Bu tək şəhərdən kəndə dönüş deyil, həm də idxaldan istehsala dönüşdür – Fikrət Yusifov

Bu tək şəhərdən kəndə dönüş deyil, həm də idxaldan istehsala dönüşdür   – Fikrət Yusifov


İnsanların kəndə dönüşünün kökündə nələr dayanır? Nə üçün son aylar ərzində minlərlə insan Bakını tərk edərək kəndə üz tuturlar? Baş verənlərin kökündə nəyin dayandığını aydınlaşdırmağa çalışan bir çox müəlliflərin bunu böhranla əlaqədar Bakıda iş yerlərinin azalması ilə izah etməsi nə qədər döğrudur?

Nə üçün heç kəs demək istəmir ki, illərdir kənddən şəhərə qazanc dalınca gəlmiş və həyatı boyu torpağa bağlı bu insanların bir gözü həmişə kəndə qaytaran yola baxıb. Sadəcə onlar bu imkanın nə vaxt yaranacağı məqamı gözləyiblər. Bu gün o məqam artıq yaranıb. Bu məqamın yaranmasının başlıca səbəbi isə bir çoxlarının izah etdiyi kimi təkcə şəhərdə pul qazanmaqla bağlı çətinliklərin artması deyil. Apardığımız araşdırmalar göstərdi ki, bu dönüşün kökündə konkret olaraq real sektorun inkişafı yolunda ölkə başçısının atdığı qətiyyətli addımlar durur. Söhbət ölkə iqtisadiyyatının real sektorunun bütün sahələrini əhatə edən və kompleks şəkildə aparılmağa başlanan islahatlar toplusunun ortaya qoyulmasından gedir. Bax bu səbəbdən də kəndlinin kəndə dönməsinin kökündə təkcə şəhərdə iş yeri tapmağın çətinliyi deyil, ölkə başçısının “keçən il kənd təsərrüfatı ili olub, bu il də və bundan sonrakı bütün illər də kənd təsərrüfatı ili olmalıdır” deməsi və bütövlükdə real sektorun sürətli inkişafını hədəfləmiş qətiyyətli addımları durur. Bütün ömrünü torpağa bağlamış insan indi ona bir tərəfdən əkib becərmək, digər tərəfdən isə əldə edəcəyi məhsulu normal bir şəkildə satıb qazanc əldə etmək üçün real şəraitin yaradılmağa başlandığını görüb kəndə üz tutur. Bu siyasət ölkə başçısının aqrar sektoru inkişaf etdirmək üçün müəyyən etdiyi strategiyanın ana xəttini təşkil edir. İndiyə qədər də kəndli pis-yaxşı hər hansı bir məhsulu əkib becərə bilirdi. Lakin o istehsal etdiyi məhsulu sata bilməyəndə növbəti ildə bu işlə məşğul olmamaq qərarı verirdi. Heç bir təsərrüfat ziyanla işləmək istəməz və ya belə işləməyi uzun müddət davam etdirə bilməz. Ancaq indi bu buz sındı. Keçən ilin sonlarına yaxın gömrük sistemində aparılan ciddi islahatlar, malların idxalı və ixracı sahəsində edilən sadələşmələr, yerli istehsala geniş bir meydan aça bildi. Bu gün haqqında danışdığımız kəndli-fermer artıq çox yaxşı bilir ki, inhisarçılıq buzunun sınması səbəbindən onun istehsal edəcəyi məhsul daxili bazarda qiymət baxımından idxal olunan eyni adlı məhsulu kifayət qədər üstələyə biləcək. Kəndli –fermərə də elə bu lazımdır. O, indi artıq tək daxili bazar haqqında deyil, ixrac haqqında da ciddi düşünməyə başlayıb. Nə üçün də düşünməsin? Manatın devalvasiyası heç kimin arzuladığı bir şəkildə baş verməsə də milli valyutanın bu günkü məzənnəsi təkcə aqrar sektorda istehsal edilən məhsulların deyil, digər daxili istehsal məhsullarının da rəqabət qabiliyyətliliyini kifayət qədər arta bildi. Devalvasiyaya qədər daxili bazarda yerli xammal əsasında istehsal olunan hər hansı bir məhsulun bir vahidi xarici valyuta ifadəsində 15 dollara başa gəlirdisə, devalvasiyadan sonra həmən