Bu gün Ramazan ayının sonuncu günü - Fitr bayramıdır.
Aktual.az Anspress.com-a istinadən xəbər verir ki, fitrə zəkatı Ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır. Həmin məbləğ bu gün gün batana kimi ayrılmalıdır.
Sabah isə fitrə zəkatını bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu mümkün olmazsa, zəkat bayram namazı qılındıqdan sonra ən qısa vaxt ərzində ödənməlidir. Fitrə zəkatının miqdarı ailədə hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. bu kimi ərzağın 3 kq dəyərindədir.
Bu bayram mərhəmət və yardımlaşma günü kimi qeyd edilir. İnsanlar məscidlərə toplaşaraq mənəvi birliyə səsləyən camaat şəklində namaz qılır. Kasıb və kimsəsizlərə, ehtiyacı olanlara maddi yardım edilir. Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, bayram namazı sabah qılınacaq.
Ramazan bayramında həmçinin rəhmətə getmiş valideynlərin, böyüklərin qəbri ziyarət edilməsi, yaşlı, xəstə insanlara baş çəkmək bəyənilən əməllərdən sayılır. Həmçinin bayramda küsülülər barışmalıdır.
Hədislərdə buyurulur ki, kim bayram günündə küsülü qalarsa, qiyamət günündə haqqın dərgahına üzü qara gələr. Odur ki, müqəddəs ayın bu son günlərində də Allah-Təalanın buyurduqlarına əməl etməklə onun rəhmətindən yararlamağa çalışaq. Günahlarımızın bağışlanması, haqq dünyamızı qazanmaq üçün.