Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov bu gün peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiayla qarşılaşıb və rəqibini 8-ci raundda nokauta göndərməklə möhtəşəm qələbə qazanıb. Döyüşdən sonra isə təcrübəli boksçu jurnalistlərə müsahibə verib.
Aktual.az qafqazinfo-ya istinadən hәmin müsahibәni tәqdim edir:
- Rəqibin dünən ləqəbinin “dağıdan” olduğunu qeyd etmişdi. Amma bu gün dağıdan sən oldun. Görüşlə bağlı nə deyə bilərsən?
- Rəqibim normal insandı. O da qələbə qazanmaq istəyirdi. Üçüncü raundda onun qara ciyərindən vurdum. Bu cür zərbələr çox pis hesab olunur. Çünki ağrı tutur və sona qədər buraxmır. Döyüşün gedişimdə səhvlərim oldu. Boş zərbələr aldım. Üçüncü dəfə vətəndə döyüşmək çox ağır idi. Taktikanı əvvəldə düz qurmadım. Dördüncü raunda kimi ciyərlərimdə problem var idi. Ancaq altıncı raundda hər şey qaydasına düşdü. Tam gücümlə irəli atıldım və bunun da xeyri oldu. Artıq 8-ci raund başlayanda bilirdim ki, rəqibim daha dözməyəcək. O artıq qaçmağa başlamışdı. Sonda istəyimə çatdım.
- Əvvəldən rəqibin ciyərlərinə zərbə endirirdi. Taktikan belə idi?
- Çox geniş məşqçi komandam var. Afrikalıların nəfəsi geniş olur. Taktika belə qurulmuşdu ki, mütləq onun qarnından zərbə vurmalıyam. Başdan ona zərbə endirmək çətin idi. Ikinci raundda başından güclü zərbə vurdum, amma o aşmadı. Halbuki bunu gözləyirdim. Hətta zərbənin gücündən sağ əlim də keyidi.
- 15 illik arzun bu gün reallaşdı. Fariz Məmmədovun idmanda başqa hansı arzusu qalıb?
- Artıq idmanda istədiyim hədəfə çatdım. Daha heç nə istəmirəm. Bundan sonra sakit, rahat həyat yaşamaq istəyirəm. Başqa hədəfim yoxdu. Azərbaycanın ilk peşəkar boksçusu, peşəkar boksda ilk və tək dünya çempionuyam.
- Bundan sonra sakit yaşamaq çətin olmayacaq?
- Hazırda ilk növbədə dincəlmək istəyirəm.
- Fariz Məmmədov gələcəkdə peşəkar boksçu yetişdirəcək?
- Özümü məşqçilikdə görmürəm. Azərbaycanda peşəkar boks federasiyası açılarsa, bu haqda düşünmək olar.
- Bu gün döyüş sona kimi davam etsəydi, 12 raund vuruşmağa gücün çatacaqdı?
- Çatacaqdı. 6-cı raunda kimi çox əziyyət çəkdim. Üçüncü dəfə Azərbaycanda vuruşmaq psixoloji gərginlik yaradırdı. Uduzsaydım... Mənə verdikləri dəstəyə görə Tale Heydərova və Fariz Nəcəfova minnətdaram. Sağ olsunlar ki, mənə dəstək oldular. Mən olsaydım, 2 dəfə vətəndə uduzan idmançıya üçüncü şansı verməzdim. Amma onlara minnətdaram ki, sona qədər mənə dəstək oldular.
- Raundlar arası fasilədə rəqibin oturmurdu. Bu səndə qıcıq yaratmırdı?
- Onun oturmamağı səbəbsiz deyildi. Çünki boksçu ciyərdən zərbə alanda otura bilmir. Bu halda bədəndə qan işləmir. Oturanda ciyər daha da sıxılır və ikiqat çətinlik yaranır. Məşqçilərim deyirdi ki, dayanma, ona zərbə vur. Fərqi yoxdu, belindən, qolundan, əsas odur ki, vur. Bu qələbə Tanrının mənə bəxş etdiyi nemətdir. Artıq karyeramı bitirmək lazımdır.
36 yaşım var, ailə həyatı qurmaq lazımdı. Uzun illərdi otellərdəyəm, ev yeməklərinə həsrət qalmışam. Təkcə elə bu döyüşə 6 ay hazırlaşdım. Çox adamların haqqı var üstümdə. Təlxəklik, yaltaqlıq edən deyiləm. Mən olsaydım, qardaşıma belə üçüncü dəfə şans verməzdim. Uduzsaydım necə olacaqdı? Mənə dəyən hər zərbə anamı qocaldırdı. Bu qələbə isə onu 20 il cavanlaşdırdı.
Aktual.az