Məşədi İbad 50 yaşında bir tacirdir! Çox əcəb, çox pakizə! Ömrü uzun olsun!-deyəcəksiniz...
Zatən də uzundur!Özü də bu sağlam, yaraşıqlı, gözəl-göyçək, həyat eşqi ilə dolu, dükanını bir an belə yiyəsiz qoyub, kiməsə etibar edəcək qədər yorğun və yayğın birisi deyil bu adam!!!Elə bu üzdən ona həsəd aparan, paxıllıq eləyənlər də var!
Düşünmək olar ki, əslində 50 yaş insan üçün həm çox, həm də bir göz qırpımı qədər ani sayılan ömürdür! Allahın Məşədiyə qismət elədiyi zaman kəsiyində də bu yazıq kişi vur-tut bircə "qəbahət” qazanıb: Məşədinin pulu var! Pul açmayan qapınınsa , deməli, sahibi-yiyəsi yoxdur!
Məşədinin bəxti bir də onda gətirməyib ki, aldığı arvadlar onu sevgisindən, pulundan barınsalar da tündməcaz xasiyyətinə, yumruq və kötəyinə tab gətirə bilməyiblər. 4 arvaddan ikisi ölüb, ikisi də onu qoyub qaçıb! İndi bu biçarə neyləsin ki, camaat (oxu: tamaşaçılar) bu kişini həmişə gözlərinin qabağında görmək istəyir və onun hər sözünü, hər kəlməsini gülüşlə qarşılayırlar.
O binəva da ürəyinin lap dərin guşəsində bilir, həm də yaxşı bilir ki, onun tay-tuşlarının sayı bu ölkədə 50 nəfər ya ola, ya olmaya, heç vaxt tapır ki, haqq- hesab aparmağa, onlarla hal-kef eləməyə?!
Məşədi İbad 1910-u ildə dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacibəylinin ocağında "doğulub". Bir il sonra ayaq açıb (özü də səhnədə) yeriyib, bu il 104 yaşı tamam olsa da, "kişinin sözü bir olar!”- prinsipi ilə yaşayır və hələ qocalığı boynuna almaq fikri-zadı da yoxdur.(Dəlidi bəyəm? Bu boyda cah-cəlalı, sarayı, gözəlliyi, su sonası kimi cavanca adaxlısını, hələ üstəlik...gözünü ondan çəkməyən o Sənəm canıyanmışı qoyub hara gedir e!?)
Əksinə, "Bilmirəm bu camaat mənim harama qoca deyir axı!? Qoca odur ki, gözü görməyə, dişi tökülə, beli bükülə! Mənimsə, saqqalımda bir dənə ağ tük yoxdur (əgər dəllək, mürtəd oğlu mürtədin, bu yanlışlığını nəzərə almasaq, tfu, şarlatan-deyib əlindəki ağ tükü kimsə görməsin deyə cibində gizlədir)
namxuda, maşallah, quş kimiyəm!”-deyir və həmyaşıdlarına yandıq-qındıq vermək üçün elə quş kimi qollarını açıb məmnuniyyətlə oynayır da...Bəs nə, zarafat deyil axı, müflisləşsə də, bəy adı üstündə -Rüstəm bəy, gözünün ağı-qarası bircə qızını ona ərə verməyə razıdır! Özü də təkcə qızı üçün razı deyil e, Məşədidən bir az da artıq pul qoparıb borclarını qaytarmaq hayında olan bəy, üstəlik qulluqçu Sənəmi də ona peşkəş eləmək niyyətindədir! Təbii ki, əgər təzə damad bir neçə yüz manatının başından keçməyə ürək eləsə...Axı, yazığın hələ "bir anbar toy xərci də var"...
Məşədi savadlı adamdır, "Tarixi-Nadir" kitabını yarıyacan oxumasına baxmayaraq azdan-çoxdan mütaliyəyə meyiullidir! Ərzi-halını özü yazmağı bacarır! (Sərvərin ondan bildiriş yazdırma səhnəsini xatirlayın! Amma niyə sonda barmağını qaralayıb imza əvəzinə kağıza basdı onu başa düşmədim! Yəqin kişi adətdən kənara çıxmaq istəmir!)