məhsulun xarici valyutada dəyəri təxminən iki dəfə azalaraq 7 dollar həddinə enə bildi. Devalvasiyaya qədər qiymətinin baha başa gəlməsi səbəbindən həmin məhsulu xarici bazara çıxarmaq mümkün deyildisə, indi bunu etmək tam realdır. Devalvasiyaya qədər həmin məhsul başqa ölkələrin istehsalçıları tərəfindən xarici bazara bizdəkindən 30-40% ucuz qiymətə təklif olunduğundan, bizim məhsul həmən bazarda satıla bilmirdi. Çünki bahalı manat həmən məhsulun dollar ifadəsində olan qiymətini də bahalandırırdı. Təbii ki, baha başa gələn məhsulu aşağı qiymətə satmaq ziyanla işləmək demək olardı. Bu səbəbdən də həmən mallar xarici bazarlarda satıla bilmirdilər.
Keçən illin sonlarında gömrük sistemində aparılmış islahatlardan sonra yerli istehsalçı bir tərəfdən öz məhsulunu qiymət baxımından xarici bazarlar üçün rəqabətqabiliyyətli edə bildi, digər tərəfdən isə o qiymət məsələsində daxili bazarda xaricdən gətirilən eyniadlı məhsulları kifayət qədər üstələdi. Bir sözlə artıq valyuta ilə alınıb ölkəyə gətirilən məhsulların dəyəri yerli istehsalın eyniadlı məhsulları ilə rəqabət aparmaq gücündə deyil. Çünkü ölkə daxilində məzənnəsi yumşalmış manatla istehsal olunan məhsulun dollar ifadəsindəki dəyəri idxal olunan eyniadlı məhsulun dollarla olan dəyərindənən azı 30% ucuz başa gəlir. Bu səbəbdəndir ki, artıq illərlə ayrı-ayrı məhsulların idxalı ilə məşğul olan adamlar indi həmən məhsulların ölkə ərazisində istehsalını təşkil etmək yolunu tutmağa başlayıblar. Bir çox istehsalçılar isə daxili bazarda qiymət balansının onların xeyrinə əsaslı şəkildə dəyişməsi səbəbindən istehsalın həcmini artırmağa başlayıblar.
Aparılan islahatlara dövlət səviyyəsində kifayət qədər dəstək verilir və bu dəstəyin getdikcə artırılacağı da heç bir şübhə doğurmur. Ölkə iqtisadiyyatının real sektorunun inkişafında artıq bankların da öz sözlərini demək vaxtı çatıb. Bu gün banklar sahibkara, fermerə şərtləri yalnız öz tərəzilərində ölçülüb-biçilmiş kreditlər təklif etməklə vəzifələrini bitmiş hesab etməməlidirlər. Bu gün banklar verdikləri kreditlərin şərtlərini özlərini real olaraq o sahibkarın, fermerin yerinə qoyaraq müəyyən etməlidirlər. Təəssüf ki, hazırki dönəmdə əksər banklar real sektora real da ola biləcək kreditlərin verilməsini təmin edə bilmirlər. İndi ölkədə qeyri-neft sektorunun inkişafına real bank dəstəyinin verilməsi çox vacibdir. Bu səbəbdən bank islahatlarının sürətinin bir xeyli artırılması zəruridir. Bu gün bizə kimlərəsə yalnız gəlir gətirmək düşüncəsinə söykənərək fəaliyyət göstərən, dəyəri verdiyi kreditin həcmindən bir neçə dəfə artıq olan daşınmaz əmlakları girova çevirməklə məşgul olan banklar lazım deyil. Bu banklar bir qayda olaraq dəyəri verdikləri kreditlərin həcmindən bir neçə dəfə çox olan girovu rəsmləşdirdikdən sonra müştərinin krediti qaytara bilməsi şanslarını üzdən də olsa araşdırmırlar. Bu bank fəaliyyəti deyil. Bu lombard fəaliyyətidir. Bizə isə iqtisadiyyatımızda bu gün aparılan islahatlarının maliyyə dəstəyini təmin edə biləcək real bank fəaliyyəti ilə məşğul olan banklar lazımdır.

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor

Xəbər 1648 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR