Bu inanılmaz görüntülər bir milyarddan çox insanın yaşadığı Hindistanda və ya Çində çəkilməyib, 8 milyonluq Azərbaycanın mərkəzində çəkilib.
Lent.az-ın məlumatına görə, avtobusun qapılarından 7-8 nəfərin sallaşaraq getdiyi bu yer Abşeron rayonunun Digah qəsəbəsidir. Avtobus isə üzü Bakıya – "Azadlıq prospekti” metrostansiyasına doğru gəlir. Bəli, bəli, gördüyünüz kimi qapıları açıq, açıq qapılardan sallaşan xeyli insanla birgə.
Bu barədə bizə elə bu marşrutun daimi sərnişinlərindən biri məlumat verib. Dəhşətli səyahətin hər gün yaşandığını bildirən sərnişin deyir ki, Digahdan Bakıya doğru ölümlə nəfəs-nəfəsə səyahət edirlər. Şikayətçi onu da deyir ki, hər gün bu təhlükəli səfərin yaşandığı avtobus Digahdan Bakıya gələn 147 saylı marşruta aiddir.
Oxucumuz bildirir ki, bu xəttə hərəkət edən 147 saylı marşrutların demək olar, hamısı hər gün belə təhlükəli səfərlər həyata keçirir və onlarla insanın həyatını riskə atır.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Bakıətrafı qəsəbələrə işləyən sərnişin avtobuslarında həmişə sıxlıq müşahidə edilir.
M.Ağayev qeyd edib ki, həmin avtobuslarda sıxlıq daha çox günün pik saatlarında yaşanır: "Bu da həmin saatlarda yollarda yaranan tıxaclarla bağlıdır. Yollarda tıxac olduğu üçün nəqliyyat vasitələri gecikir, aradakı interval pozulur və sərnişinlər tələsir deyə birinci gələn avtobusa minməyə çalışır. Həmin video-görüntüdə qeyd edilən 147 saylı marşrutda sıxlıqla bağlı da şikayətlər çox olur”.
M.Ağayev deyib ki, adı çəkilən 147 nömrəli sərnişin avtobuslarının sayı kifayət qədərdir və bir neçə saat üçün sayını artırmağa gərək yoxdur: "Bu məsələ ilə bağlı BNA olaraq daşıyıcıya müraciət edə bilərik ki, nəqliyyat vasitələri arasında interval elə tənzimlənsin ki, bu problemlə rastlaşmayaq”.
M.Ağayev son olaraq sərnişinlərə də müraciət edərək onları ehtiyatlı olmağa çağırıb: "İşə, ya harasa gecikmək olar, buna görə dolu avtobusa minmək düzgün deyil. Həyat hər şeydən önəmlidir”.
Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev isə Lent.az-a bildirib ki, Bakı şəhəri ərazisində sərnişinlərin avtobus qapılarından sallanaraq getməsi halları var və həmin sürücülər müəyyən olunanda onlar barəsində müvafiq tədbirlər görülür.
K.Əliyevin sözlərinə görə, həmin sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydaları pozulmuş olur və İnzibati Xətalar Məcəlləsində də konkret qeyd edilib ki, nəqliyyat vasitələrinin qapıları bağlanmamış vəziyyətdə hətta yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa görə sürücü İnzibati Xətalar Məcəlləsinin 142-ci maddəsinə görə 40 manat məbləğində cərimə olunur. Amma buna baxmayaraq pik saatlarda bəzi marşrut sürücüləri sıxlıqdan istifadə edərək belə qayda pozuntusuna yol verirlər.
K.Əliyev qeyd edib ki, eyni vaxtda sərnişin avtobuslarının hamısına nəzarət etmək mümkün olmur: "Biz hətta bir neçə dəfə şirkət rəhbərləri ilə də danışmışıq ki, sürücülərlə təlimat aparsınlar. Əgər hansısa sərnişin avtobusun qapısı açıq vəziyyətdə olarkən yıxılıb bir xəsarət alarsa, bunun məsuliyyəti sürücünün üzərindədir. Sürücü özü də dərk eləməlidir ki, onun daşıdığı sərnişinin həyatına cavabdehdir. Əgər qapını açıq qoyması səbəbindən hansısa sərnişin yüngül və yaxud ağır bədən xəsarəti alarsa, ölərsə, sürücü həbs oluna bilər. Bir sürücünü cəzalandırmaqla iş bitmir. Sürücü hərəkətinin hansı fəsadlara gətirib çıxaracağını dərk etməlidir. Bu məsələdə diqqətli olmaq lazımdır. Hər şeyə barmaqarası yanaşmaq olmaz. Müəssisələrdə sürücülərlə maarifləndirmə işləri aparılmalıdır”.