Məşədi baxımlı kişidir, saçı olmasa da saqqalının "hənasının vaxtı keçəndə başı ağrıyır!"
Məşədi dəblə geyinməyi, ona nəyin, necə yaraşdığını incələməyi və ətraf mühitin də fikrini nəzərə almağı bacarır: " Bu papağı belə qoysam...deyəcəklər Gəncə qumarbazıdır,belə qoysam...deyəcəklər Şamaxı lotusudir, belə qoysam...deyəcəklər Qarabağın pambıq bəylərindən-dir..."
Məşədi centlimendir! Əvvəlcə qadınlara yer və yol göstərir. sonra özü keçib əyləşir!
Məşədi həm də xəsis adamdır, buna pulunun qədrini biləndir, deyib də, könlünə toxunmayaq!
Məşədi Məşədi həm də arif adamdı, o bilir ki, pulu olmasaydı, Rüstəm bəy onu heç evinin kandarından içəri buraxmaz, süfrəsinin əziz qonağı eləməzdi! Təzəbəy əmindir ki, cibindəki palazqulaq əskinazların qoxusunu almasaydılar, nə qəzetçi Rza bəy, nə intelligent Həsən, nə Qoçu Əsgər, nə Həsənqulu bəy, nə də hamam suyu ilə hər kəsi özünə dost tutan Məşədi Qəzənfər onun üzünə baxmazdılar! Amma neyləsin ki... hələ də içindəki saflığı, inamı, etibarı qoruyub saxlamağıı bacarıb bu kişi və son anda onu bu oyuna gətirənlərdən intiqamını almaq üçün yenə bu "lotulara" bel bağlayır, düşünür ki, bəlkə vəziyyətdən çıxış yolu-qəzetçinin qələmində, qoçunun piştonunda, Həsənqulu bəyin əndrabadi danışığında, intelligentin rusca qırıldatmağındadır..
Məşədinin bütün bu özəlliklərini bizə 42 yaşlı aktyor Şövqi Hüseynov tanıtdırdı!
Məşədi İbad bəzi xanımlar kimi yaşını güzlədərək 104-dən nə az, nə çox düz 54 il çıxıb və dediyim kimi sinni 50-dən bir "çıqqılı" aşağı olar ki, yuxarı olmaz! Amma neynəsin ki, bəzən o özündən yaşca böyüklərin, bəzən də kiçiklərinn dili ilə danışıb, bəzən sehirli güzgüdən, bəzən böyük ekrandan görünüb. Soruşa bilərsiniz nəyin xatirinə? Əlbəttə ki, hər kəs kimi Məşədi də çox yaşamaq, uzunömürlü olmaq, yarısınacan oxuduğu "Tarixi Nadir" kitabını tamamlamaq istəyir.
Ancaq hara getsə, harda olsa, bu kişi özünü Azərbaycan Dövlət Musiqili teatrında daha rahat, daha güvənli hiss eləyir, çünki bura onun ata ocağıdıır! Başına gələnlərin operettada səsləndiyi yerdir, yəni ki, onu burada daha çox sevirlər.
Bu 104 ildə Məşədinin səsi də dəfələrlə dəyişib, yerişi , duruşu, hərəkəti...adının qarşısındakı adlar da! İlk dəfə Mirzağa Əliyev (1911-1922-ci illər), sonralar Hacıağa Abbasov və Ələkbər Hüseynzadə (1922, 1941), Məmmədəli Vəlixanlı və Ağahüseyn Cavadov (1939,) Əlihüseyn Qafarlı( ) Lütfəli Abdullayev və Bəşir Səfəroğlu (1956, 1963), Hacıbaba Bağırov(2004), Ramiz Məmmədov(2008) və nəhayət Şövqi Hüseynov(2014) onun yerişini yeriyib, gülüşü ilə gülüblər. Amma bu bir əsrlik zanan kəsiyində dəyişməyən bir gerçəklik var: o da Məşədinin yaşına yaraşmayan (müasir kişilərin bəzilərinin sərgüzəştlərini eşidəndə, Məşədinin ətəyində namaz qılmaq istəyir adam), lakin pulu, varı-dövləti müqabilində cavan bir xanımı almaq istəyidir.
