Elşən Musayev
Dünyanı cənginə alan böhran Azərbaycandan da yan keçmədi: neft düşdü - dollar qalxdı, manat düşdü – qanımızda təzyiq, nəbz qalxdı, yumurta düşdü – siqaret qalxdı, ta nə bilim ev düşdü, kredit qalxdı… Beləcə yelləndik. Hər günün, hər saatın, hər dəqiqənin havasını içimizdəki reflektor “ambulans”ın nəfəsliyindən alıb yelləndik. Ki, amanın günüdür, görəsən qarşıda bizi daha nələr gözləyir.
***
Məktəb vaxtının söhbətidir. Yəni, o vaxt kimsə nəql eləmişdi mənə: Demək bir “it oynadan” cüvəllağı gədə gəlib yekə bir kollektivdən soruşur ki, o nədir 5 ayağı var, öz də qırmızı? Üstəlik, həm də televizorun üstünə qoyulub? Kimsə cavab tapa bilmir. Axırda adam özü açıqlama verir: “Nərdivan”. Hər kəs təəccüb dolu baxışlarla: “Yaxşı bəs niyə televizorun üstü?” Cavab gecikmir… ”Ay qadan alım, nərdivanın yiyəsi mənəm, istərəm televizorun üstünə qoyaram, istərəm divanın…”
İndi bax Azərbaycanın ictimai-siyasi camiəsində əksəriyyət belədir: “Prikolist”! Təbii, öz aləmlərində. Biri Mirzə Cəlillik edir, biri Molla Nəsrəddinlik, digəri də falçı məlahətlik və münəccimlik. Amma bir məsləhət verən, proqram yazan, alternativ təkliflə meydana çıxan yoxdur. Hamı alimdir. Özü üçün. Hamı höküməti təftiş edir. Primitiv illuziyalarla. Lağlağının biri yarım, ironiyanın, məzənin beşı bir qəpik…Evdə arvadın əlindən televizorun “pult”unu ala bilməyən, mövcud hakimiyyəti devirib xalqı ələ alacağından danışır. Bananı, video-maqnitofonu, şampunu gəlib Bakıda görənlər sosyetik-qlamur-post modernist cildinə girib Avro-inteqrasiyadan danışır…Həbib Müntəzir, Günel Mövlud kimi dahi əbləhşünaslar Holland barından Bakı təəsüratı bölüşür, müxalifətbaşı Əli Kərimli monitorun qabağında oturub bölgələrdəki aksiyalara “balet” edir, (bəzi) herşeyşünas ziyalılarımız “feysbuk”da Eynşteynlə məzələnir, meydanda “ət tökənlərimiz” məsləhət verənlərimizə göz-görəsi fərqlə qalib gəlir. Ona görə sosial şəbəkələrimiz real vəziyyətin ahənginə uyğun politoloqlaşmaq əvəzinə büs-bütün dietoloqlaşır…
İstehlak səbətinin, evinin bazarlığının, alacaqlarının, verəcəklərinin dərdini çəkməyənlər isə Zahid Orucun, Adil Əliyevin, Aqil Abbasın söylədiyi fikirlərin dərdini çəkir. Bəs necə? Mövzu olmalıdır axı. Ortalıqda da olan bunlardır. Dediklərini nərdivan söhbəti kimi hara istəsən fırlamaq olar…
Xalqıma, millətimə, bu dövlətin ən tənbəl, ən istedadsız vətəndaşına da qurban olum. Amma bu sevgi, bu məhəbbət rayonda özü torpaq əkib bir hektardan tutaq ki, 5 min gəlir götürə biləcəyi halda həmin torpağı tənbəllikdən 400 manata Bakıdan kiməsə icarə vermə faktını dəyişirmi? Aqil Abbasın söylədiyi fikirləri şübhə altına alırmı?
Zahid Oruc nə söyləsə qahmar çıxırlar, söz qoşurlar, atmaca atırlar. Lal durub, kar qalıb, əlinə kor əsasımı alsın? Bu dahamı təqdirəlayiqdir? Bütün ağıllı, içdən gələn sözlər mütləq sifarişləmi olmalıdır? Nə məntqdir bu?
Adil Əliyev “feysbuk”da ümumi dostlardan kiməsə ad günü təbriki yazır. Və? “Və”si budur ki, həmin adam demə müxalifətçi imiş. Olsun da! Söyüş, təhqir yazmayıb ki? Bu ölkədə az qala 4 yaşında uşağa da bəllidir: sosial şəbəkənin təbrikləri intuitiv olur, orada xüsusi çeşidləmə, araşdırma aparmırsan, simvolik bir tərzlə jest edirsən. İstəyir Azərbaycan müxalifətçisi yox, lap Zambiya müxalifətçisi olsun – fərq etməz. Oturuşmuş prosedur, protokol qaydalarıdır bunlar. Ayrıca, insanlıq deyə bir anlayış var axı. Amma… hansısa şərəfsizin biri mövzunu kontekstdən çıxarıb duy vurdumu, yetər! - Ən az 3 gün ortalıqda “yeməli” mövzu olacaq. Həm də gündəm bu qədər aktual mövzulara qərq olmuşkən!
Odur ki, əzizlərim! Bilin və agah olun:
Bu ölkədə məzə çevrəsi axtaranlar dərd ortağı axtaranlardan daha çoxdur!
Bu məmləkətdə ortalıqda kimlərdirsə hədəfdə də onlardır!
İqtidar ən kritik vəziyyətdə belə çarəni tək gəzirsə, bu çətinliklərdən çıxmanın yolunu da TƏK tapacaq!
Mən Prezidentimə inanıram və çox şükür ki, bu inancımda heç bir zaman yanılmamışam…
BAŞlarından böyük danışan bozBAŞları isə BAŞ və gövdələri ilə BAŞ-BAŞA buraxıram. Hər kəs Allah amanında olsun.
Aktual.az