Bu il yay mövsümündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə 20 min nəfərdən çox uşağın sağlamlaşdırılması və sağlamlıq müəssisələrində istirahəti nəzərdə tutulur.
Aktual.az bildirir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Trend-ə deyib ki, bu il həmkarlar ittifaqlarının sağlamlıq müəssisələrində dincələcək uşaqların sayının 2000 nəfərdən artıq olacağı gözlənilir.
Bundan əlavə, sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən də uşaqların yay istirahətlərinin təşkili nəzərdə tutulur.
N.Ağamirov deyib ki, sağlamlıq müəssisələrinə yollayışlar, ilk növbədə, həmin müəssisələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək.
Bu il istirahətinin təşkili nəzərdə tutulan 2000 nəfərdən artıq uşaqdan 200 nəfəri yollayışdan tam güzəştlə - pulsuz istifadə edəcək. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1800 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcəklər:
"Bir ədəd yollayışın dəyərinin 237 manat olduğunu nəzərə alsaq, işçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 35 manat ödəyəcəklər. Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün istirahət müəssisələrində lazımi şərait yaradılıb".
Qeyd edək ki, 2015-ci ilin yay mövsümündə də 20 min nəfərə yaxın uşağın sağlamlaşdırılması və istirahəti təşkil edilib. Bunlardan 2 min nəfəri həmkarlar ittifaqlarının sağlamlıq müəssisələrində dincəlib, qalanları isə həmkarlar ittifaqının xətti ilə öz valideynləri ilə birlikdə respublikanın səfalı guşələrindəki istirahət mərkəzlərində istirahət ediblər.