Özü də elə düşünməyin ki, onun qapısına elçi göndərdiyi madmuazel Gülnaz uşaq-zaddı deyə, yazığı qınaq hədəfinə çevirib Üzeyir bəy! Əsla yox! Gülnaz xanım yetkinlik yaşındadır, artıq sevdiyi və sevildiyi gənc bir insan var və bu iki cavan dövrünün bütün qadağa və təhdidlərinə baxmayaraq Rüstəm bəy kimi zabitəli bir kişinin gözündən yayınıb divar dibində, gül baxçasında bir-birinə eşqnamə oxuyurlar və sadədil Məşədinin puluna ehtiyacı olan atanı da öz tərəflərinə çəkib ona kələk gəlməyi də bacarırlar...
Əlbəttə, hər kəs Məşədi İbadın sevgi macərasını, başına gələn (əslində, gətirilən) olayları bir cür yoza bilər və illər boyu yozublar da...Bu kişinin həm malı gedib, həm bir ətək pulu gedib, həm el içində rüsvay olub...həm də də gülüş hədəfinə çevrilib! Bu Üzeyirbəyin də heç insafı "yoxuymuş " vallah...Axı, yaşın nə fərqi var ki...Bağışla, ustad! Sizin vaxtınızda nə bu mahnı vardı, nə də bu sözü deməyə cəsarət eləyənlər...
- Nəyə görə mən bu kişinin tərəfini saxlayıram?-deyə sual edənlər ola bilər. Əvvəla ona görə ki, indiyəcən baxdığım bütün tamaşalarda Məşədi İbadı bizə, yəni tamaşaçılara komik bir obraz kimi təqdim ediblər. Bəzən aktyorlar həddindən ziyada canfəşanlıq edib salonu güldürmək üçün komik vəziyətlər yaratmağa çalışıblar və insafən deyək ki, çox vaxt buna nail olublar da! Amma xalq artisti, tanınmış rejissor Cənnət Səlimova Azərbaycan dövlət Musiqili Teatrın yeni eksperimentini uğurla həyata keçirərək, tamaşanı növbəti dəfə bərpa edəndə, keçmiş tələbəsini, həm də uzun müddət Bakı Kamera teatrında bərabər çalışdığı, istedad və bacarığını bir müəllim, ustad səbri və vəhyi ilə cilalayıb Gənc Tamaşaçılar Teatrının kollektivi ilə çalışmasına xeyir-dua verdiyi Şövqü Hüseynovu bu rolda sınamaq istədi.
Şövqü Məşədi İbadı duydu, anladı, onu bir az daha mütavazi, bir az daha sadədil, saf və ilk baxışdan çox səmimi, ailə ortamına, qadın mehrinə ehtiyacı olan tipik bir Azərbaycan kişisi, tənhalıqdan bezən bir insan kimi təqdim etdi. Sadəcə tamaşa boyu Məşədiyə həqarət etmək, onu məsxərəyə qoymaq istəyən kimsəyə qəhrəmanını əzdirmədi. Hətta intelligent Həsənin atmacalarını belə cavabsız qoymaq istəmədi, toy gecəsi gəlin qılığında Məşədinin evinə girməyə cəsarət edən student Sərvər, tapançanı onun gicgahına dayayıb Gülnazı yox, qulluqçu Sənəmi almaq istədiyi barədə dilindən kağız alanda belə ağayanalığını saxladı və hər kəsin sanki yaxşı tanıdığı bu obraza yeni bir imic qazandıra bildi! Şövqünün təqdim etdiyi Məşədi öz yerişi,duruşu, rəqsi, xanımlarla- xüsusilə də qulluqçu Sənəmlə dialoqları o qədər cilalanmış, o qədər səmimi təsir bağışlayır ki, tükü tükdən seçməyi bacaran tamaşaçı aktyorun səmimiyyətinə inanır, onunla bərabər həyacan keçirir, maraqla hadisələrin sonunu gözləyir. Əsərin məzmununu əzbər bilsə belə!
