Məlum olduğu kimi, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Bu il ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.
Qaydalara əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abituriyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər.
Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini bu il – 2016-da bitirən abituriyentlər isə qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə orta məktəblərdə verdikləri buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.
Artıq ölkə üzrə XI sinfi bu il bitirənlərin buraxılış imtahanları başa çatmaq üzrədir. Builki məzunların çoxu artıq buraxılış imtahanlarının nəticələrini bilir. Qeyd edək ki, buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Hər sualın düzgün cavabı 1 balla qiymətləndirilir.
Builki buraxılış imtahanlarını vermiş və müvafiq nəticə göstərmiş abituriyentlərin cavab tapmağa çalışdıqları əsas sual budur: V ixtisas qrupuna minimum keçid balı necə olacaq? Yəni V ixtisas qrupu üzrə müsabiqəyə hansı abituriyentlər buraxılacaqlar?
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, orta məktəblərin buliki məzunları üçün V ixtisas qrupuna minimum keçid balı artıq məlumdur.
TQDK-nın aparıcı məsləhətçisi Xanlar Xanlarzadə bildirib ki, builki məzunlar üçün V ixtisas qrupunda minimum keçid balı 20 bal müəyyən edilib:
“Yeni yaradılan V ixtisas qrupuna qəbul olunmaq üçün builki məzun abituriyentlər minimum 20 bal toplamalıdırlar. Yəni Azərbaycan dilindən 8 bal, riyaziyyatdan 8 bal və xarici dildən 4 bal toplamaq tələb olunur”.
TQDK rəsmisi bildirib ki, bu 3 fəndən birindən sıfır bal toplayan abituriyentlər V ixtisas qrupu üzrə imtahanlardan kəsilmiş hesab olunacaq və qabiliyyət imtahanlarına buraxılmayacaqlar. (Modern.az)
Xəbər 5327 dəfə oxunub.