“Bu qalstuklardan informasiya vasitəsi kimi istifadə etməliyik” - MÜSAHİBƏ

“Bu qalstuklardan informasiya vasitəsi kimi istifadə etməliyik”  - MÜSAHİBƏ

İtaliyanın “Andrew’s Ties” brendi, Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi “La Cravatte Italiana” şirkətinin sifarişi ilə “Qarabağ” və “Xarı bülbül” mövzulu qalstuklar istehsal edib. Bu ideyanın müəllifi Yavər Məmmədovla görüşüb qalstuklar barəsində geniş məlumat almağa çalışdıq.

- Yavər bəy, bilirik ki, siz Azərbaycanda, Bakıda ilk böyük qalstuk mağazasının açılmasına nail olmuş şəxssiniz. Bu barədə məlumat verməyinizi istərdik. Qalstuk mağazası açmaq ideyası necə yarandı?

- 2001-ci ildə, İtaliyada səfərdə olduğum vaxt, Turində Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Treninq Mərkəzində maaliyyə və xərclər barədə dərs keçməyə başlamışdım. Orada olduğum müddətdə maraqlı, müxtəlif formada və çoxlu sayda qalstuklarla zəngin mağaza gördüm və bu mənim çox xoşuma gəldi. Həmən vaxt çox arzulamışdım ki, gələcəkdə mən də belə bir dükana sahib olum. Amma ki, nə maalliyyə imkanlarım ona uyğun idi, nə də Azərbaycanda ona uyğun bir məkan tapa bilərdim. Bu arzumu dostlarımın köməyilə reallaşdırdım. 2010-cu ildən İtaliya istehsalçıları ilə yazışmalara başladım və 2013-cü ildə İtaliya səfirliyinin dəstəyi ilə bu mağazanın açılışını etdik. Və bu Azərbaycanda ilk peşəkar ixtisaslaşmış qalstuk dükanı oldu. Dükanı açdıqdan sonra korparativ sifarişlər də qəbul etdik.

- Mağazanızda satılan qalstuklar arasında milli atributlarımızı əks etdirən qalstuklar da görmək olar. Mümükünsə bununla bağlı geniş danışardınız.

- Hazırda bütün imkanlarımı səfərbər edərək milli brend yaratmaq istiqamətində ciddi iş aparıram. Azərbaycanın öz milli qalstukları formalaşdırılmalıdır. Axı nəyə görə biz əcnəbi mədəniyyətlərinin təbliği olan qalstuklardan istifadə etməliyik. Mehriban xanım Əliyevanın şəxsən təşəbbüsü ilə Azərbaycanda Şərqlə Qərb mədəniyyətinin vəhdəti formalaşıb. Dizaynerlər Azərbaycanın milli naxış və ornamentlərini geyim üzərinə köçürməyə başlayıblar. Bu işə Leyla xanım Əliyeva rəıhbərlik edir. Mən də bu işi qalstuk üzərində ilk olaraq tətbiq etdim. Əslində bu işə ilk dəfə Azərbaycanın məhşur xalçaçı rəssamı Lətif Kərimov imza atıb. O xalcadan bir hissə kəsərək kənarlarını tikib və ensiz xalça xovu şəklində boğazına qalstuk edib.
Hər zaman xaricə gedəndə elə suvenirlər axtarırdım ki, Azərbaycanın mədəniyyətini, tarixini əcnəbilərə ötürə bilsin. Ancaq çox təəssüüf olsun ki, Azərbaycanda satılan suvenirləri Çində istehsal olunduğundan təhrifedilmiş məlumatlarla doludur. Suvenirlər kommersiya üçün yaradıldığından keyfiyyət çox aşağıdır və təhriflər çoxdur. Ona görə də istədim ki, bizim, xarici səfərlərdə istifadə edəcəyimiz, xaricdən gələn qonaqlarımıza hədiyyə edə biləcəyimiz xüsusi aksesuarımız olsun. Bu məqsədlə Mədəniyyət nazirimizə qalstuklarla bağlı bir təklif verdim və sağ olsun ki, təklifimi dəyərləndirib yüksək qiymətləndirdi. Və belə qərara gəldik ki, ilk olaraq XIX əsrə məxsus Qarabağ xalçasını və kilimini qalstuk üzərində yerləşdirək. Çox çətin bir proses olmağına rəğmən həyata keçirməyi bacardıq. Növbədə Naxçıvan, Qazax, Quba, Şirvan bölgələrinin xalçaları var.Hazırda Gəncə xalçası ideyası üzərində işləyirik. İstərdim ki, bütün insanların üzərində daşınan bir informasiya olsun. Onu sevə-sevə taxsın və qarşısındakına da məlumat çatdırsın ki, bu Azərbaycanın xalçaçılıq məktəbinin təbliğidiir. Həmin qalstukların qutularının içərisinə qoyulan yaddaş kağızında da ingilis dilində Azərbaycan xalçaçılıq məktəbinin tarixcəsi yazılıb. Beş məktəb olduğu və bu qalstukun Qarabağ məktəbinə aid olduğu da kitabçada qeyd edilib. Bu qalstuklar hazırda rəsmi qonaqlar üçün nəzərdə tutlmuş dövlət səviyyəli hədiyyələrdir.