"O olmasın, bu olsun" operettasındakı rolu ilə Sövqü Hüseynov bir daha təsdiq etdi ki, səhnədə sağlam gülüş yaratmaq üçün sağ əllə sol qulağı göstərməyə lüzum yoxdur, çox ciddi və ağıllı bir oyun taktikası seçib tərəf müqabillərini və bütövlükdə səhnədəki hər bir personajı maraqlı bir məcraya yönəldərək salonun nəbzini tutmaq, onu güldürüb, əyləndirmək də olar! Və illərdən bəri "filankəs bu rola möhür vurub, faha onun kimi kimsə oynaya bilməz!"-qənaətini təzələmək də olar!
Xalq artisti, istedadlı aktrisa Afaq Bəşirqızı məhz bu teatrın səhnəsində xalq artisti, rəhmətlik Hacıbaba Bağırovun, son illərdəsə xalq artisti Ramiz Məmmədovun təfəf müqabili olub. Amma onun Sənəmi bu dəfə bir azca fərqlidir, daha cəsarətlidir, daha zərifdir, canıyanandır, nazlı-qəmzəlidir! Eə ilk baxışdanca vurulduğu (puluna yox ha, özünə) Məşədi ilə çox incə zarafat etmək, hətta ona söz atmaq, istəyini anlatmaq qədər cəsarətli...
Doğma kollektivinin əhatəsində daha rahat və arxayın oynayan Afaq xanım da, həmkarları da ev sahibi olduqlarını nümayiş etdirmək fikrindən çox uzaq bir ab-hava yaratmağı bacardılar. Həm əməkdar artist Şövqü Hüseynova, həm də aktyor kimi ilk dəfə Sərvər rolunda səhnəyə çıxan Amil Məmmədova dəstək olmağı bacardılar!
Gülnaz - Gültac Əlili (dublyoru əməkdar artist Səidə Şərifəliyeva ), Rüsrəm bəy- əməkdar artist Ələkbər Əliyev(Möylə Mirzəliyev), Qəzetçi Rza-Məhərrəm Qurbanov (Əliməmməd Novruzov) , Əzizağa Əzizov -Qoçu Əsgər, intelligent Həsən-əməkdar artist Əkbər Əlizadə(Elxan İsmayılov), Həsənqulu bəy -Nadir Xasiyev (Səmədzadə Xasiyev), Məşədi Qəzənfər -əməkdar artist Novruz Qatral (Ziyadxan Cəbrayılov ), xor, balet və Əməkdar İncəsənət xadimi Nazim Haciəlibəyovun dirijorluğu ilə tamaşaçıya əsl musiqi həzzi yaşadan orkestr Hacıbəyli dühasının şah əsərlərindən biri sayılan "O olmasın, bu olsun" a yenidən həyat verdi. Məşədi İbadın və onu əharə eləyən qəhrəmanların ömrünü bir il də artırdı...
Həmin axşam elə bilirəm ki, salondakı bütün tamaşaçılar, xüsusilə də qadınlar, Məşədi İbadı sevdilər! Siz necə, bu sevginin nədən qaynaqlandığını bilmək istəyirsinizmi?
AMMA BU İŞİN BİR BALACA XƏRCİ VAR...Azərbaycan Dövlət Musiqili Teatrın afişalarını izləyin və yaxın günlərdə göstəriləcək tamaşaya bilet almağa tələsin! Ən azından, fərqli bir Məşədi İbad görəcəksiniz və Sənəmin bu kişiyə ilk baxışdan niyə vurulduğu sizə qəribə gəlməyəcək...Bu dünyanın o qədər qəribə işləri var ki...
TELLİ PƏNAHQIZI