Bu gün MM-in iclasında millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə gündəliyə çıxarılan amnistiya aktı layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bu addımı yüksək qiymətləndirib:
"Mehriban xanım Cümhuriyyət bayramımız öncəsi belə bir layihə ilə parlamentə müraciət edib. Cənab prezidentimiz İlham Əliyevi, Mehriban xanım başda olmaqla bütün xalqımızı qarşıdan gələn bu əziz, müqəddəs bayramımız münasibətilə təbrik etmək istəyirəm. Mehriban xanım ölkəmizi beynəlxalq səviyyədə, bütün dünyada ən yüksək səviyyədə təmsil və təqdim etməklə bərabər mədəniyyətimizi, həqiqətlərimizi, eyni zamanda cəmiyyətimizdə humanizm, xeyirxahlıq, mərhəmət, anlayış duyğularının da geniş yayılması istiqamətində çox böyük işlər görür. Çünki bir cəmiyyət, bir toplum ancaq humanizm, xeyirxahlıq, mərhəmət anlayışının geniş yayıldığı şəraitdə daha da inkişaf edə bilər. Bu günki layihənin də Mehriban xanım tərəfindən təqdimatı məhz buna xidmət edir. Bu amnistiya aktı təkcə 10 min insana şamil olunmur. Onların ailə üzvlərini, yaxınlarını nəzərə alsaq bu layihənin nə qədər böyük kütlələrə xitab etdiyini görə bilərik.
Mehriban xanım bu aksiya ilə, bu layihəni artıq neçənci dəfə təqdim etməklə bu insanlarla bərabər cəmiyyətimizə də çox önəmli mesaj verirdi. Bu mesajları hər bir insanın çox doğru şəkildə oxuması gərəkdir. Birinci verilən mesaj Mehriban xanımın özünün də söylədiyi kimi bu “siz xəta etdiniz və bir səhv etdiniz, amma biz sizi bağışlayırıq, siz də bu səhvi, bu xətanı bir daha təkrar etməyəcəyinizi və cəmiyyətə yenidən uyğunlaşaraq çalışmalarınızı, fəaliyyətlinizi, həyatınızı davam etdirəcəyinizə inanırıq” mesajıdır. Görünən odur ki, indiyə qədər Mehriban xanımın təqdim etdiyi 3 amnistiya layihəsi çərçivəsində azadlığa çıxanlarla bağlı statistika göstərir ki, doğrudan da o insanların əksəriyyəti bu mesajı çox yüksək səviyyədə qəbul edir və təkrar onlar həbsxanalara düşmürlər.
İkinci bir önəmli mesaj verilir ki, ilk dəfə xəta törədən, ağır və xüsusilə ağır cinayətlər törətməmiş insanlar bu cür amnistiya aktlarının tətbiqi daha da uzun müddət həbsxanalarda qalmaqdan daha yaxşı yardım edə bilir, o insanların əksəriyyəti xilas oluna bilir.
Eyni zamanda bu cəmiyyət və ailələr üçün verilən mesajdır və mən Mehriban xanıma xüsusilə qadınlarla bağlı təşəkkür etmək istəyirəm. Ailələrə bəzən bu cür həbsxanalardan azad olunan qadınlara yanaşmada da fərqli münasibəti görürük. Biz insanları çağırırıq ki, əgər onların xətaları bağışlanırsa, insanlarımız da onları bağışlamağı bacarmalıdır və şans verməlidirlər və yenidən o insanlara öz ailəsində, cəmiyyətdə şanslar geniş şəkildə tanınmalıdır.
Yeniyetmələr üçün təşəkkür edirəm. Çünki ilk dəfə xəta törədən yeniyetmələrimizin həbsxanalarda uzun müddət qalması effekt verməz, amma bu cür yanaşma ilə onlara şans verilməsi onları yenidən cəmiyyətimizin yüksək səviyyəli vətəndaşları olmağa səsləyir və bu yolla o gənclər ailələrinə, cəmiyyətə yararlı olaraq fəaliyyətlərini davam etdirə bilərlər.
Eyni zamanda Qarabağ müharibəsinin iştirakçılarına, şəhid ailələrinə, onların yaxınlarına bu amnistiya layihəsinin tətbiqi ilə bağlı Mehriban xanıma təşəkkür edirirk. Bunun özü də verilən böyük bir mesajdır ki, Mehriban xanım aprel ayında şəhid ailələrimizlə görüşəndə verdiyi mesajın davamı da bu layihədə öz əksini tapır.
Ən vacibi də cümhuriyyət bayramı öncəsi verdiyi bu mesaj da əslində cəmiyyət üçün olduqca önəmlidir, dövlətşilik anlayışına münasibətin bir daha təzahürüdür.
Biz Mehriban xanıma bir daha təşəkkür edirik. Bu cəmiyyətimizdə barış üçün, xeyirxahlıq və anlayış dəyərlərinin artması üçün də gözəl bir addımdır. Bütün cəmiyyətimiz bu addımı dəstəkləyir və inanırıq ki, bu amnistiya aktı da yenə öz müsbət töhfələrini verəcək.