Fətullah Gülən ANS-in əməkdaşına əlahiddə bir müsahibə verməyib. Bu, bir mətbuat konfransı olub ki, ANS-in əməkdaşı da digər jurnalistlərlə birlikdə burada iştirak edib. Lakin müsahibə ilə tanış olan şirkət rəhbərliyi bu mətbuat konfransına baxandan sonra və qardaş Türkiyədəki son olayları nəzərə alaraq onu efirə verməməyi qərara alıb.
Aktual.az bildirir ki, bunu Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqqında çıxardığı qərarla bağlı şirkətin baş direktoru Mir Şahin Ağayev APA-ya açıqlamasında deyib.
"Həmişə azad mətbuata dəstək olan prezidentimiz İlham Əliyevdən isə çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul - Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin".
M.Ağayev qətiyyətlə bildirib ki, anonslar, ümumiyyətlə, olmayıb və təbii ki, belə olan halda olmayan anonsların efirə getməsindən də söhbət gedə bilməz: "Elə MTRŞ-nin monitorinq xidməti bunu asanlıqla təsdiq edə bilər. Fətullah Gülən, sadəcə, mətbuat konfransı keçirib və burada iştirak etmiş xarici kütləvi informasiya vasitələri həmin tədbirdən reportaj hazırlayıb, öz internet səhifələrində fotoşəkillər yerləşdiriblər. Bu şəkillərdə ANS-in müxbiri Qənirə Ataşova da var. Azərbaycanın müəyyən saytları isə həmin şəkli öz səhifəsinə qoyub və Gülənlə müsahibənin də ANS-də gedəcəyini anons ediblər. Tam məsuliyyətlə bildiririk: ANS-də Fətullah Gülənin müsahibəsinin anonsu getməyib. Tam əminliklə demək istəyirəm ki bu saytlara ANS-dən belə bir məlumatı heç kim verməyib".
M.Ağayev bildirib ki, baş verənlərdə ANS-in də səhvi olub: "Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu, ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir. Bizi xüsusi təəssüfləndirən məqam həm də budur ki, Türkiyədə hərbi qiyam başlanan ilk saatdan ANS-in əməkdaşları fasiləsiz xəbər rejimində çalışmış, Azərbaycan tamaşaçısını hadisə rayonundan ən qaynar xəbərlərlə təmin etmişdi. Qardaş Türkiyədəki təmsilçimiz dəfələrlə hərbçilərin təzyiqi və təhdidləri ilə üzləşmiş, qiyamçıların atəşi altında çalışmışdı. Əməkdaşlarımız ən çətin anlarda belə Türkiyə və Azərbaycan dostluğunu əsas tutmuşdular. Türkiyənin Azərbaycandakı səfirliyi bu fəaliyyətimizə görə bizə təşəkkür etmişdi. Sonda belə alınmasını heç arzulamazdıq. Təəssüf... Bu gün biz həm də ANS-in milyonlarla tamaşaçısından üzr istəyirik. Ona görə ki, ANS-in bağlanmasına gətirib çıxaran addım atmış, onları nigaran və müvəqqəti də olsa, ANS-siz qoymuşuq. Biz məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına ətraflı izahat, lazımi sübut və dəlillər təqdim etmişik və inanırıq ki, tezliklə ədalətli qərar çıxarılacaq, ANS bundan sonrakı fəaliyyətində daha diqqətli və ehtiyatlı olacaq. Eyni zamanda, həmişə azad mətbuata dəstək olan prezidentimiz İlham Əliyevdən isə çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul - Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının bir ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul edib.
MTRŞ qərarını ANS telekanalının ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin "hakimiyyət tərəfindən təşkil edilən şou" olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışdığını, həmçinin ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibənin yerli və xarici KİV-lər vasitəsilə anons edilməsi ilə əsaslandırıb.
Şuranın məlumatında, həmçinin Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş edilib.