Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
"Report” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
Həftənin açılış matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı təmsilçisi debütant "Səbail”i qəbul edəcək. Bu kollektivlərin I dövrəyə təsadüf edən ilk görüşündə "qırmızı-qaralar” inamlı qələbə qazanıb – 3:1. Hazırda 19 xalla 3-cü sırada qərarlaşan meydan sahibləri bu duelin də favoritidirlər. 9 xalla 6-cı pillədə yer alan qonaqlar üçün heç-heçə də məqbul nəticə sayıla bilər.
"Keşlə” adı altında keçirdiyi ilk oyununda "Kəpəz”ə 0:2 uduzan sabiq "İnter” "Sumqayıt”la görüşə yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Zaur Svanadzenin istefasından sonra komandanın sükanı arxasına gətirilən Ramiz Məmmədov səfərdə debüt edəcək.
Meydan sahibləri "Keşlə” ilə əvvəlki 21 matçdan yalnız 2-də qalib gəlib, 12-də uduzsa da, indiki vəziyyətdə rəqibdən üstün durumdadır. Cari mövsümdə inamlı təsir bağışlayan sumqayıtlılar 13 xalla 5-ci yerdədirlər. Qonaqlar isə 8 xalla 7-ci sıradadırlar. Bu kollektivlərin ilk dövrədəki görüşündə heç-heçə qeydə alınıb – 1:1.
Azərbaycan Premyer Liqası, XI tur
4 noyabr
16:00. "Qəbələ” – "Səbail”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu
18:00. "Sumqayıt” - "Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
"Kapital Bank Arena”
Aktual.az
Xəbər 467 dəfə oxunub.