Bu gün onun günüdü! Keşmişin, bu günün və gələcəyin müəllifi – MÜƏLLİM haqqında düşüncələr

Bu gün onun günüdü! Keşmişin, bu günün və gələcəyin müəllifi – MÜƏLLİM haqqında düşüncələr

Bir müəllimdən danışacam  - PEDAQOQ olduğu üçün!
Bir müəllimdən danışacam - MÜƏLLİMLƏR MÜƏLLİMİ olduğu üçün!
Bir müəllimdən danışacam - şagirdlərinə riyaziyyatla bərabər, KİŞİLİK də öyrətdiyi üçün!
Bir müəllimdən danışacam - bütün müəllimlərə, həkimlərə, fəhlələrə, bir sözlə, insanlara "riyaziyyatı bilmədən həyatı dərk etmək olmaz” dediyi üçün!
Əfruz Məmmədov Masallı rayonu Ə.Bəylərbəyov adına Xıl kənd orta məktəbində riyaziyyatdan dərs deyib! Halbuki O, "maarif naziri” vəzifəsindən başqa, təhsil idarəetməsində bütün vəzifələrə təqdimatlı idi - hamısından imtina edirdi: Ona Azərbaycanın akademikindən tutmuş təhsil nazirinə, elmi işçidən elmlər doktoruna, müəllimdən professora qədər hər kəs məktub yazır, telefon açır, təbrik edir, minnətdarlıqla baş əyirdi.
O, heç vaxt təltiflər həvəsində olmadı - O bilirdi müəllim üçün ən böyük təltif nədir! Bilirdi ki sağlığında "müəllimlər müəllimi”, "pedaqoq” ehtiramı göstərildi!
Bu gün onun günüdü - bu gün baba olanlardan tutmuş ta nəvəlik şərəfi gətirənlərəcən hamısına dərs deyib! İndi ölkə "müəllim günü”nü qeyd edirsə, mümkündürmü öz İLK MÜƏLLİMLƏRİNİ yada salmasınlar!?
27 ildir məktəb direktoru olan Məmməd müəllim zatən hər zaman özünə ustad saydığı Əfruz müəllimi sağlığında da, HAQQ dünyasına qovuşandan sonra da heç vaxt diqqətdən kənar qoymayıb!
Heç şübhəsiz ki, Ədalət müəllim də, Səxavət müəllim də, Alxas müəllim də, Cəmaləddin müəllim də, o biriləri də hər günkü boşluğu hiss edirlər - məgər Əfruz müəllimlə olan mükalimələrin, ondan alınan məsləhətlərin, verdiyi tövsiyələrin qarşılığımı-əvəzedicisimi tapılır yaşamlarında?
Məgər şagirdlərindən indi balaları dərsə gedənlər istər-istəməz xatırlamırmı Əfruz müəllimi - o Əfruz müəllimi ki, hər ailəyə dayaq idi: həm maddi, həm də mənəvi cəhətdən!
Bugünkü təhsil sistemində Əfruz müəllim yoxdur, ola da bilməz - ona görə ki, Əfruz müəllim BELƏ TƏHSİL SİSTEMİNDƏN uzaqlaşıb!
Amma həqiqətən də TƏHSİL ALANLARIN il 12 ay qəlblərində yaşadığı kimi, məhz bu gün də yaddaşlardan boylanır - YADDAŞLARIN MƏHƏK DAŞI kimi!!!
Əfruz müəllim olmaq üçün isə bir çox nüansları bilmək lazımdır. O nüansları yazmağı zəruri bilirəm.
Əfruz müəllim Qori seminariyasından xaric edilmiş Balabəyin şəcərəsindəndir - o Balabəyin ki, BƏYLİK TƏSDİQİNİ ("bəylik verib” təltifiylə səhv salmayın) çar Nikolay özü verib!
Bu şəcərədə bir ŞƏCƏRƏ VƏSİYYƏTİ var - "na zlo konduktora”, HAMI ALİ TƏHSİL ALMAĞA VƏSİYYƏTLİDİR!
İlkindən əgər bu, vəsiyyət olubsa, sonradan elm aləmi də, ictimaiyyət də bu şəcərənin ziyalılıq genlərinin parlaqlığına şahid olub! Hamı ali təhsilə köklənib bu şəcərədə!
Əfruz müəllim şəcərə vəsiyyətinə nəinki özü əməl edib, bütöv elin böyük bir kontingentini elmə qovuşdurub!
Aldığı təhsil ocaqlarından "fərqlənmə diplomu" ilə məzunlanan Əfruz müəllim QİYABİ TƏHSİL SİSTEMİNDƏ "FƏRQLƏNMƏ DİPLOMU”nu alan ilklərdəndir indiki N.Tusi adına APU-dan.
Əfruz müəllimin vaxtilə dərs dediyi orta məktəbdə bu gün muzey-kabineti var - nəinki Xılda, heç külli-Masallıda ANALOQU yoxdur! O muzeyin açılışına təhsil nazirinin müavini də təşrif gətirib, Milli Məclisin deputatı da! Onun barelyefinin araya-ərsəyə gəlməsində pərəstişkarı olan həmkarının da müstəsna xidməti olub - yazırıq ki, bir daha əmin olasınız: Əfruz müəllimin şagirdləri də, pərəstişkarları da Onun işığının dəyərini biliblər!
Əfruz Məmmədov böyük bir kontingentin - bir saatlıq məşğuliyyətləri yetmiş illik ibadətə bərabər olanların ustadıdır!