- Ən son yenilik olan Qarabağ qalstukları barəsində də danışardınız.


- Mən Qarabağlıyam, Füzulidənəm. Xarici ölkələrə gedəndə fikirləşirdim ki, mütləq oradakı dostlarıma Qarabağla bağlı hədiyyələr aparmalıyam. Ancaq maraqlı hədiyyələr tapa bilmirdim. Düşündüm ki, əlimdə belə bir imkan var ikən yeni bir ideya yaradım. Qarabağ atributlarını qalstuk üzərinə köçürdüm. Bu qalstuk çox maraqlıdır. Demək olar ki, Qarabağın bütün atributlarını özündə cəmləşdirib. Burada tar, kaman, qaval rəsmi var və bu da Qarabağın musiqi beşiyi olduğunun işarəsidir. Daha sonra Qarabağ atlarının rəsmi var. Bildiyimiz kimi, Qarabağ atları Qafqazın və Orta Asiyanın ən nadir atlarından hesab olunur. Qalstukun üzərində dəbilqə rəsmi var və bu da Qarabağ savaşlarında göz qırpmadan canını fəda edən igidlərə işarədir. Mənim atam da Qarabağ qazisidir. Söhbət Qarabağdan gedirsə qalstukun üzərinə Xarı bülbülün rəsmini yerləşdirməyə bilməzdim və bunu da etdim. İşğal olunmuş rayonlarımızın adlarını, Qarabağ xalçasını yerləşdirərək kustar formada xalçanın dizaynını çəkdim. Peşəkar italyan dizaynerlər tərəfindən unikal dizayn hazırlandı. Qalstukun istehsalında yüksək toxuculuq sənətindən istifadə edildi. Qalınlığı və rəngləri tənzimləmək üçün Qarabağ xalçasını qalstukun ensiz hissəsinə yerləşdirdilər. Üst tərəfini isə raso deyilən texnologiyadan istifadə dərək bir tonda işlədilər. Xarı bülbülü çox rəngarəng formada hazırladılar və bu da mənim ürəyimcə oldu.
“Xarı bülbül” versiyası da Qarabağ seriyasındandır. Bunu etməklə hər kəsin bu gülün Qarabağa, Şuşaya məxsus olduğunu və dünyanın başqa heç bir yerində bitmədiyini öyrənməsinə çalışdıq. Bu qalstukun kitabçasında da Xarı bülbül gülü barədə ətraflı məlumat qeyd edilib. Qalstukların astar hissəsində ingilis dilində “Qarabağ, Azərbaycan” sözləri yazılıb. Qalstuklar 100% ipək materialdan hazırlanıb, ikiqat jacquard toxunuşa malikdir, eni 8 sm, uzunluğu 154 sm-dir.


Təklif edirəm ki, Azərbaycanı beynəlxalq arenalarda, tədbirlərdə təmsil edən şəxslər mütləq bu qalstukdan istifadə etsinlər. Dövlət büdcəsindən vəsait alıb xaricə ezamiyyətə gedən hər bir azərbaycanlı belə bir suveniri özü ilə aparsın. Bu qalstukların qutularının içərisinə xüsusi kitabçalar yerləşdirmişik və həmin kitabçalarda ingilis və Azərbaycan dilində qalstukun üzərindəki işarələrin hər birinin açıqlaması qeyd edilib. Həmçinin, Qarabağda ermənilərin məskunlaşdırılması siyasəti, rayonlarımızın işğal tarixləri və eləcə də Qarabağla bağlı BMT-nin qətnamələri də həmin kitabçada yerləşdirilib. Kitabça qalstukun ayrılmaz hissəsidir və ingilis dilində tərtib edilib. Bu qalstuklardan informasiya vasitəsi, məlumat ötürücüsü kimi istifadə etməliyik.


Rumiyyə MİRASLAN

Xəbər 5888 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR