Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 374 nəfər təşkil edib.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun açıqladığı hesabatda əksini tapıb.
Qeyd olunub ki, onlardan 365-i (97,5%) Azərbaycan vətəndaşı, 9-u (2,5%) isə əcnəbilərdir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1988-ci ildən 01 oktyabr 2016-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6003 nəfər qeydiyyata götürülüb ki, onlardan 5803-ü (97%) Azərbaycan vətəndaşı, 200-ü (3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4459-u (74,3%) kişi, 1544-ü (25%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 6003 nəfərdən 2885-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2135 (74,5%) nəfər dispanser qeydiyyatındadır.
01.10.2016-cı il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3346 nəfər təşkil etmişdir ki, onların da 1561 nəfəri İNİ - olub. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 386 pasiyentdən,102 nəfərində İNİ aşkar edilib.