Əfruz müəllim yüzlərlə evin, ocağın ümidi-istinadgahı kimi xeyirxahlıq simvoludur! Əfruz müəllim haqqında teleradio dalğalarında, tezliklərində hazırlanan, milyonların dinlədiyi verilişlərin, xüsusi buraxılışların qənirsiz seçim obrazıdır!
Əfruz müəllim zamanından zamana haqqında kitab bağlanası və mütləq də bağlanacaq ustad İNSANDIR - onun "müəllimlər müəllimliyi”, "pedaqoqluğu” da İNSANLIĞINDAN boy atan VİZİT VƏRƏQİDİR!
Bu gün Onun günüdü - 5 oktyabr müəllim günü! Belə deməyə və yazmağa cəsarəti verən yenə də Əfruz müəllimin özüdür! O, öz müəllimliyi, pedaqoqluğu ilə bir daha sübut etdi ki, həyatda müəllim peşəsi ən şərəfli peşədir!
Hesab edirəm ki, Əfruz Məmmədov kimi müəllimi görəndə bu peşənin doğrudan da ƏN şərəfli peşə olduğu qənaəti yaranıb!
Müəllim rüşvət almaz və rüşvət verməz!
Müəllim ən kritik məqamda, çıxışın heç bir hardan olmadığı dönəmdə bir mayak olar!
Müəllimin məntiqi və nüfuzedici baxışı olar!
Müəllim elə bir qapı olmaz ki, onun necə və nə cür açılmağını bilməsin!
Müəllim gözünü qan tutmuş nadanla problemin həllini ağıl müstəvisinə keçirməyin metodlarını bilər, psixoloji gedişləri bacarar!
Müəllim ən sərt gedişləri edər və ağsaqqallığı qarşısında bütün vəzifə səlahiyyətləri bitər!
Bir sözlə, müəllim SÖZ SAHİBİ olar!
Əfruz Məmmədovu tanıyanlar, onunla görüşmək qismət olanlar bilir ki, bütün bu keyfiyyətlər onda vardı - onda bütün keyfiyyətlər vardı ki, adına problem deyilən nəsnələri qeyd-şərtsiz həll edirdi! Əgər indiyə qədərki problemlərdən də ötə düyünləri olsaydı, Əfruz müəllimin zəkası yetərliydi ki, onlar üçün də açar tapsın!
Bax, bu, insanlığa müəllimlik idi!
Əfruz müəllim bunu bacarırdı!
Zamanın "gəldi-gedərli” olmağına təəssüflənməyən yeganə insanlardan biri də elə Əfruz müəllim olub - O, öz yaşamıyla hamıya görk etdi: elə yaşamaq olar ki, hər zaman hörmət və ehtiramla anılıb ruhuna rəhmət oxudarsan!
Bunun ÖMRÜN QƏDƏR PAYInın NƏ QƏDƏR olmağı aydınlaşdırmaq üçün kifayətedici bir kriteriya olmasını söyləməyə isə, məncə, ehtiyac qalmır!
Bu gün Onun günüdü!
Elə bir gün ki, hamı O olmaq istəyir!
O, bu günə gəncliyində yol vermədiyi səhvlərə görə çata bilib!
Əfruz müəllimin yaşadığı gənclik də, cavanlıq da, qocalıq da bir örnək olub!
Unutmaq lazım deyil ki, o, "gəncliyini, cavanlığını, qocalığını keçirəndə” də MÜƏLLİM olub! Pedaqoqcasına edib hər şeyi! Bəlkə də çoxları üçün müəmmalı qalacaq ki, bir ömrə bütün bu olayları necə sığdırmaq olar!?
Olur, əzizlərim, olur!
Əfruz müəllim kimi həyatın bütün giriş-çıxış yollarını riyazi müstəvidən keçirəndə olur! Riyaziyyatı yaxşı biləndə olur! Riyaziyyatı bilib həyatı dərk edəndən sonra olur!
Əfruz müəllimin ən böyük uğurlarından biri də sağlığında belə, yoxluğunda haqqında kimlərin nə düşünəcəyini bilməsi kamilliyidir! O, öz əbədiyaşar gələcəyini yaşadığı hər anla möhürləmişdi: xeyirxahlıq, mərhəmət, rəhm və insan ilkinliyinin nədənini nümayiş etdirməklə!
Bunlar isə ilkinlikdən əbədiyə aparan əvəzedilməz, dəyişilməz ölçülərdir!
Bu ölçülərin fövqündə duran isə çox az nadir şəxsiyyətlər olub.
Bu gün Onun günüdür - nəvələri Elza, Afina, Təlatüm, Cahandar Ağa daşıdıqları "Əfruzzadə” soyadıyla hələ bir ömür də "Əfruz müəllim həqiqətləri”ndən öz yaşamlarında gələcəyə soraq aparacaqlar!
Bizlər qocaldıqca, hər "müəllim günü”nü, qarşıladıqca, "Əfruz müəllim ucalığı” adlanan zirvəyə daha bir addım yaxınlaşlacağıq!
Əliboş gəldiyimiz dünyadan əliboş getməməyimiz üçün elə Əfruz müəllimin keçdiyi şərəfli ömür yolundan, "müəllimlər müəllimi”, "pedaqoq” olmasından xəbərdarlığımız bizə yetərli olar, məncə.
"Müəllim günü”ndə USTAD VƏ PEDAQOQ rütbəsinə yüksəlmiş bir müəllim haqqında düşüncələrimi bölüşmək mənə bir ürək rahatlığı gətirdi - insan insanlığın böyüklüyündən faydalanmağı bacarmalıdır!

