Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Nephrology Dialysis Transplantation" jurnalında dərc olunan məqalədə bildirilir.
Alimlər müəyyən edib ki, kofein istehlakı böyrəklərin xroniki xəstəliyi olan insanlarda vaxtından əvvəl ölüm riskini azaldır.
Alimlərin 1999-2011-ci illər ərzində apardıqları araşdırmada böyrək çatışmazlığından əziyyət çəkən 4863 nəfər iştirak edib. Alimlər onların qəhvədə, çayda və digər alkoqolsuz içkilərdə olan gündəlik kofein istehlakı səviyyəsini nəzərdən keçiriblər, həmçinin könüllülərin 31 dekabr 2011-ci il tarixinədək səhhətinə nəzarət ediblər.
60 ay ərzində 1283 nəfər ölüb. Bununla belə, kofeinin ən yüksək dozasını qəbul edən insanlar (sutkada 213,5 milliqramdan çox) vaxtından əvvəl ölüm riskini kofeini sutka ərzində 28,2 milliqramdan az istehlak edən insanlarla müqaisədə 22 faiz azaldıblar. Orta kofein istehlakı sutka ərzində 103 milliqram olan insanların ölüm riski isə 26 faiz azalıb.