Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Aktual.az xəbər verir ki, Qurban bayramı müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə - Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılıb.
Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir.
Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə istənilən gündə ola bilər.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olub.
Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.
Azərbaycanda bu il Qurban bayramı senytabrın 12-si və 13-ü qeyd edilir.