Bu il iki rayonda olimpiya idman kompleksi açılacaq.
Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş respublika müşavirəsində deyib.
Nazir bildirib ki, bugünkü müşavirənin məqsədi bu yaxınlarda Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından irəli gələn məsələlər və bu il görüləcək işlər barədə fikir mübadiləsi aparmaqdır.
A.Rəhimov qeyd edib ki, bu il Beyləqan və Lənkəran Olimpiya İdman komplekslərinin və Bakının Buzovna qəsəbəsində idman zalının, Yeni Günəşli qəsəbəsində şahmat məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub: "Növbəti ildə isə Tərtər və Goranboy Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi planlaşdırılır”.
O əlavə edib ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərində mehmanxana və kotteclərdə 1291 yataq yeri mövcuddur:
"2014-2017-ci illərdə Mingəçevir "Kür” Olimpiya Tədris İdman Mərkəzində 18 138 nəfər, Şəki Olimpiya İdman Kompleksində 8010 nəfər, İsmayıllı – 6538 nəfər, Qax – 1100 nəfər, Qəbələ Olimpiya İdman Kompleksində isə 350 nəfər yerli və xarici turist yerləşdirilib və onlara yüksək səviyyədə xidmət göstərilib. Regionlarda Gənclər evlərinin tikilməsi də bizim əsas vəzifələrimizdəndir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş dövlət proqramları çərçivəsində 15-i Gənclər və İdman Nazirliyinin balansında olmaqla ümumilikdə bu günədək 40 Gənclər Evi istifadəyə verilib”.
Xəbər 577 dəfə oxunub.