Bu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçiriləcək.
"Report" xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin həlledici görüşündə Avropanın iki ən titullu komandası – İspaniya "Real Madrid”i ilə İngiltərə "Liverpul”u qarşılaşacaq. Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq görüş yarışın 63-cü finalı kimi tarixə düşəcək.
ÇL kubokunu qazanmaqda mütləq rekordçu olan "Real Madrid” ardıcıl 3-cü, ümumilikdə isə 13-cü dəfə çempionluq sevinci yaşaya bilər. Sonuncu dəfə 2005-ci ildə yarışın qalibi olan "Liverpul” isə 6-cı dəfə anoloji uğura imza atmaq niyyətindədir.
İspaniya təmsilçisi Kiyevdəki qələbə sayəsində ardıcıl 3 dəfə ÇL-in qalibi olmağı 2-ci dəfə təkrarlayan ilk klub olacaq. Madridlilər 1956 – 1960-cı illərdə ardıcıl 5 dəfə kuboku muzeylərinə aparıblar. Ardıcıl 2 mövsüm qitənin ən nüfuzlu turnirinin qalibi olmağı bacaran ilk mütəxəssis kimi tarixə düşən "Real Madrid”in baş məşqçisi Zinəddin Zidan rekordunu bir qədər yaxşılaşdıra bilər. 120 qolla yarışın bombardiri olan "Kral klubu”nun lideri Kriştianu Ronaldu 5-ci dəfə kuboku başı üzərinə qaldırmaq əzmindədir.
"Liverpul” daha əvvəl qitənin ən nüfuzlu klub turnirinin finalında "Real Madrid”i məğlub edə bilib. 1981-ci ildə, yarış Çempionlar Kuboku adlandığı vaxt İngiltərə təmsilçisi 1:0 hesabı ilə zəfər çalıb. Bu, "Dumanlı Albion" klublarının İspaniya komandalarını məğlub etdiyi yeganə həlledici görüşdür.
"Real Madrid” və "Liverpul” indiyədək 5 dəfə üz-üzə gəliblər və bütün oyunlar ÇL-ə təsadüf edib. Bunlardan 3-də "mersisaydlılar”, 2-də "kral klubu" qalib gəlib.
İspaniya təmsilçisi indiyədək ÇL-də iştirakçısı olduğu 15 final matçından 12-də (1956, 1957, 1958, 1959, 1960, 1966, 1988, 2000, 2002, 2014, 2016, 2017) qələbə qazanıb. Kiyevdəki görüş "Real Madrid”in 31-ci həlledici matçıdır. "Kral Klubu” qitənin ən nüfuzlu klub turniri ilə yanaşı, 1985 və 1986-cı illərdə UEFA Kubokunu qazandığı halda, 1971 və 1983-cü illərdə Kuboklar Kubokunun finalında uduzub. Həmçinin, madridlilər 2002, 2014, 2016 və 2017-ci illərdə UEFA Super Kubokunu əldə etməklə bərabər, 1998 və 2000-ci illərdə uduzublar. Nəhayət, Qitələrarası Kuboku 1960, 1998 və 2002-ci illərdə muzeyinə aparan ispaniyalılar 1966 və 2000-ci illərdə həlledici qarşılaşamada məğlub olublar.
"Liverpul” ÇL-də iştirakçısı olduğu 7 finaldan 5-də qalib gəlib. Sonuncu dəfə Türkiyənin İstanbul şəhərində baş tutan dramatik matçda İtaliyanın "Milan” komandasında qalib gələn (3:3, pen. 3:2) "mersisaydlılar” tarixləri ərzində 20-ci həlledici matça çıxacaqlar. İngiltərə klubu 3 dəfə UEFA Kubokunu (1973, 1976, 2001) və eyni sayda UEFA Super Kubokunu (1977, 2001, 2005) əldə edib. "Liverpul” 2006-cı ildə Avropa Liqasının, 1974 və 1978-ci illərdə UEFA Super Kubokunun, 1966-cı ildə Kuboklar Kubokunun, 1981 və 1984-cü illərdə isə Qitələrarası Kubokun həlledici görüşündə məğlub olub.
"Real Madrid”dən fərqli olaraq, "Liverpul”un hazırkı heyətində yer alan futbolçulardan heç biri indiyə qədər ÇL-in finalında oynamayıb. İspaniya komandasında zədəli Dani Karvahalın meydana çıxmayacağı dəqiqləşib. Naço və İskonun durumu isə sual altındadır. İngiltərəlilərin düşərgəsində isə 4 itki var. Zədəlilər - Co Qomes, Joel Matip, Emre Can və Aleks Oksleyd-Çemberlen finalda çıxış etməyəcəklər.
Madridlilərin hücumçusu Ronaldu yarışın bombardiri olmağa çox yaxındır. Portuqaliyalı futbolçunun hesabında 15 qol var. Onu "Liverpul”un forvardları – hərəyə 10 qolla Məhəmməd Salah və Roberti Firmino izləyir. Sadio Manenin hesabında isə 9 dəqiq zərbə var.
Çempionlar Liqası
Final
22:45. "Real Madrid” (İspaniya) – "Liverpul” (İngiltərə)
Baş hakim: Milorad Majiç (Serbiya)
Kiyev. "Olimpiyksi” stadionu.