Ya Rəbb, deyəcəyim söz də qalmadı,
Nə mən danışanam...
Nə sən duyansan.
"Ömürdü, həyatdı…”, - dedim,
Olmadı -
Hər nədir, adını özü qoyarsan.
Neyləyim, verdiyin su ömrü deyil
Yağışda danışım, seldə danışım.
Ya mənim dilimdə yaz taleyimi,
Ya da...
Sən bildiyin dildə danışım...
Göy üzü yorulub dualarımdan -
Bəlkə süzgəçindən keçmir, İlahi?
Mən hər gün ömrümün son baharından
Köçürəm,
Vücudum köçmür, İlahi.
Nə hesab soranam, nə hesab yazan -
Varlığım kimsəyə qənim ki deyil.
Daha yol qalmayıb…
Yolundan aza -
Bu sənin dünyandı, mənimki deyil.
İndi gözlərimi sıxmışam…
Bəlkə -
Bir hənirti qalsın odumdan, Tanrım.
Mən sənin yadından çıxmışam bəlkə
Çıxar özünü də yadımdan, Tanrım.
Xəbər 1960 dəfə oxunub.