Zəkat Ramazan bayramı – axşam günbatana qədər verilməlidir.
“Orucun mühüm əməllərindən biri olan zəkatın vaxtında (Ramazan ayının son günüdə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasında şərait yaradır”.
Aktual.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və Elmi-Dini Şurasının fətvasında qeyd edilir.
Bildirilir ki, fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlman ailənin hər bir üzvü fitrə zəkatı verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə zəkatı olaraq ən çox yeyilən qidaların minimum 3 kq-ı müəyyən edilib. Buna görə zəkat verənlər 3 kiloqram un və başqa ərzaq da verə bilərlər.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinsinlər. Belə ki, bu, şəriətə görə böyük günahlardandır.
Fətvada bildirilir ki, bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.