ruhuna dua oxuyuram. Tarixən hər bir Türk elinin
özünəməxsus, xüsusi qonaqqarşılama adəti olub. Bu sırada Elazığın öz seçimi
var; ən əziz qonağa papaq (şapka) hədiyyə edirlər - qeyrət, mərdlik simvolu
olan papaq... "Elazıq papağı (şapkası)” adıyla məşhurdur. Hədiyyə edilən Elazıq
papağının mənə çox yaraşdığını dedilər.
Burada xalçaçılığın qədim
tarixi var. Xana arxasında, kirgit əlində əyləşən analar nənəmə bənzər, ilmələr
eləcə vurular yenə, çeşnilər, naxışlar sıx-sıx salınar. Elazıqda 1962-ci ildən
bəri xalçaçılıq məktəbləri fəaliyyətdədi. Səlcuklular dönəmi motivləri heç
unudulmayıb. Meşəli, Goran (bu coğrafi ad eynən bizdə də işlənir: Goran,
Goranboy ərazi adları var) Şəfək, Halköyü, Dişidi xalıları adnan deyilir.
ELAZIĞIN BAZAR BAŞI
Çeşidli qab-qacaq muzeyi
kimi açılır önündə Elazıq bazarları. Misdən tökülübdü bu əl işləri. Ya gildən
yapılan bardaqlar nə çox... Yan-yana düzülüb su bardaqları. İynə oymasıyla
naxışlanıbdı bu tül pərdələrin bəti-bənizi. Bu gəbə, bu kilim gül açıb yenə.
Xəyallanıram: «O gülün birin üzəydim, saçlarıma düzəydim...» Əlindəki çuvaldız,
çəkic, mismarı tikdiyi çəkmənin boyuna ölçən çəkməçi qardaşım, işlər necədi? Ay
ağac oyması üstə tər tökən naxışçı qardaşım, bazarın varmı? Satdığın təsbehlə nə
niyyət tutum, təsbehçi qardaşım, əlinə sağlıq! Budu, gəlib çıxdıq şənlik
üstünə... "Halay”la başlanıb... Sonra «Çayda çıra» oynanacaq, eyy... Bir adı
«Mumlu mani»di... Öndə şam qoyulmuş tabaqlar durur. Elə ki, püfləndi qara
zurnalar, hər əldə bir şamın şöləsi gedər.
İsti təndirlərin çörəyi
xoşdu... Halallıq tökülür ana əlindən.
150 çeşidlik yemək
növüylə dosta qapı açır süfrələr burda. Könlün nə istəyir, dilə, hazırdı;
Qabırğa dolması istə, - «baş üstə», Harput küftəsinə qonaq ol, balam. Bu,
qatıqlı qovurma, bu, ayranlı şorba, Harput küftəsi... İçli küftəninsə yeri
ayrıdı. Kəs Taş əkməyindən, dolanger gör necə zərif bükülüb. Pendirli əkməyin
ləzzəti ayrı... Uluslararası Xəzər şeir axşamlarının tarixindən söz açırıq.
«Çayda çıra» film festivalının ənənələrindən danışırıq. Xəzər gölü Su idman
yarışları, Bal festivalı, sənət şənlikləri haqqında olan söhbətlərimiz uzanıb
gedir... Səfər çərçivəsində Fırat Televiziyasının canlı yayımında qonaq olduq,
yerli mətbuata müsahibə verib, Azərbaycan, Dağlıq Qarabağ, Xocalı həqiqətləri
barədə də geniş müzakirələr apardıq. Görüş və müzakirələr başa çatdıqdan sonra geri
dönməyin zamanı yetişdi...
KEÇMİŞ XATİRƏLİ, BU GÜN ƏTİRLİ...
Fikirləşirəm:
"Hələ yolların səbr, inad, istək, sevgi, inam istəyən nə qədər yoxuşu var... Bəzən
körpü oluruq, üstümüzdən keçir zaman. Nə yazmaqla bitəsi, nə deməklə
qurtarasıdı”.Elazığın enişli-yoxuşlu yolları bütün doğmalığıyla gözlərim önündən burulub
keçir. Xalq şairi Rəsul Rzanın misralarını xatırlayıram:
Mənə elə gəlir ki,
Yüz min illik olsa bu yol
Yenə keçərdim onu
yorulmadan.
Həsrətilə sürünə-sürünə,
yeriyə-yeriyə.
Üzümü qoyardım
ən adi, tozlu torpağına.
Yurdum! – deyə,
Anam! – deyə.
Bundan beləsini özüm
düzüb-qoşuram: "Göylərinin gözəlliyi, dağlarının özəlliyi heyran qoydu məni,
Elazığım... Sən necə də gözəlsən, sən necə də qocamansan və necə də cavansan
belə.... "Yaraşıqlı, çiçəkli, qoynu nur çeşməli dünyamsan. Keçmiş xatirəli, bu
gün ünvanlı, gələcək soraqlı” Elazığım mənim. "Baxdım sənə heyran-heyran...
Baxdım, qəlbimə bahar gəldi, torpağa bahar gələn kimi”.
Qədim-qayım Türk
dünyasının yolçuluğuna çıxmışam: Qədəm-qədəm, addım-addım. Ustadlar-ustadı
Yunis Əmrənin səfəröncəsi qutlamasının hər şərtinə etina edirəm başdan-binədən.
Dedikləri dil əzbərimdi Elazıq yolları boyu:
Hər kimə ki, dərvişlik bağışlana,
Qəlbi gedə pak ola, gümüşlənə.
Nəfsindən müşki-ənbər qoxuya,
Budağında
meyvəsi gümüşlənə...
Qəlbimizin paklaşmaq, ruhumuzun tarixə qovuşmaq hücrələrindən biridi Elazıq. Tarixinə bələdlik hər şeydən öncə Məcnunluq istər. Gərək vürğünü, qədirbiləni, vəfadarı olub gələsən, çörəyini kəsib, suyundan içəsən və hər anı sənə xoş gələ. Və qiyamət gününəcən bu əhd-peymana, doğmalığa sadiq yaşayasan.
Aktual.az.