Bu gün “Qarabağ” Avropa Liqasında həlledici oyununu keçirəcək

Bu gün “Qarabağ” Avropa Liqasında həlledici oyununu keçirəcək
  • İDMAN

Bu gün "Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.


"Report” xəbər verir ki, Ağdam təmsilçisi V tur çərçivəsində Portuqaliya "Sportinq”ini qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 21:55-də start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin yer aldığı E qrupunda ilk matçı məhz bu komandaya qarşı olub. Lissabonda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 54-cü dəqiqədə Rafinya vurub. "Joze Alvalade” stadionunda reallaşan qarşılaşmanın 88-ci dəqiqəsində isə Jovane Kabral fərqi artırıb.

Ağdamlılar bundan sonra evdə İngiltərə "Arsenal”ına 3, Ukraynanın "Vorskla” komandasına isə 1 cavabsız qolla uduzub. Sonuncu turda Poltavada 1:0 hesablı qələbəyə sevinən Azərbaycan çempionu hazırda 3 xalla sonuncu pillədə qərarlaşıb.

"Sportinq” isə səfərdə "Vorskla”nı 2:1 hesabı ilə məğlub etdikdən sonra evdə "Arsenal”a 1 cavabsız qolla yenilib. Lakin Londondan qolsuz heç-heçə ilə dönməyi bacarıb. Lissabonlular 7 xalla 2-ci pillədədirlər və ingilislərdən 3 xal geri qalırlar. "Qarabağ”la eyni xala malik ukraynalılar müsbət top fərqinə görə 3-cü yerdədirlər.

Lissabondakı matç Portuqaliya və Azərbaycan klublarının ilk dueli kimi tarixə düşüb. İkinci qarşılaşma "Qarabağ” üçün "tamam, ya davam” xarakteri daşıyır. Ağdamlılar pley-offa yüksəlmək baxımından nəzəri şanslarını saxlamaq üçün mütləq qalib gəlməlidirlər. Qonaqlar bunu bacaracaqları təqdirdə, paralel keçiriləcək "Vorskla” – "Arsenal” qarşılaşması formallığa çevriləcək. Çünki "Sportinq” 3 xal qazanmaqla, "topçular” kimi qrupdan çıxmağı rəsmiləşdirəcək. Qonaqlar heç-heçə sayəsində də tapşırığın öhdəsindən gələ bilər. Bunun üçün Ukraynada meydan sahibləri qalib gəlməməlidir.

"Qarabağ”da əsas problem İnnosent Emeqaranın yoxluğudur. Əcnəbi forvard Azərbaycan Premyer Liqasının XII turunda "Sabah”la oyundan əvvəl isinmə hərəkətləri zamanı zədələnərək ili erkən başa vurub. Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer isə 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqlarına görə görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil. IV turda səfərdə "Arsenal”la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb. Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib. Belə vəziyyətdə "Sportinq” Bakıya 19 futbolçu ilə gəlib. Onlardan 4-ü "B” komandanın üzvləridir.

Avropa Liqası

Qrup mərhələsi, V tur

29 noyabr

21:55. "Qarabağ” – "Sportinq”

Baş hakim: Petr Ardelyanu

Yan xətt hakimləri: Petr Blajey, Tomaş Mokruş

Əlavə köməkçilər: Zbınek Proske, Emanuel Marek

Dördüncü hakim: Yan Patak (hakimlər briqadası Çexiyadandır)

Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya),

UEFA nümayəndəsi: David MkDauel Zor (Sloveniya)

Bakı Olimpiya Stadionu

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR