Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.
Aktual.az report-a istinadən xəbər verir ki, elita təmsilçiləri yeni ildə ilk rəsmi oyunlarını XV tur çərçivəsində keçirəcəklər. Həftənin matçları iki günü əhatə edəcək.
İlk görüş Zirə İdman Kompleksinin stadionunda olacaq. Qış fasiləsində təlim-məşq toplanışı üçün yollandıqları Türkiyənin Antalya şəhərində eyni oteldə məskunlaşan "Zirə" və "Sumqayıt"ın dueli maraqlı mübarizə vəd edir. Komandalar turnir cədvəlində qonşu olsalar da, arada 10 xallıq fərq var. Hazırda 30 xalla 3-cü sırada qərarlaşan zirəlilər çempionluq yarışından qopmaq istəmirlər. Lakin avrokuboklara düşməyi hədəfləyən qonaqlar da qələbə qazanmaq əzmindədirlər.
Bu kollektivlər arasında ilk iki dövrədə baş tutan görüşlərdə meydan sahibləri qalib gəliblər (3:1, 1:2). Son 4 oyunda meydanı qolsuz tərk etməyən "Zirə" evdəki son 2 matçda qələbə qazanıb. Qəsəbə təmsilçisi çempionatdakı görüşlərin balansında da üstündür: 5 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət.
Günün digər matçı turun mərkəzi oyunu statusunu daşıyır. Ötən mövsüm olduğu kimi cari çempionatda da qızıl medallar uğrunda mübarizə aparan "Qarabağ"la "Qəbələ" "Azərsun Arena"da qarşılaşacaqlar.
Mövcud tablo oyunun olduqca gərgin keçəcəyini söyləməyə əsas verir. Hazırda 37 xalla lider olan Ağdam təmsilçisi ikinci sıradakı "qırmızı-qaralar"ı 6 xal qabaqlasa da, hansısa komandanı favorit qismində ön plana çıxarmaq çətindir. Hərçənd ilk iki dövrədə meydan sahibləri qələbəni bayram edən tərəf olub (2:1, 0:1). Ümumiyyətlə, Son 7 qarşılaşmada meydan sahibi uduzmayıb. "Qarabağ" son 5 ev oyunundan xalsız ayrılmayıb. Ağdam klubu indiyə qədər çempionatda 38 dəfə üzləşdiyi qəbələliləri 17 dəfə məğlub etdiyi halda, 10 matçdan məğlub ayrılıb.
"Qarabağ" və "Qəbələ" qış fasiləsində transfer bazarında passivlikləri ilə diqqət çəkiblər. Dino Ndlovu kimi aparıcı futbolçusunu Çin klubuna satan ağdamlılar heyətə yeni sima cəlb etməyiblər. Endi Hallidey, Deyv Bulthuis, Ekiqo Ehiosun, Tellur Mütəllimov kimi oyunçularla vidalaşan "qırmızı-qaralar" isə yalnız Təmkin Xəlilzadəni komandaya götürməklə kifayətləniblər.
Mərkəzi oyun ərəfəsində "Qarabağ"ın heyətində uzun müddətə sıradan çıxan Bədavi Hüseynovla yanaşı, Qara Qarayev, Miçel Madeyra və Əfran İsmayılov zədədən əziyyət çəkirlər. Bu "üçlüy"ün meydana çıxıb-çıxmayacağı dəqiq deyil. "Qəbələ"də isə bir neçə gündür xəstə olan Cavid Hüseynovun durumu sual altındadır.
Bazar gününün ilk görüşü qış fasiləsində böyük dəyişikliklərə əl atan "Keşlə" ilə debütant "Səbail" arasında olacaq. Meydan sahibləri yeni baş məşqçiləri Yuri Maksimovun rəhbərliyi altında ilk rəsmi oyunlarına çıxacaqlar. Qış fasiləsində Kamran Ağayev, Məqsəd İsayev, Vaqif Cavadov, Pablo Podio Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna, Andre Klennon və Sezar Meza Kollini heyətə cəlb edən keşləlilər yetərincə gücləniblər. Bu transferlər daha çox Azərbaycan Kubokunda uğur qazanmağa hesablansa da, çempionat da arxa plana keçməyib. Çünki "Keşlə" son sıradakı "Kəpəz"i 1 xal qabaqladığı halda, 6-cı sıradakı "Səbail"dən 5 xal geridir.
Bu komandaların indiyədək baş tutan görüşlərində eyni nəticə qeydə alınıb. Hər iki matçda meydan sahibi olan tərəf minimal 1:0 hesabı ilə qalib gəlib.
Turun son oyununda qış fasiləsində keçirdikləri yoxlama matçlarında 1:8 hesabı ilə uduzmaqla diqqət mərkəzinə düşən "Neftçi" və "Kəpəz" üz-üzə gələcəklər. 90-cı illərdə titul uğrunda bir-birlərinə rəqib olan kollektivlər indi hədəflərindən uzaq düşsələr də, vəziyyətlərini yaxşılaşdırmağa can atırlar. Hazırda 16 xalla 5-ci pillədə yer alan bakılıların məqsədi avrokuboka düşməkdirsə, gəncəlilər "zirzəmi"dən qurtulmaq istəyirlər.
"Bakcell Arena"da baş tutacaq görüş bu kollektivlərin ölkə çempionatında yubiley - 50-ci oyunun olacaq. Əvvəlki duellərin 22-dən "Neftçi", 18-dən "Kəpəz" qalib gəlib. "Ağ-qaralar" son 2 görüşdə qol buraxmayıblar. "Sarı-göylər" isə son 3 səfərdə də rəqib qapısına yol tapa bilməyiblər. Bakılılar cari mövsümdə evdə rəqibin müqavimətini qıra bilmədiyi halda (0:0), səfərdə 3 xala seviniblər (1:0).
Azərbaycan Premyer Liqası
XV tur
10 fevral (şənbə)
16:00. "Zirə" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə İdman Kompleksinin stadionu
19:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
"Azersun Arena"
11 fevral (bazar)
15:00. "Keşlə" - "Səbail"
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
"İnter Arena"
17:30. "Neftçi" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
"Bakcell Arena"