*****
ATA PALTOSU
 
Bir meşin palto var,
Atamdan qalıb,
Bilmirik kim onu geyinəcəkdir,
Bir şeyi bilirik,
Qeyrət tək alıb,
Kim onu geyinsə öyünəcəkdir.
 
Anam üç qardaşı çağırıb deyir,
Artıq böyümüsüz,
Hamı halıdır.
Paltoya,
Kim geysə
Gövdəylə deyil,
Ata qeyrətiylə sığışmalıdır.
 
Bilin ki,
Paltoya layiqəm deyən,
Sonuncu şərti də düz bilməlidir.
Paltonu əyninə götürüb geyən,
Ata yerişini yeriməlidir.
 
Çöldə səhv edəndə
Evə gəlirik,
Evdə nəzərimiz çaşır, karıxır;
Palto bizə baxır,
Elə bilirik,
Paltonun içindən atamız baxır.
 
Bu meşin paltoda qüdrətə bir bax,
Rəngi nə saralıb,
Nə də ki, solub.
Dəblər ildən-ilə dəyişir,
Ancaq
Paltom atam kimi dəyişməz olub.
 
"Ürəksiz böyüyər”-
Duyub ki, atam,
Üç oğul paltodan ətrini alsın.
Paltonu,
Bəlkə də qoyub ki, atam,
Evdə hənirtisi, istisi qalsın.
Çöldə səhv edəndə
Evə gəlirik,
Evdə nəzərimiz çaşıb, karıxır;
Palto bizə baxır,
Elə bilirik,
Paltonun içindən atamız baxır.
 
Bu palto arxadır
Atamız təki,
Həyat yollarını bizlə aşıbdır.
Üç qardaş paltonu geyinmirik ki,
Palto bizim üçün atalaşıbdır.

Aydın Canıyev
 
Redaksiyadan: Azərbaycanın təhsil sistemində çalışan, ölkəmizin və millətimizin gələcəyinin mayakı olan bütün namuslu, şərəfli ömrünü millətimizin gələcəyinə həsr edən müəllimləri təbrik edirik. Ümid edirik ki, Azərbaycanda müəllimlərin bütün zümrələrdən üstün və ali olduğu zamanlar gələcək. Ümid edirik ki, Dövlətimizin nəhayətsiz və ucsuz-bucaqsız imkanları millətimizi təşkil edən zümrənin sosial rifahının artırılması üçün lazım olan qədər səfərbər olunacaq. Ümid edirik ki, ölkə Prezidentindən küçələrdə gecələməyə çalışan "bomj”lara qədər hər bir insandan məsul olan bu şərəfli zümrə haqq etdiyi səviyyəyə qaldırılacaq.
Bayramınız mübarək, ƏZİZ MÜƏLLİMLƏR!
Biz Sizin xoşbəxt həyat tərzi keçirməyiniz üçün əlimizdən gələni etməliyik, edəcəyik!
Xəbər 3506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR