"Səsvermə günü isə 257 seçicinin 18 yaşı tamam olacaq. Mən o gəncləri də səs verməyə çağırıram. Siz ölkənizin gələcəyinə səs vermiş olacaqsınız”.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə parlament seçkilərində gənclərin fəallığı ilə bağlı respublikanın Gənclər Təşkilatları nümayəndələri ilə keçirilən görüşdə deyib.
M.Pənahov deyib ki, həmişə Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayıb: “Arzu edirik ki, gənclər müstəqilliyimizin qədrini bilsinlər. Müstəqilliyi qazanmaqla bərabər, dövlətin suverenliyini qorumaq da vacibdir. Suverenliyin qorunması gənc nəslin necə yetişməsindən asılıdır. Əvvəllər dövlətləri suverenlikdən, müstəqillikdən məhrum etmək üçün hərbi hücum edirdilərsə, indi ölkələrin suverenliyinə müxtəlif yollarla müdaxilə edirlər. Bura “beşinci kolon” və ya seçkilər də daxildir. Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətdə həmişə müxtəlif səbəblərdən müəyyən narazı kəsim olur. Bu və ya digər səbəbdən narazı qalan insanları müəyyən kənar qüvvələr öz tərəflərinə çəkir və sonra öz maraqları üçün istifadə edir, “beşinci kolon” yaradırlar. Bu baxımdan gənclər həssas təbəqədir. Gənclər dünyaya daha çox çıxırlar və onlar mürəkkəb dünyada Azərbaycanı qiymətləndirməyi bacarmalıdırlar. Gənc müstəqil ölkələrin gələcəyi yetişdirdiyi gənclərin əlindədir”.
M. Pənahov qeyd edib ki, bu il ilk dəfə səs verəcək gənclər 1998-ci ildə dünyaya göz açan gənclərdir: “Əgər kimsə seçkiyə biganə münasibət bildirirsə, gənclər dərhal buna reaksiya verməlidir. Bu seçkilərdə 63 min 555 min nəfər ilk dəfə səs verəcək. Səsvermə günü isə 257 seçicinin 18 yaşı tamam olacaq. Mən o gəncləri də səs verməyə çağırıram. Siz ölkənizin gələcəyinə səs vermiş olacaqsınız”.
Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Gənclər Təşkilatlatının rəhbərləri və qonaqlar iştirak edib.