90 MJ 006 və 90 KJ 005 dövlət nömrə nişanlı maşınların sahiblərindən biri Bakı, digəri isə Xaçmaz sakinidir
Azərbaycanda qanunlar hər nə qədər sərtləşdirilsə də, bəziləri üçün xüsusi «imtiyaz»lar həmişə var. Önəmli olan odur ki, maddi imkanın geniş olsun və ya şəxsi əlaqələrində yüksək çinli məmurların adları keçsin.
JAM.AZ xəbər verir ki, qanuna görə, avtoxuliqanlıq edən şəxslər kimliyindən asılı olmayaraq, cəzalandırılmalıdırlar. Onlar üçün cərimələrlə yanaşı, sutkalıq həbs də nəzərdə tutulub. Amma bu hamıya şamil edilirmi?
Qeyd edək ki, Bakı küçələrində avtoxuliqanlıqla məşğul olan və kimsədən çəkinməyən iki maşın sahibi peyda olub. Sürücülərin yeniyetmə olduğu və sürücülük vəsiqələrinin olmadığı deyilir. Daxil olan məlumatlara görə, şəhər sakinlərinini kabusuna çevrilmiş, hətta onları səkidə yerimələrinə belə imkan verməyən avtomobillərin dövlət nömrə nişanları 90 MJ 006 VƏ 90 KJ 005-dir. Ağ rəngli «İnfiniti» markalı avtomobilin sürücüsünün etdiyi hərəkətlərə isə elə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi də göz yumur.
Bunu elə sakinlər də təsdiqləyirlər. Onlar bildirirlər ki, Nuşirəvan Səfərovun rəisi olduğu BŞDYPİ-də bu maşın sahiblərinə xüsusi «imtiyaz» tətbiq olunub. DYP əməkdaşları isə onlara yaxın belə gedə bilmirlər. Onların kimliyi ilə bağlı da dəqiq məlumatlar yoxdur. Hətta yerli DYP-lər belə 90 MJ 006 VƏ 90 KJ 005 adı gələn kimi, başlarını tutub qaçırlar. Elə bu səbəbdəndir ki, bu maşının həqiqi sahibinin kim olduğu barədə DYP açıqlama da vermək istəmir.
BŞDYPİ-nin xüsusi «imtiyaz» tanıdığ, DYP əməkdaşlarının bərk qorxduğu bu şəxslər kimlərdir? Onlar kimlərin övladlarıdır ki, kimsə bu şəxslərə söz deyə bilmir? Hətta onların əməlləri qanundan daha üstə dayanır?
JAM.AZ hər iki avtomobilin sahibini araşdırıb. Bu avtomobillərdən biri Nəsimi rayon, Vaqif küçəsi ev 5-də qeydiyyatda olan Əli Münasib oğlu Məhərrəmovdur. Digəri isə Xaçmaz rayonu, Xudat kənd sakini Nurlan Babaverdi oğlu Məmmədrəhimovdur. Bu şəxslərin konkret olaraq hansı məmurla və ya biznesmenlə qohumluq əlaqələrinin olduğu araşdırma mərhələsindədir. Yaxın vaxtlar üçün əlavə məlumatlar verməyə çalışacağıq.
// Jam.az