Vitamin və mineral çatışmazlığının bir çox xəstəliklərə səbəb olduğunu hamımız bilirik. Ancaq araşdırmalar göstərir ki, bəzi vitamin və mineralları həddən artıq qəbul etdikdə də orqanizmdə problemlər yarana bilər.
Aktual.az publika.az-a istinadən xəstə eləmək ehtimalı olan vitamin və mineralları təqdim edir:
Kalsium
İllər boyu kalsium həblərinin lazımlı olduğu (xüsusilə də qadınlar üçün) fikri müdafiə olunub. Ancaq yeni araşdırmalar belə həblərin tərkibindəki kalsiumun sümüklərə faydalı olmadığını, əksinə, orqanizmə zərər verdiyini ortaya çıxarıb. Çünki orqanizm ehtiyacından artıq kalsium qəbul etdikdə damarlarda yığılaraq qan dövranına mənfi təsir edir. Kalsium hətta böyrəkdə daş yaranmasına da səbəb ola bilər.
E vitamini
Orqanizm E vitamini ilə təmin olunduqda alzaymer, katarakta və ürək xəstəliklərinə yaxalanmaq riski azalır. Ancaq həddən artıq E vitamini sizi xərçəng xəstəsi edə bilər.
Yod
Yod həblərindən, sadəcə, həkim məsləhəti olduqda istifadə edilməlidir. Çünki yod birbaşa tiroid vəzilərinin işinə təsir edir. Yod həddən az və ya çox olduqda tiroid vəzilərinin fəaliyyəti zəifləyir.
Dəmir
Dəmir oksigeni ağciyərlərdən orqanizmin digər nahiyələrinə daşıyan hemoqlobinin istehsalında əhəmiyyətli rol oynayır. Bu mineral hormonların tənzimlənməsində də əhəmiyyət kəsb edir. Ancaq orqanizmə həddən artıq dəmir daxil olduqda qaraciyərdə və ürəkdə problemlər baş verə bilər.
B6 vitamini
B6 vitamini də sağlamlıq üçün əhəmiyyətlidir. Gündəlik olaraq B6 vitamini ehtiva edən qidalar yemək lazımdır. Ancaq B6 vitamini orqanizmdə həddən artıq olduqda toksitə çevrilir və xərçəngə səbəb olur.