Bu dəfə deputat kim olsun – o, sən, yoxsa mən?! - Əhməd Şahidov seçkidən yazdı

Bu dəfə deputat kim olsun – o, sən, yoxsa mən?! -   Əhməd Şahidov seçkidən yazdı

Yayın son günlərini barmaqla sayırıq… Kimlər üçünsə bu sayılı günlər əmək haqqının veriləcəyi günü və ya kredit borcunun həyəcanını yaxınlaşdırırsa, başqa bir qrup insan üçün bu, ölkədə yeni dönəmin başlanğıcı və siyasi iddiaların püskürəcəyi dövrü çəkib gətirir. Təbii ki, Noyabrın 1-də keçiriləcək Milli Məclisə növbəti seçkiləri nəzərdə tuturam.

Azərbaycanda kifayət qədər böyük siyasi hadisə olan Parlament seçkiləri barədə aktiv həyəcan hiss olunmasa da, evlərdə, kafelərdə və çayxanalarda müzakirələrə artıq start verilib. Hamını indi bir sual düşündürür – bu dəfə deputat kim olacaq?!

Ciddi sualdır əslində… Çünki, xalq seçim edəcək, öz güzəranını və gələcəyini dəyişmək üçün növbəti dəfə seçim qarşısında olacaq… ən azı növbəti 5 il üçün insanlar öz müqəddəratını təyin etməli olacaqlar.

Azərbaycanda millət vəkili hər şeyə gücü çatmasa da, çox şeyi bacaracaq bir fiqurdur. Müsəlman və Şərq ölkəsi olduğumuz üçün burada da şəxsiyyətin kimliyi önəmlidir. Yəni, deputatın statusundan daha çox, onun şəxsiyyəti böyük önəm kəsb edir. Kimdir, nəçidir, savadlıdırmı, camaata canı yananmı, sözü keçən adamdırmı və sairə…

Sadə camaatın gecə-gündüz düşündükləri də məhz budur – görəsən bu dəfə bizim deputat kim olacaq?!

Çünki, vətəndaşlar öz qayğılarının həll olunmasında seçdikləri deputatların da rolunu dərk edir və daha layiqli namizədin intizarında olurlar. Hamı istəyir ki, yaşadığı şəhər, rayon, qəsəbə və dairənin deputatı tanınmış, savadlı, xalqa canı yanan və nüfuzlu bir şəxs olsun. Bilərəkdən ‘imkanlı’sözünü bura daxil etmədim, çünki deputatın var-dövlətindən sadə camaata nə fayda?! O da həqiqətdir ki, deputat öz cibindən yollara asfalt çəkən deyil, hər ay maaşından kəsib vətəndaşlara yardım etmir. O zaman deputatın varlı olmasından daha çox vicdanlı olması və insanların qayğılarını müvafiq qurumlar qarşısında qaldırması daha səmərəlidir.

İnsanların gözləntiləri isə çoxdur… Elə götürək doğulduğum Qax rayonunu. Bu yaxınlarda Qax rayonunda bir sıra görüşlər keçirdim və bir hüquq müdafiəçisi kimi yerli camaatı narahat edən məsələlər barədə maraqlandım.

Qaxda bir sıra yolların ciddi təmirə ehtiyacı var, rayonun içməli suya ehtiyacı böyükdür, gənclərin məşğuliyyət məsələsi gündəmdədir, yaşlı insanların sosial təminatını yüksəltməyə ehtiyac var, ümumiyyətlə rayon əhalisinin kredit qayğıları insanı düşündürür.

Bir hüquq müdafiəçisi kimi Qaxda keçirdiyim görüşlər nəticəsində bəzi qeydlər etdim və hazırda həmin məsələlər üzrə fəaliyyətimi davam etdirirəm.

Məni düşündürən isə tamam başqa məsələdir. Qaxda keçirdiyim görüşlərdən sonra insanlarda haqlı olsa da, müəyyən mənada qəribə sual yaranıb – Görəsən Əhməd Şahidov niyə Qax camaatı ilə görüşlər keçirir?! Deyəsən, bu il keçiriləcək Parlament seçkilərində Qaxdan namizəd olacaq…

Bax, əsas məsələ də elə budur. İnsanlar 5 il ərzində öz deputatlarından heç bir qayğı və diqqət görməyəndə, illərdir yığılıb qalan qayğıları və problemlərini deməyə deputatını tapmayanda onların içində belə bir sual yaranır – seçkiyə 2 ay qalmış niyə bizimlə maraqlanırlar?! Deyəsən bizimlə maraqlanan insan deputat olmaq istəyir!!!

İnsanları bu vəziyyətə salan isə elə həmin regionların deputatlarıdır. Hazırda Milli Məclisdə belə deputatların sayı çoxdur. Seçkiyə 1-2 ay qalmış fəallaşırlar, seçiləndən sonra isə gözdən itirlər. Lazımdırmı bizə belə deputatlar?! İnsanlara belə millət vəkilləri gərəkdirmi?!

Fərqi yoxdur bu dəfə deputat kim olacaq – o, sən yoxsa mən. Əsas olan odur ki, insanları aldatmayan, seçiləndən sonra da camaatın qayğıları ilə maraqlanan və Milli Məclisdə seçicilərinin səsinə çevrilən adam olsun!

Qısası, adam kimi adam olsun!

Əhməd Şahidov
21 Avqust 2015-ci il

Xəbər 2168 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR